İran ABŞ-ı qıcıqlandırdı - Müharibə gözlənilir Dünya

İran ABŞ-ı qıcıqlandırdı - Müharibə gözlənilir

15 may

İran nüvə razılaşmasındakı bəzi öhdəliklərini rəsmi şəkildə dayandırıb.

Bu barədə İran Milli Təhlükəsizlik Şurası qərar qəbul edib.

Xəbəri İranlı Tələbələr Xəbər Agentliyi (İSNA) yayıb.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ABŞ-ın nüvə razılaşmasından çıxmasının ildönümü ilə bağlı çıxışında razılaşma ilə məhdudlaşdırılan 300 kq-dan ağır zənginləşdirilmiş uranın və ağır suyun 130 tondan çoxunun xarici ölkələrə satılmaması öhdəliyini 60 gün müddətinə dayandırdıqlarını açıqlamışdı. Prezident bunu Vaşinqtonun sanksiyalarına cavab olaraq edəcəklərini bildirmişdi.

Xatırladaq ki, İran 2015-ci ildə 5+1 ölkələri (ABŞ, Fransa, Almaniya, İngiltərə və Avropa İttifaqı) nüvə razılaşması imzalamışdı. ABŞ 2018-ci ildə razılaşmadan təktərəfli çəkilərək İrana qarşı sanksiyaları bərpa etmişdi.

İranın dini lideri Əli Xamenei deyib ki, müdafiə silahlarımızla bağlı müzakirə aparaq və uzaqmənzilli raketlərimizin mənzillərini qısaldaq: “Deyirlər ki, əgər biz sizə vursaq, siz bazalarımızı vuracaq gücə sahib olmayın və cavab verəcək səviyyəyə gəlməyin. Əlavə olaraq, bölgədəki strateji dərinliyinizlə bağlı danışaq və siz bundan imtina edin”.

Dini lider İran prezidenti Həsən Ruhani, Milli Məclisin spikeri Əli Laricani, baş prokuror İbrahim Rəisi başda olmaqla ölkənin öndə gedən siyasətçi və hərbi nümayəndələri iftar yeməyinə qatılıb.

Xamanei çıxışında bildirib ki, hazırkı mövqeyindən imtina etmədiyi müddətdə ABŞ İranla müzakirə masasına otura bilməyəcək və İranın qəti qərarı dirəniş olacaq:

“İran da, ABŞ da müharibə istəmir, bu mübarizə sadəcə iradələrin toqquşmasıdır. Bizim iradəmiz daha güclüdür. Bu mübarizədə ABŞ geri addım atmaq məcburiyyətində qalacaq. Hərbi mübarizə yoxdur, çünki müharibə olmayacaq. ABŞ hazırkı mövqeyini davam etdirdikcə müzakirə zəhərdir. Bugünkü ABŞ hökuməti ilə aparılacaq müzakirə ikiqat zəhərdir. ABŞ-ın hədəfə qoyduğu şey bizim gücümüzdür. Mənfəətçi insanlarla aparılacaq müzakirə təməldən yanlışdır” – Xamenei qeyd edib.

Dini lider vurğulayıb ki, ABŞ öz daxilində sosial və iqtisadi böhranlarla boğuşur: “Hökumətin vahid mövqeyi yoxdur. Hərə çıxıb gündə bir şey deyir. Düşməni o qədər də böyütməyin. Düşmən gücsüzdür, çarəsizdir deyilməz, amma onların da problemləri var. O qədər də güclü deyillər. ABŞ-ın da, Avropa İttifaqının da Asiya ölkələrinə qarşı qoyduğu siyasət özlərinə zərər vuracaq. Mütəxəssislər bildirir ki, bu təzyiq regionda iqtisadi sıçrayışa səbəb olacaq”.

ABŞ Milli Maraqları Mərkəzinin xarici siyasət üzrə mütəxəssisi Paul Saunders isə Patrik Şanahanın İranı hədələyən ultimatumuna şərh verərkən deyib ki, ABŞ və İran arasında gərginlik artdıqca, Pentaqonun fövqəladə planlarını yenidən yoxlamağı və yeniləməyi gözlənilən idi.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyindən bir çox şərti öhdəliyin planlaşdırılması tələb olunur:

“İran əhəmiyyətli hərbi imkanları olan mühüm bir regional güc olduğundan müdafiə rəsmiləri planlaşdırmada bunu nəzərə almalıdırlar. Əlbəttə ki, bu da öz növbəsində İran liderlərinə Birləşmiş Ştatların İranın ABŞ-ı təhrik etməsi üçün cavab verməyə hazır olduğunu göstərir”.

