Soyuq müharibə geri qayıdır Dünya

Soyuq müharibə geri qayıdır

Soyuq müharibə yeni formatda davam edə bilər. Bu dəfə bütün tərəflər qarşı-qarşıya gələcək. Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, amma dünya artıq iki və ya təkqütblü deyil: "Dünya XIX-XX əsrlərin əvvəllərində olduğu kimi çoxqütblü formasiyasına qayıdır. Ona görə bu silahlanmaya ancaq ABŞ-Rusiya prizmasından baxılmasının tərəfdarı deyiləm. Doğrudur, Qərb yenə NATO şəklində vahiddir, amma Şərqdə daha Varşava razılaşması yoxdur. Rusiya isə artıq vahid əks qütb kimi çıxış etmək gücündə deyil. Üstəlik, Şərqdə ən güclü dövlət indi Çindir. ABŞ da Çini əsas rəqibi sayır. Rusiyaya gəldikdə isə bu ölkə ABŞ və NATO ilə silah rəqabətinə yenidən başlasa, məğlub olacaq. Daha nəhəng SSRİ bu rəqabətə dözə bilmədisə, Rusiyanın dözə biləcəyinə inanmıram".
Politoloq qeyd edib ki, son dövrlərdə NATO daxilində ABŞ-Böyük Britaniya-Avropa Birliyi-Türkiyə arasında ciddi problemlər yaşanır: "Breksit, kürd problemi, Rusiya ilə gərginlik, FETÖ, İrana qarşı sanksiyalar və s. məsələlərə NATO-da olan müttəfiqlər arasında yanaşma fərqlidir. Üstəlik Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa ABŞ-dan müstəqil siyasət yürütməyə başlayıb. Bu tendensiya isə ABŞ-ın xoşuna gəlmir. Lakin vəziyyətin belə alınmasında Tramp Adminstrasiyasının kifayət qədər günahı var".
Politoloqun sözlərinə görə, ABŞ siyasi elitasında da qarşıdurma yaşanır: "Bu davam edənə qədər ABŞ xarici siyasətində ziqzaqvarilik davam edəcək. Bütün bunlara əlavə olaraq İran, Braziliya, Şimali Koreya, Yaponiya, İsrail kimi dövlətlərin də artan siyasi, iqtisadi, hərbi iddialarını nəzərə alsaq, yuxarıda qeyd etdiyiniz soyuq müharibə daha fərqli müstəvidə olacaq".