“Ordu hadisələrə müdaxilə edə bilər” Dünya

“Ordu hadisələrə müdaxilə edə bilər”

Ərəstun Oruclu: "Timoşenkonun Ukrayna rəhbərliyinə gəlməsinin yaxşı nəticə verməyəcək"

"Ölkədə özbaşınalıq həddən artıq çox olanda və insanlar bundan təngə gələndə, bir sosial sifariş kimi ordu işə qarışa bilər".
Bu sözləri "Axar.az"a açıqlamasında Ərəstun Oruclu deyib.
O, Timoşenkonun Ukrayna rəhbərliyinə gəlməsinin yaxşı nəticə verməyəcəyini bildirib: "Müxalifət liderləri razılaşma haqqında danışanda Maydanda onları fitə basdılar. Bundan sonra Maydanın radikallığı daha da artdı. Bu gözlənilən idi və mən bunu yaxşı dəyərləndirmirəm. Buna demokratiya demək istəmirəm. Yuliya Timoşenkonun siyasi keçmişi bəllidir. Məhz Yuşenkonun hakimiyyəti dövründə o, ambisiyaları hesabına hakimiyyəti uduzdu. O da ifrat radikal siyasətçidir. Ən yüksək ehtimalla Maydana nəzarəti o edəcək. Radikal siyasət heç vaxt yaxşı nəticələr verməyib. Ukraynada Maydan nəzarətdən çıxıb. Ölkədə ictimai münasibətlər sistemi pozulub. Artıq ölkədə həmçinin başqa problemlər, xüsusilə də separatçılıq baş qaldırıb. Bunun isə nə ilə bitəcəyini söyləmək çətindir".
Politoloq ordunun ölkədə yaranmış vəziyyətə özbaşına müdaxilə etməsinin doğru olmayacağını deyib: "Müxalifət düşərgəsində ciddi problemlər var və bu Viktoriya Nulandın telefon danışığında da qeyd olunmuşdu. Orada da müxalifət liderləri bir-birinə nifrət edirlər. Bu, ruslar demiş, "bespredel"ə aparan yoldur. Yəni bu Rusiyanın təbliğatı kimi anlaşılmamalıdır, amma belə variantı da nəzərdən qaçırmaq lazım deyil. Hələlik hadisələrə qarışmayan yeganə qüvvə ordudur. Ona da etimad böyükdür. Ölkədə özbaşınalıq həddən artıq çox olanda və insanlar bundan təngə gələndə bir sosial sifariş kimi ordu işə qarışa bilər. Cəmiyyət özü tələb etməlidir ki, ordu işə qarışsın. Əgər başqa cür olsa yəni özbaşına müdaxilə etsə, o zaman xunta, diktatura və sairə yaranacaq".