Qeyd edək ki, ABŞ müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahan İranın nüvə silahının hazırlanmasını sürətləndirəcəyi və amerikalı hərbçilərə hücum edəcəyi təqdirdə, ABŞ-ın Yaxın Şərqə 120 minə qədər hərbçi göndərə biləcəyini açıqlayıb. Maraqlısı odur ki, həmin sayda hərbi kontingent 2003-cü ildə İraq istilası zamanı səfərbər olunmuşdu.

Amerikalı senator Tom Kotton isə “Firing Line” proqramında çıxışı zamanı deyib ki, İran üzərində qələbə qazanmaq üçün ABŞ-a 2 zərbə endirmək kifayətdir.

“Bəli, 2 zərbə lazımdır. Birinci və sonuncu zərbə...” - Kotton bildirib.

Onun sözlərinə görə, İranla qarşıdurmaya bu ölkənin ABŞ əsgərlərinə və ya müttəfiqlərinə hücumu səbəb ola bilər.

Bu arada Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığı məlumat yayıb ki, Birləşmiş Ştatlar ordusu İran tərəfindən gözlənilən potensial təhlükə səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini artırıb.

"Mərkəzi komandanlıq "Sarsılmaz qətiyyət" əməliyyatı ilə koordinasiya şəklində İraq və Suriyadakı əməliyyatlarda iştirak edən bütün qüvvələr üçün güc mövqeyi səviyyəsini artırıb. Əməliyyat yüksək həyəcan səviyyəsindədir və biz ehtimal ki, bilavasitə İraqdakı ABŞ qüvvələrinə qarşı gözlənilən təhlükələri yaxından izləyirik", — deyə idarənin məlumatında bildirilir.

Hərbi ekspert Üzeyir Cəfərov ABŞ-ın İranla müharibəyə hazırlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, ABŞ dünya qarşısında öz məsuliyyətin anlamalı və İranı müharibəyə sövq etməməlidir.

O qeyd edib ki, ABŞ İrana hücum etsə, rəsmi Tehran buna çox sərt cavab verəcək:

“ABŞ dünyanın aparıcı gücü olan ölkələr sırasında ön sıradadır, lakin İran da zəif dövlət deyil. Rəsmi Tehran birbaşa bəyan edib ki, ABŞ gəmiləri sərhədi pozarsa, dərhal vurulacaq. İran dəfələrlə bildirib ki, biz ABŞ-ın bütün hücumlarına sərt şəkildə cavab verəcəyik. Nəzərə almaq lazımdır ki, İran Fars körfəzində kifayət qədər böyük gücə malikdir. Həmçinin İrana ABŞ-a qarşı olan ölkələrin dəstək olacağı da şübhəsizdir. Buna görə ABŞ bu məsələni daha dərindən düşünməli və ona görə addım atmalıdır. Bütün bunlara baxmayaraq, müharibə olsa, bu, hər iki ölkə üçün böyük fəlakətlərə səbəb olacaq. Hesab edirəm ki, ABŞ xalqı bunu bağışlamayacaq və bu müharibə Trampın sonunu gətirəcək”.

Ekspert ABŞ və İran arasında olan gərginliyin Trampın siyasəti ola biləcəyini deyib:

“Trampın daha öncə də şahid olduğumuz bir siyasi üsulu var: əvvəlcə təzyiq göstərir, daha sonra təkliflər irəli sürür. Necə ki, Şimali Koreya lideri Kim Çen İn ilə müharibə həddinə gəlib çatdıqdan sonra təkliflər irəli sürüb, müəyyən razılaşma əldə etdi. Daha sonra Şimali Koreyanı ABŞ-ın yaxın dostu elan etdi. İranla da belə bir hadisənin yaşanması təəccüblü olmaz. Bu məsələdə də belə edə biləcəyini gözləmək olar. Trampın əsas məqsədi İranı sıxışdırmaq və ondan nə isə qoparmaq da ola bilər”.