İran ordusu Təbriz şəhərini dezinfeksiya etməyə hazır olduğunu bildirib Dünya

İran ordusu Təbriz şəhərini dezinfeksiya etməyə hazır olduğunu bildirib

İran Ordusu koronavirusun yayılmasının qarşısını almaq üçün Təbriz şəhərində geniş dezinfeksiya işləri aparmağa hazır olduğunu bildirib. 25-ci Xüsusi Qüvvələr Briqadasının komandiri briqadir-general Əmir Hüseyn Şəfii bu haqda Şərqi Azərbaycanda fəaliyyət göstərən “Nasr News” internet protalına məlumat verib.
Komandir ordunun Təbrizdə şəhər boyunca dezinfeksiya işləri aparmaq üçün yetərli qüvvə və təchizata malik olduğunu vurğulayıb.
“Ordu bütün təchizat və vəsaiti ilə əhalinin xidmətindədir və hərbi iyerarxiyanın göstərişi ilə Təbrizin ümumi məkanlarında geniş dezinfeksiya işlərini aparmağa hazırıq,” deyə briqadir-general Şəfii söyləyib.
Sosial mediada bəzi istifadəçilər İran İslam Respublikasının koronavirus təhlükəsi fonunda bəzi bölgələrdə hərbi vəziyyətin elan olunması ehtimalını önə çəkirlər. Təbriz millət vəkili və İran parlament sədrinin birinci müavini Məsud Pezeşkiyan isə keçən gün höküməti koronavirus təhlükəsi ilə bağlı “qətiyyətli və hərbi qaydada” ölçülər götürməyə çağırıb.
Bəzi millət vəkilləri daxil olmaqla, İranın müxtəlif vilayətlərində siyasi və ictimai fəallar İslam Respublikasının koronavirus epidemiyası ilə ciddi şəkildə mücadilə etmədiyi üçün tənqid edirlər.