Kabinet qurulur, amma bizə yer vermirlər - Türkman lider Dünya

Kabinet qurulur, amma bizə yer vermirlər - Türkman lider

İraqda hökumət kabineti qurulacaq. Bizə - İraq türkmanlarına isə bu kabinetdə yer verilmir.
Bu sözləri Axar.az-a açıqlamasında iraqlı jurnalist-yazar, Türkmaneli Partiyasının icraçı üzvü Məhməd Haşim Salehi türkmanların İraqdakı durumu ilə bağlı danışarkən deyib. O bildirib ki, sayca az olan xristianlara kabinetdə yer ayrıldığı halda, türkmanlar bu hüquqlarından istifadə edə bilmirlər:
“2003-cü ildən sonra qurulan bütün kabinetlər İraq türkmanlarına zülm etdilər. Bu gün İraqdakı türklər ölkədə qurulan Nazirlər Kabinetində yer almaq üçün çaba göstərirlər. Hazırda İraqda hökumət yoxdur. İraqda millət ayağa qalxdı, yürüş etdi və əvvəlki hökuməti devirdi. Bundan öncəki baş nazir Adil Əbdülmehdi istefaya getdi. O, bir çox haqsızlıqlar edirdi, ona görə də millət bunu istədi. Qanunlar çox çətindir. İraq zəngin olmasına baxmayaraq, insanlar acından öləcək qədər çətinlik çəkirlər. İşsizlik baş alıb gedir, sənaye yoxdur. Ölkədə istifadə edilən hər şey xaricdən - Türkiyə, İran, elektronika isə Çindən gətirilir.
Türkmanlar İraq vətəndaşı olduğu, bu ölkənin kimliyini daşıdığı, tarixində rol oynadığı üçün yeni hökumətdə yer almaq istəyir, bu problemə həll yolu tapmağa çalışırlar. Hazırda bütün türkman partiyaları namizəd irəli sürürlər ki, onlar arasında bir nəfər seçilsin və hökumətdə türkmanları təmsil etsin. A.Əbdülmehdinin yerinə gələn Məhəmməd Taufik Əllavi bildirdi ki, türkmanlara 1 yer ayrılacaq. Amma İraq parlamenti Əllavini də qəbul etmədi. İndi İraqda böyük bir boşluq var. Parlament təsdiqləmədiyi üçün hazırda İraqın baş naziri yoxdur. Buna görə kabinet də qurulmayıb”.