Putinin Şimali Qafqaz qorxusu Dünya

Putinin Şimali Qafqaz qorxusu

Rusiyanın separatizm siyasəti artıq onun özünə qarşı çevrilir

Cavid

Rusiyanın şimalında vəziyyət yenidən gərginləşib. Mücahidlər yenidən Şimali Qafqazda silaha əl atıblar. Bölgədə hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, Soçi olimpiadasından sonra Şimali Qafqazda yenidən müharibənin başlaya biləcəyi barədə bir müddət əvvəl irəli sürülən proqnozlar reallaşır.
Xatırladaq ki, Soçi Olimpiadası başlanmazdan öncə ABŞ-ın nüfuzlu "Foreign Policy" jurnalı 2014-cü ildə qlobal sabitliyi təhdid edəcək münaqişələrin siyahısını hazırlayıb. Siyahıya artıq hərbi münaqişələrin davam etdiyi ölkələrlə yanaşı vəziyyətin gərginləşməyə doğru getdiyi münaqişə ocaqlarına malik ölkələr də daxil edilib. Jurnal belə regionlardan birinin də Şimali Qafqaz olduğunu yazıb. Məqalədə bildirilir ki, Soçi Qış Olimpiya Oyunlarından sonra bu regionda irimiqyaslı hərbi münaqişə başlaya bilər. Mücahidlərin yenidən fəallaşması Şimali Qafqazda vəziyyətin nəzarətdən çıxmasına və müharibəyə gətirib çıxaracaq.
Qeyd edək ki, iki gün öncə İnquşetiyanın Nazran şəhərində mücahidlər Rusiyanın Daxili Qoşunlarına hücum ediblər. Nəticədə bir əsgər ölüb, ikisi yaralanıb. Bundan başqa FTX-nin (FSB) İnquşetiyadakı ən gizli şəxslərindən biri mücahidlər tərəfindən qətlə yetirilib. Bu barədə informasiyanı Qafqaz mücahidlərinə yaxın saytlar yayıb. Qətlə yetirilən şəxsin adının Rüstəm Ajiqov olduğu deyilib. Mücahidlər həmçinin bu şəxsi uzun müddət izlədiklərini bildiriblər. Məlumatda öldürülən şəxsin "ölüm eskadronu"nun üzvü olduğu söylənilib. Onun İnquşetiyanın paytaxtı Nazran şəhərində adi biznesmen siması ilə məskunlaşdığı vurğulanıb. Onu da qeyd edək ki, Rusiya prezidenti V.Putin bu bölgənin rəsmi Moskva üçün təhlükə mənbəyi olduğunu bilərək qabaqlayıcı addımlar atıb. Belə ki, bir müddət öncə Putinin sərəncamı ilə Şimali Qafqaz Nazirliyi yaradılıb. Artıq qurumun yeni naziri Krasnoyarsk vilayətinin qubernatoru Lev Kuznetsov təyin edilib. Putin bununla da Şimali Qafqazda azadlıq mübarizəsinin qarşısını almaq niyyətində olub. Lakin bu bölgənin əhalisi Rusiyanın imperialist siyasətindən qurtulmaq üçün illərdir ki, mübarizə aparır.
O da faktdır ki, Qafqaz regionunda geosiyasi vəziyyətin sürətlə kəskinləşdiyi müşahidə edilir. Şimali və cənubi Qafqazda gərginliyə aparan proseslər birbaşa bir-biri ilə əlaqəli deyil. Ancaq bütövlükdə regiona xeyli dərəcədə riskli faktorların təsiri artır. Yaxın və Orta Şərqdə ümumi vəziyyətin kəskinləşməsi fonunda bu, narahatedicidir. Şimali Qafqazda təhlükə yaradan əsas faktor terrordur. Rusiyanın rəsmi dairələri burada yaranmış vəziyyətdən narahatlıqlarını bildirirlər.
"Nezavisimaya qazeta" Rusiya Müdafiə Nazirliyinə istinadən yazır ki, əgər Qafqazda hərbçilərə hücum halları davam etsə, ordu hadisələrə müdaxilə edəcək. Amma ekspertlər bu addımın bölgədə vəziyyəti uzun müddətə sabitləşdirəcəyinə ümid etmirlər. Tarix elmləri doktoru Vladimir Popov hesab edir ki, ordunun işə qarışması müvəqqəti effekt verə bilər. Qafqazdakı hadisələri xeyli müddətdir ki, öyrənən alim problemin daha dərinlərdəki faktorlardan qaynaqlandığını söyləyib. Cənubi Qafqazda rus ordu komandanının müavini olmuş general-leytenant Yuri Netkaçev bəyan edib ki, bu cür vəziyyət üçün xüsusi hazırlanmış hərbi hissələr fəaliyyətə başlamalıdır. Rusiya hərbi dairələrinin Şimali Qafqazdakı vəziyyətdən narahatlıq keçirmələrini başa düşmək olar. Çünki son zamanlar həmin ərazilərdə nəinki terror aktları intensivləşib, həm də bəzi yerli rəhbərlər arasında ixtilaflar güclənib.
