Britaniya ehtiyatda olan hərbçiləri təlimlərə çağırıb Dünya

Britaniya ehtiyatda olan hərbçiləri təlimlərə çağırıb

Böyük Britaniya Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərə məktublar göndərərək onları Soyuq müharibə dövründən bəri ilk dəfə hərbi təlimlərdə iştirak etməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təxminən 100 min ehtiyatda olan hərbçiyə NATO-nun "Steadfast Defender" kimi təlimlərində könüllü şəkildə iştirak etmək təklif olunub. Manevrlər 2027-ci ilin yazına planlaşdırılıb. Məktublarda həmçinin əlaqə məlumatlarını yeniləmək və vəzifə, eləcə də bacarıqlar barədə aktual informasiya təqdim etmək xahiş olunur.

Qəzet qeyd edir ki, hərbi qurum bunu "münaqişə riskini azaltmağa kömək edən döyüş hazırlığı səviyyəsinin artırılmasına yönəlmiş praktiki addım" adlandırıb.

Rusiya tərəfi isə NATO ölkələri nümayəndələrinin guya Moskvadan qaynaqlanan təhlükə və alyansa hücum planları barədə bəyanatlarını dəfələrlə rədd edərək, regionda gərginliyin artmasına məhz alyansın Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu gücləndirməsinin səbəb olduğunu vurğulayıb.

Məryəm Quliyeva