Tehran rəsmi ideologiyaya zidd təriqətlərlə mübarizəni gücləndirir Dünya

Tehran rəsmi ideologiyaya zidd təriqətlərlə mübarizəni gücləndirir

İranda nemətullahi təriqətinin Qonabadi qolu zaman-zaman müzakirə mövzusu olur və yaxın günlərdə təhlükəsizlik qüvvələri ilə təriqət mənsubları arasında gərginlik yaşanıb. Bu gərginliyin sonuncusu fevralın 4-də olub. Paramilitar qüvvələrin təriqət liderinin Tehrandakı evi ətrafında toplanmağa başlaması ilə, ictimai mediada dərvişlərlə təhlükəsizlik qüvvələri arasında toqquşma əksini tapıb.
Bölgənin təhlükəsizliyi üçün məsuliyyət daşıyan polis generalı Məsud Müsəddiq hadisə yerinə gələrək təriqət lideri haqqında hər hansı bir qərarın olmadığını və söz-söhbətin yalan olduğunu bildirib. Dərvişlər isə təhlükəsizlik qüvvələrinin ərazidən çəkildiyi halda, oradan çıxacaqlarını söyləyiblər. Müzakirələrin sonunda tərəflər razılıq əldə edib.
"Strateq" "İran Araşdırmaları Mərkəzi"nə istinadən yazır ki, İranda təriqətlərə təzyiq mövzusu uzun illərdir gündəmdədir və 2005-ci ildə Mahmud Əhmədinejadın hakimiyyətə gəlişi ilə bu söhbət güclənib. O yalnız nemətullahilərlə məhdudlaşmır. Buna görə də, fevralın 4-də əslində, İranda əhəmiyyətli bir məsələ üzə çıxıb. İranda şiəliyə söykənən İslami qanunlar ictimai, mədəni, siyasi və iqtisadi sahələri əhatə edir. 1979-cu ildə qəbul edilən yeni konstitusiya nizamın söykəndiyi dini-məzhəbi təməli təyin edib. Buna görə də, Ayətullah Xomeynin "Vilayət-e Fəqih" anlayışı xaricində bütün siyasi-dini təfsirlər müxalif mövqe sayılır.
Bu dini-siyasi konsepsiya özündən olmayan ("Qeyri-ı xodi"), fərqli ictimai, siyasi və mədəni meylləri qeyri-qanuni elan edir. Həmin səbəbdən dini fəaliyyət icra edən təriqətlərlə İrandakı rejim arasında zaman-zaman bəzi gərginliklər yaşanır. Rəsmi ideologiyanın xaricində qalan təriqət və cərəyanlar, cəmiyyəti təsirləndirmə potensialları nəzərə alınaraq asanlıqla milli təhlükəsizlik problemi sayılır.
İnqilab Rəhbəri Ali Xamneiyə görə, düşmən planlı şəkildə ölkədə gerçək irfana alternativ olan təriqətləri yayaraq, tövhid, nübüvvət, imamət və şəri hökmlər mövzusunda cəmiyyətdə şübhələr oyadıb, dini zəiflətmək məqsədi güdür. Xamnei cəmiyyətin bəzi təbəqələrinin, xüsusilə də gənclərin bu strukturlara göstərdiyi maraqla bağlı tədbir görülməsinin vacibliyini xatırladaraq, din adamları və universitet alimlərini bu məsələdə məsuliyyətlərini kifayət qədər yerinə yetirmədiyini düşünməkdədir.
Dini və təhsil müəssisələrinin bu mövzudakı zəifliyi digər təşkilatların dövrəyə girməsinə səbəb olub. O cümlədən parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası məsələni gündəminə alıb. Milli Təhlükəsizlik Komissiyasının üzvü və Saxta İrfan məktəblərini Araşdırma Komitəsinin sədri Pərviz Sərvəri əlaqədar dövlət qurumları ilə görüşlərini və alınacaq qərarların yaxın zamanda İslami Təbliğ Təşkilatına və Milli Gənclər Təşkilatına bildiriləcəyini açıqlayıb.
Üstəlik, Mədəni İnqilab Ali Şurasının 14 noyabr 2006-cı il tarixli 593 nömrəli qərarında Şura Katibliyinin dövlətin əlaqədar təşkilatları ilə əlaqəli şəkildə irfan və mənəviyyat görünüşlü azğın meyillərin meydana gəlməsinə qarşı səlahiyyətləri sadalanır. Məhkəmə hakimiyyətinə də aid olan bu qərarlar əlaqədar vahidlərin təriqətlərlə mübarizədə bütünlüklə hərəkətə keçməsini təmin edib.
İran elitası milli təhlükəsizliyin mühüm bir parçası kimi mədəni təhlükəsizliyə böyük əhəmiyyət verir. Çünki rejimin təməlini meydana gətirən mədəni-dini dəyərlərin aşınması dövləti müzakirə edilən hala gətirəcək. İnqilab Rəhbəri Xamnei düşmənin İslam İnqilabına qarşı başlatdığı "yumşaq müharibə"ni vurğulayarkən, bu savaşın ən çox mədəni sahədə yaşanmaqda olduğunu bildirir.
Mahmud Əhmədinejad dövrünün kəşfiyyat naziri Heydər Muslihi 2009-cu ildəki prezident seçkilərindən sonra yaşanan etirazlarda təriqət və camaatların izlərinə rast gəlindiyini iddia etmişdi. İnqilabçı dövlətin on iki vilayətində yalnız iki təriqət fəal idi, sonradan onların sayı 20-ni keçib. Muslihi düşmənin hakim şiə ərazilərini hədəfə aldığını və inqilabi İslam əleyhinə "mülayim İslam" layihəsi qoyduğunu bildirib.
İranın istər klassik, istərsə də müasir dövrlərində təriqət, ya da cərəyan adlandırılan müxtəlif strukturlar ortaya çıxıb. Nemətullahilərin Qonabad qolu ("Dəraviş-e Qonabad") və "İrfan həlqəsi" ("İrfan-e Həlqe") xüsusilə ön plana çıxıb. Nemətullahiyyə təriqəti adını qurucusu olan Şah Nemətullah Vəlidən (1330-1431) alıb. Sünni mənşəli təriqət olan nemətullahiyyə Səfəvilər dövründə tamamilə şiələşib. Təriqət 19-cu əsrdə kövsəriyyə, safi əlişahiyyə, şəmsiyyə, qonabadiyyə və s. qollara ayrılıb. Hazırda ən aktiv qolu olan qonabadiyyə adını Xorasan bölgəsindəki Qonabad şəhərindən götürüb.
Təriqət Xorasan bölgəsindən başqa, Tehran, Kərəc, Qum, Şiraz, Həmədan, Kirmanşah, İsfahan və Ərak kimi İranın mərkəzi bölgələrində fars və qismən kürd əhalinin sıx olduğu yerlərdə varlığını saxlayıb. Onun sözçüsü Mustafa Azmayeş, bəzi xarici mənbələrə görə, ölkədə 4 milyondan çox dərvişin olduğunu bildirib. Bu, ölkə əhalisinin təqribən 5%-inə bərabər saydır, amma rəqəmin şişirdilmiş olduğu təxmin edilir, həm də bu mövzuda rəsmi bir məlumat yoxdur.