Dağıstan, Çeçenistan, Kabardin-Balkar və digər respublikalarda demək olar ki, hər gün silahlı toqquşmalar baş verir. Bunların fonunda isə Çeçenistan və İnquşetiya rəhbərləri bir-birini ittiham edirlər. Tərəflər terrora qarşı lazımi səviyyədə mübarizə aparılmadığını iddia edirlər. R.Kadırov və Y.Yevkurov qarşılıqlı olaraq bir-birini günahlandırırlar. "Utro.ru" elektron nəşri hesab edir ki, bu cür münasibət yalnız Kadırov və Yevkurova xas deyil. Ümumiyyətlə, Şimali Qafqazda indiki və keçmiş rəhbərlər arasında münasibətlərin kəskinləşməsi regionda gərginliyin artmasına səbəb ola bilər. Həmin qənaəti "Utro.ru" Qərbin Rusiyaya qarşı hazırladığı planlarla əlaqələndirir. Konkret olaraq, Suriya və İrandan sonra növbənin Rusiyaya çatacağını iddia edir. Bu, artıq bütövlükdə Qafqaza aid olan məsələdir. Həmin müstəvidə Cənubi Qafqazla bağlı baş verən hadisələrə nəzər saldıqda düşündürücü məqamlar meydana çıxır.
Şimali Qafqazda gərginliyin artırılması ilə Cənubi Qafqaz ətrafında baş verənləri xəyalən bir müstəviyə gətirsək, riskli mənzərə alınır. Onu da deyək ki, bəzi ekspertlər Şimali Qafqazdakı terrorçuları Gürcüstan və Azərbaycana sıxışdırmaq prosesinin aparıldığını iddia edirlər. Bu bölgənin xaosa düşməsində kimlər maraqlıdır. İndi bu barədə dəqiq fikir yürütmək çətindir. Ancaq belə bir cəhdin edildiyi yuxarıdakı qısa müqayisələrdən də görünür. Politoloq Qabil Hüseynli bildirib ki, Rusiya zəiflədikcə, Qafqazda mövqeyini sürətlə itirəcək. O, Şimali Qafqaz xalqlarının Rusiyaya ediləcək təzyiqlər fonunda yenidən ayağa qalxmağa hazır olduqlarını bildirib: "Hesab edirəm ki, Rusiya zəiflədikcə Qafqazda mövqeyini sürətlə itirəcək. Şimali Qafqaz xalqları Azərbaycanla Rusiya arasında bufer rolunu oynayır. Şimalda çeçenlər artıq təşkilatlanmaqdadırlar. İnquşlar da, avarlar da eyni prosesi keçirirlər. Dağıstanda ümumi narahatlıq var. Şimali Qafqazla bağlı əsas məsuliyyəti Səudiyyə Ərəbistanı öz üzərinə götürüb. Ərəbistan burada vəhhabiliyi yaymaqla bu xalqları ayağa qaldırmaq istəyir. Bu bir az arzu olunan şey deyil. Amma hər halda, bölgəyə silah-sursat, maddi vəsait göndərilməsi ABŞ-la danışıqlar nəticəsində Səudiyyə Ərəbistanının üzərinə qoyulub. Yəqin ki, Şimali Qafqaz Azərbaycan üçün də mühüm rol oynayacaq. Cənubi Qafqazda Rusiyanın təsiri demək olar ki, itiriləcək. Şimali Qafqazda faktiki olaraq ikinci cəbhə var, amma onun hələlik ikinci Cövhər Dudayevi yoxdur".
Buna baxmayaraq, mücahidlər arasında ciddi simaların yetişmə şansını dəyərləndirən politoloq Qərbin indiki məqamda bu faktdan istifadə edəcəyini istisna etmədi: "Mücahidlərin arasında inamlı, əqidəli adamların sayı çoxdur. Onlar Cövhər Dudayev səviyyəsində olmasa da, Şamil Basayev, Aslan Məshədov, Zəlimxan Yandarbayev səviyyəsində xalqların milli azadlıq hərəkatına mühüm köməklik etmiş olacaqlar".
Onu da bildirək ki, Kreml Şimali Qafqazı hərbi deyil, mülki bir layihə ilə fəth etmək üçün federal region elan edib və başına da Aleksandr Xolopinin gətirib. Bu isə üsyançıların və ümumilikdə əhalinin etirazına səbəb olub. Putin hakimiyyəti bütün vasitələrlə Şimali Qafqazda nəzarəti əla almağa can atır. Həqiqət budur ki, 42 mini uşaq olmaqla, 250 min insanın öldürüldüyü Çeçenistandakı müharibənin artan təsirləri davam edir. Hətta üsyan forma dəyişdirib, bütün Şimali Qafqazı cəbhəyə çevirməyə başlayıb.
