Balasanyan: Moskva və Tehranla razılaşdım, İrəvana vaxt verdim Dünya

Balasanyan: Moskva və Tehranla razılaşdım, İrəvana vaxt verdim

Birmənalı şəkildə deyirəm ki, Rusiya və İran bizim daxili işlərimizə qarışmayacaqlar. Mən 2019-cu ilin yayında bu ölkələrin yüksək vəzifəli məmurlarıyla görüşmüşəm. Bizim hərbi, siyasi və iqtisadi baxımdan şifahi razılaşmalarımız var və əminəm ki, mən “prezident” seçilsəm, biz onları həyata keçirə biləcəyik.
Bunu “Tert.am”a müsahibəsində qondarma rejimin təhlükəsizlik şurasının eks-rəhbəri, “prezidentliyə namizəd” Vitali Balasanyan deyib.
Cəbhə xəttində son günlər baş verən gərginlikdən danışan Balasanyan guya bunun Azərbaycan tərəfindən gerçəkləşdirildiyini bildirib. Bununla belə Balasanyan cəbhədə yaranan gərginliyin Ermənistan hakimiyyətinin yanlış siyasətinin nəticəsi olduğunu söyləyib:
“Paşinyan bir zamanlar deyirdi ki, o, Qarabağı danışıqlar masasına qaytarmaq üçün mümkün olan hər şeyi edəcək, daha sonra Düşənbədə “lift diplomatiyası” baş tutdu, bunu Qarabağın azərbaycanlı icmasından söhbətin getdiyi Bratislavadakı bəyanat izlədi, daha sonra XİN rəhbəri “Qarabağ nümayəndəsi” terminini işlətdi, bundan sonra isə Anna Naqdalyan “Qarabağda Qarabağ xalqının nümayəndəsinin seçilməsi üçün seçki olacaq” fikrini söylədi. Bütün bunlar onu göstərir ki, Ermənistan çox təhlükəli oyunlara – Bratislava, Cenevrə, Münhen – çəkilib. Biz hamımız söhbətin nədən getdiyini görmüşük. Mən demişəm ki, söhbət birgə yaşayışdan gedir. Mən tam şəkildə açmayacağam, çünki Ermənistan və Qarabağ “hakimiyyətləri”nə bu sənədlərdən, xüsusilə, Münhen və Cenevrədə müzakirə olunanlardan imtina etmələri üçün vaxt vermişəm”.