Qərb Rusiya təhdidinə qarşı yeni planlar hazırlayır Dünya

Qərb Rusiya təhdidinə qarşı yeni planlar hazırlayır

Ciddi həyəcan içərisində olan Qərb Rusiya təhdidinə qarşı yeni planlar hazırlayır. Bunu Polşanın ABŞ-dan 414 milyonluq HİMERS raket sistemləri almağa hazırlaşması haqda danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. "ABŞ Rusiyanı Kalininqradda yeni İsgəndər-M, Belarusda isə orta mənzilli qanadlı raketlər yerləşdirməkdə günahlandırır. Ona görə də ABŞ orta mənzilli nüvə raketlərinin məhv edilməsi ilə bağlı müqavilədən 6 ay sonra çıxacağını bəyan edib. Əslində, bu müddət Rusiyanın reaksiyasını yoxlamaq məqsədi daşıyır. Rusiya isə müqaviləyə əməl etmir və əks ittihamlarla ABŞ-ı günahlandırır. Beləliklə, dünya yenidən sürətlə silahlanma yarışına qədəm qoyur. Bu yarışı ilk kimin başlatdığını söyləmək çətin olsa da, hər halda Putin üçüncü dövr prezident seçildikdən sonra Rusiyanın nüvə arsenalını möhkəmləndirməyə başlayıb", - Q.Hüseynli bildirib.
Politoloq qeyd edib ki, Çinin kəskin mövqeyi bu prosesi daha da körükləyir: "Çin yerüstü nüvə vasitələrinin artırılmasına və kosmosda süni peyklər vasitəsilə kütləvi qırğın silahlarının yerləşdirilməsinə böyük vəsaitlər ayırır. NATO ilə Varşava Müqaviləsi bloku arasında 70-ci illərdən başlamış bu silahlanma ikincinin sıradan çıxmasına gətirib çıxardı. Beləliklə, ikiqütblü dünyadan birqütblü dünyaya keçid baş verdi. Ona görə də ciddi həyəcan içərisində olan Qərb Rusiya təhdidinə qarşı yeni planlar hazırlayır. Bu yaxınlarda Avropanın 30-a yaxın Nobel mükafatı laureatı dünya xalqlarına müraciət edərək, Avropa sivilizasiyasının rus təhlükəsi qarşısında olduğunu təsadüfən bəyan etmədi. Bu, Avropanın Rusiya tərəfindən işğalı ehtimalına dair həyəcan təbili idi. NATO dövlətlərinin milli gəlirlərinin 2 faizindən çoxunu hərbi xərclərin artırılmasına ayırması da məhz bundan xəbər verir. Bu mənada Polşa və Çexiyanın buna daha tez reaksiya verməsi diqqətdən yayınmır. Əgər Rusiya 6 ay müddətində müqaviləyə riayət etməsə, ABŞ Avropa ərazisində öz qanadlı raketlərini yerləşdirəcək. Bütün bunlar isə gərginliyi artıracaq və nüvə təhdidi üzərindən siyasətin inkişafına gətirib çıxaracaq".
Qeyd edək ki, Polşanın ABŞ-dan 414 milyonluq HİMERS raket sistemləri almağa hazırlaşır. Məsələyə dərhal reaksiya verən rusiyalı senator Oleq Morozov isə bildirib ki, Kalininqrad bölgəsi xaricində belə bir raketlərin xəyal edilməsi belə çətindir.