1999-cu ildə ikinci Çeçenistan işğalı sayəsində iqtidarı ələ keçirən Putin Qafqazda sabitliyi təmin etmiş şəxs olaraq zehinlərə həkk olunmaq istəyirdi. Əəvvəlcə, Ramazan Qədirovun əllərinə dəmir əlcək geyindirib, müharibəni "çeçenləşdirən" Putin ardından da 16 aprel 2009-cu ildə 10 illik müharibəni tək tərəfli "bitirdi". Amma həqiqətdə Çeçenistanda Kadırov üsyanı zorakılıqla yatırmağa çalışdığı halda, tempi aşağı düşmüş müharibə Dağıstan və İnquşetiya kimi bölgələrə transfer oldu. Üsyan nəzarətəalınmaz müstəviyə keçdi. Müstəqillik tərəfdarı olan Doku Umarov "Çeçen-İçekeriya prezidentliyini" buraxıb 2007-ci ildə Qafqaz Əmirliyi yaratdı. Hədəf artıq "müstəqil Çeçenistan" deyildi, bütün Qafqazda "müstəqil İslam dövləti" yaratmaq idi. Qafqazın xəritəsinə də əl gəzdirib "Dağıstan", "Noxçiço" (Çeçenistan), Qalqayço (İnquşetiya), İriston (Osetiya), Çeçenistan, Dağıstan və Stavrapoldan ibarət "Noqay çölü" və "Birləşmiş Kabardina Balkar və Qaraçay" deyə vilayətlər yaratdı. Hazırda Şimali Qafqazın hər yerində üsyançılar var. Rus rəsmiləri bu sayın 200 olduğunu deyir. Amma bu önəmli deyil. Önəmli olan odur ki, Şimali Qafqazda bu qədər təzyiqlərə və dirənişlərə rəğmən Rusiyaya dirənişin coğrafiyası genişlənir.
Politoloq Vəfa Quluzadənin fikrincə isə artıq yüz illərdir ki, Rusiya Qafqaz problemini həll edə bilmir: "Qafqaz xalqları azadlıq sevəndirlər, bunun üçün canlarından da keçərlər".
O bildirib ki, Şeyx Şamildən başlayan azadlıq müharibəsi indi də davam edir: "Rusiya regiona nə qədər qoşun, texnika yeridib, xüsusilə çeçenlərin əleyhinə dəfələrlə vakuum bombalarından istifadə edib, amma heç bir nəticəsi olmayıb".
Vəfa Quluzadə gələcəkdə Şimali Qafqazda vəziyyətin ən kritik həddə gərinləşə biləcəyini də istisna etmir. O, bildirib ki, Rusiyanın regionda həyata keçirdiyi soyqırım, işğal siyasəti proseslərin gərginləşməsi üçün qızışdırıcı katalizator rolunu oynaması mümkündür: "Gələn xəbərlərdən bəlli olur ki, Şimali Qafqazda əhali qorxu altında yaşayır. Rusiyanın xüsusi təyinatlıları "vəhabi" damğası ilə bölgədə istədiyi hərəkətləri icra edirlər. Zaman-zaman qafqazlıların müqaviməti gah artır, gah da azalır. Amma bir gün tamam başqa cür ola bilər".
Politoloq onu da bildirib ki, Rusiya oyun qaydalarını pozdu. Məsələn, Çeçenistan müharibəsi zamanı Putinin qələbəsində Qərbin də rolu oldu: "Qərb istəyirdi ki, Rusiyada sabitlik olsun. Ona görə də mücahidlərin maliyyələşdirilməsi, silahların verilməsi dayandırıldı. Şayiələr gəzirdi ki, bunu ərəb ölkələri edib. İndi Rusiya Ukraynaya hücum edir. Bu, oyun qaydalarının pozulmasıdır. Avropanın ortasında Rusiya müstəqil dövlətə təcavüz edir, onun ərazisini özünə ilhaq edir. Ona görə Rusiyaya qarşı da oyun qaydaları tamamilə dəyişir. Əgər Qərb əvvəllər Şimal Qafqazda döyüşün səngiməyini istəyirdisə də, indi bunda maraqlı deyil. Bundan da mücahidlər bəhrələnə bilərlər. Yenə də maliyyəyə və silaha əlləri çata bilər. Şimali Qafqazda yenidən partizan müharibəsi dirçələr. Onsuz da bu səngiməmişdi. Sadəcə, çox zəifləmişdi. Çünki səbəblər aradan qaldırılmayıb. Şimali Qafqaz xalqları öz adət-ənənələri və dinləri ilə yaşamaq istəyirlər. Bunun qarşısını alan Rusiyadır. Əgər onların silah-sursatı və ya heç olmasa maliyyəsi artırılsa, mücahidlər döyüşəcəklər".