Türkiyə və Ukrayna hərbi yük təyyarəsi istehsal edəcək Dünya

Türkiyə və Ukrayna hərbi yük təyyarəsi istehsal edəcək

"Miliyyət" nəşrinə istinadən xəbər verir ki, Ukraynanın "Ukroboronprom" Dövlət Konserninin "Antonov" müəssisəsi 50 ton tutumlu yeni AN-188 hərbi yük təyyarəsinin birgə istehsalı üçün Türk Havaçılıq və Kosmos Sənayesi ilə müzakirələr apardığını açıqlayıb.
Məlumata görə, Türkiyə nümayəndə heyəti "Antonov"un Kiyevdə yerləşən obyektlərini ziyarət edəcək. "Ukroboronprom"un başçısı Pavlo Bukin ilə Türkiyənin müdafiə sənayesi müşaviri İsmayıl Dəmir aprel ayında Antalyada keçirilən "2018 Eurasia Airshow" bir araya gələrək bu mövzunu müzakirə etmişdi.
"Ukroboronprom"dan verilən məlumata görə, şirkətin səlahiyyətlilərinin iyulun 16-da İngiltərədə keçirilən Beynəlxalq Aviasiya Sərgisində Türk Havaçılıq və Kosmos Sənayesinin nümayəndələri ilə yenidən görüşərək bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi yollarını müzakirə ediblər. Bəyanatda bildirilir ki, Türkiyədən bir nümayəndə heyəti tezliklə AN-188 təyyarəsinin dizaynı, istehsalı və sınaqdan keçirilməsi üçün rəsmi sənədlər hazrlamaq məqsədiylə Kiyevə səfər edəcək.
AN-188 təyyarəsinin NATO standartlarına əsasən, AN-178-in platformasında hazırlanması qərara alınıb. Dörd mühərrikli AN-188 hərbi nəqliyyat təyyarəsi hər cür hərbi təchizat, hərbi və tikinti avadanlıqları, helikopterlər, humanitar yardım və 300-ə qədər əsgərin daşınması üçün nəzərdə tutulub.
"Milliyyət" nəşrinin yazdığıan görə, Türkiyə müdafiə sahəsində əhəmiyyətli təcrübəyə malik olan Ukrayna ilə birgə hərbi layihələri həyata keçirməyi planlaşdırır. Türkiyənin ASELSAN və ROKETSAN şirkətləri ötən il Ukraynada iki müqavilə imzalayıb.
Ekspertlərə görə, Ukrayna və Türkiyə arasında hərbi-müdafiə sənayesində əməkdaşlıq Kiyevlə müharibə vəziyyətində olan Moskva tərəfindən xoş qarşılanmır. Onların sözlərinə görə, Ukraynanın hərbi gücünün artırılması istiqamətində Türkiyə tərəfindən atılan istənilən addım Rusiyada "kürəyə zərbə" kimi qiymətləndirilir. Ekspertlər Kiyev-Ankara yaxınlaşmasının Ankara-Moskva münasibətlərinə təsirsiz ötüşməyəcəyi qənaətindədirlər.