Ukrayna ordusu rusların irəliləməsinin qarşısını alıb Dünya

Ukrayna ordusu rusların irəliləməsinin qarşısını alıb

Rusiyanın bu ölkədə hələ də ən azı 4 taktiki batalyonu qalıb

Cavid

Ukrayna ordusunun artilleriyası Mariupol ətrafında Rusiya qoşunlarının cənuba irəliləyişini dayandırıb. Bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk Facebook səhifəsində bildirib.
Onun məlumatına görə, bu istiqamətdə hərəkət edən Rusiya hərbi qulluqçuları qondarma "DHR"-in "yaşıl adamcığaz"larının geyimindən istifadə edir.
D.Tımçuk Rusiya hərbçilərinin və separatçıların gün ərzində bir neçə dəfə antiterror güclərinin mövqelərini atəşə tutduğunu yazıb.
Tımçuk daha sonra bildirib ki, Donbasda hərbi əməliyyatlar zonasında sentyabrın 22-dən 23-nə keçən gecə rus hərbçilərinin aktivliyi azalıb.
"Bununla yanaşı dünən gecə Luqansk vilayətinin Sçastie, Donetsk vilayətinin Debalçevo, Krasnoqorovka, Marinka, Novootroiçkoe, Şirokino yaşayış məntəqələrində vəziyyət gərgin olaraq qalır. Rus qoşunlarının bir hissəsinin Donbasdan çıxarılmasından sonra Ukraynada ən azı 4 taktiki batalyon qalıb. Rusiyanın bir sıra texnikalarını çıxarması müşahidə olunsa da, ağır silahlar hələ də qalmaqdadır", - Tımçuk deyib.
Xatırladaq ki, avqustun sonlarında separatçılar Rusiya hərbçiləri və hərbi texnikanın birbaşa iştirakı Donetsk vilayətinin Novoazovsk şəhərinə daxil olub və Mariupol istiqamətinə hücuma başlayıb. Sentyabrın 4-də Mariupolun yaxınlığında şiddətli toqquşmalar başlayıb. Şəhərdə hazırda Donetsk vilayətinin administrasiyası yerləşir və məntəqə Ukrayna ordusunun nəzarəti altındadır. Şəhər Azov dənizi sahilindəki və Krıma gedən quru yolda strateji məntəqə hesab olunur.
Onu da qeyd edək ki, Ukrayna böhranı üzrə üçtərəfli əlaqə qrupunun (Rusiya-Ukrayna-ATƏT) 19 sentyabrda Belarusun paytaxtı Minskdə keçirilən iclasında 9 bəndlik memorandum imzalanıb.
Razılaşmaya görə, qarşı tərəflər təmas xəttində 19 sentyabrdakı mövqelərində qalır, bütün silah növlərinin tətbiqi və hücum hərəkətləri dayandırılır, 100 millimetrdən yuxarı kalibrli silahlar təmas xəttindən ən azı 15 kilometr uzaqlaşdırılır, ağır silahlar və ağır texnikanın yaşayış məntəqələrində yerləşdirilməsi məhdudlaşdırılır, bütün xarici muzdlular münaqişə zonasından çıxarılır.
Lakin keçən müddət ərzində hər iki tərəf atəşkəs razılaşmasını pozmaqda bir-birini ittiham edir.
Ukrayna hökumətinin ölkənin şərqində rus separatçılarla döyüşdükləri bufer zonasından qoşunları geri çəkməyə başladığı bildirilib. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlama yayıb.
Bildirilir ki, rəsmi Kiyev ötən həftə Ukraynanın münaqişə bölgəsində buffer zomasının yaradılması ilə bağlı əldə olunan razılığın icrasına başlayıb.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumat mərkəzinin sözçüsü Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirmişdi ki, Ukrayna separatçılar tərəfindən əldə olunmuş atəşkəsin pozulmasını dayandırmayana qədər hərbi qüvvələr münaqişə bölgəsindən geri çəkilməyəcək.
Onun sözlərinə görə, separatçılar və Rusiya hərbi qüvvələri Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı hücumları davam etdirir.
O, qeyd etmişdi ki, şənbə günü Minskdə hökumət qüvvələri və separatçılar arasında 30 kilometrlik bufer zonasının yaradılması üçün artilleriyanın 15 kilometr geri çəkilməsi ilə bağlı əldə olunan razılığın şərtləri həyata keçirilmir.
Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov da bildirmişi Ukrayna hakimiyyəti Donetsk vilayətinin Mariupol şəhərinin möhkəmləndirilməsi üzərində işləyəcək.
"Biz Mariupola güclü hərbi yardım haqqında Nazirlər Kabineti ilə danışacağıq. Hər sonrakı saat müdafiə qabiliyyətimizin gücləndirilməsi üçün istifadə ediləcək", - deyə A.Turçinov qeyd etmişdi.
Yeri gəlmişkən, ötən gün separatçıların nəzarət etdiyi Donetsk şəhəri ətrafında ağır döyüşlər qeydə alınıb.
NATO isə bəyan edib ki, Rusiya qoşunları hələ də Ukraynadadır. Rəsmi Moskva isə ittihamları təkzib edir.
Bununla belə Moskva bir daha bəyan edib ki, NATO-ya cavab olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz təhlükəsizliyinin və sabitliyinin təminatı üçün lazım olan adekvat addımları atacaq.
KTMT baş katibi Nikolay Bordyuja keçirdiyi mətbuat konfransında deyib: "NATO-nun son vaxtlar atdığı addımlara qarşı cavab addımlarımız olacaq. Biz sabitlik və təhlükəsizliyin təmin edilməsinin tərəfdarıyıq".
KTMT baş katibi bəyan edib ki, NATO-ya cavab olaraq Belarus ərazisində Rusiyanın hərbi hava bazası yaradılır. Bu həmçinin ABŞ Baltikyanı ölkələrdə aviasiya vasitələrinin yerləşdirilməsinə cavabdır.