Türkiyə parlamentinə Xocalı sənədi təqdim olunub Dünya

Türkiyə parlamentinə Xocalı sənədi təqdim olunub

Ərdoğan: "Xocalıda baş verənlər 20-ci əsrin ən böyük faciəsidir"
Cəmil Çiçək: "Xocalı soyqırımı insanlıq tarixinə yazılmış böyük bir ləkədir"
Kamal Kılıçdaroğlu: "Xocalı faciəsi yaddaşlarımızdan silinməyəcək"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Hakim Ədalət və İnkişaf Partiyasının növbəti iclası zamanı Xocalıda baş verənlərin 20-ci əsrin ən böyük faciəsi olduğunu bildirib.
Türkiyənin "TRT Haber" telekanalı xəbərinə görə, Ərdoğan deyib: "Xocalıda qətlə yetirilən insanlar Azərbaycan üçün əziz olduqları kimi, Türkiyə üçün də əzizdirlər".
Onun sözlərinə görə, Türkiyə hər zaman Azərbaycanın haqq işində onu dəstəkləyib.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də Xocalı soyqırımı ilə bağlı verdiyi açıqlamada bunu insanlıq tarixinə yazılmış böyük bir ləkə adlandırıb. C.Çiçək Xocalı soyqırımın 22-ci ildönümündə bunu XX əsrin ən böyük faciələrindən biri olan və Ermənistan tərəfindən işğal saxlanılan Dağlıq Qarabağ bölgəsində baş verdiyini qeyd edib: "Bundan 22 il öncə 1500-ə yaxın Azərbaycan türkü Xocalı qəsəbəsində öldürülüb, yüz minlərlə Azərbaycan türkü yurdlarından sürgün edilib. Xocalı qətliamı insanlıq tarixinə sürülən böyük ləkədir. Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər beynəlxalq ədalət mühakiməsi qarşısına çıxarılmalı və onlardan hesab sorulmalıdır. Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son verməlidir. 22 il öncə Xocalıda baş verən qətliamı bir daha qınayır, soyqırıma məruz qalan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm".
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu da Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bəyanat verərək, bu faciənin yaddaşlardan silinməyəcəyini bildirib: "CHP tarixin bu üzüntülü və acılı səhifəsini unutmayacaq və unutdurmayacaq".
Türkiyənin "Bu gün" qəzetinin məlumatına əsasən, müxalifət lideri qeyd edib ki, mənsub olduğu partiya bu faciənin miqyasının bütün dünyaya çatdırılması üçün bundan sonra da əlində olan bütün imkanları səfərbər edəcək: "22 il öncə bu gün Azərbaycanda insanlığa sığmayan bir hadisə yaşandı. Xocalı qətliamı bizim yaddaşlarımızda yaşamağa davam edir. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bölmələri şəhərə daxil olaraq, 83-ü uşaq, 106-sı qadın olmaqla 613 insanı öldürdülər, 487 nəfəri yaraladılar və 275 nəfəri girov götürdülər. CHP olaraq biz bu hadisəni unutmayacağıq və unutdurmayacağıq, azərbaycanlıların haqlı mübarizəsinə dəstək verəcəyik. CHP bu cür hadisələrin təkrarlanmaması və regionda sülh və əmin-amanlığın bərqərar olunması üçün əlindən gələni etməyə davam edəcək. Soyqırımı zamanı həlak olanlara Allahdan rəhmət diləyir, Azərbaycan xalqına sevgi və salamlarımızı çatdırırıq".
Qeyd edək ki, dünən Türkiyə parlamentinə Xocalı soyqırımının tanınması ilə bağlı sənəd təqdim edilib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) MHP-dən olan deputatı, Türkiyə - Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə-Azərbaycan dərnəyinin sədri Sinan Oğan Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı qəsəbəsində tək günahları müsəlman və türk olan 106-sı qadın, 83-ü uşaq, ümumilikdə 603 nəfər qətl edilib: "Yaşanan bu vəhşilik zamanı ermənilər böyük-kiçik demədən hər kəsi öldürüb. Xocalıda axan qan hələ qurumayıb. Azərbaycan türklərinə qarşı edilən bu soyqırımı aktını unutmamışıq. Xocalıda insanlıq yerin dibinə girib. Vicdan və mərhəmət hissi itirilib".
Millət vəkili qeyd edib ki, Xocalı soyqırımı tarixi bir hadisə deyil və 22 il əvvəl yaşanmış soyqırımıdır. Sinan Oğan Xocalının soyqırımı kimi tanınması üçün TBBM sədrinə təklif sənədi hazırlayıb təqdim etdiklərini açıqlayıb: "Ümid edirik ki, Böyük Millət Məclisi təklifimizi qəbul edərək, hadisəni soyqırımı kimi tanıyacaq. Beynəlxalq arenanın bu faciəyə göz yumduğu bir dünyada Xocalını soyqırımı kimi tanımaq Türkiyənin boynunun borcudur. İnanırıq ki, Xocalıda yarımçıq qalan azan bir gün Qarabağın işğal olunmuş hər qarışında səslənəcək. Yalnız bundan sonra Xocalının acısı dinlənər. Millət vəkilləri olaraq bu faciəni qınayırıq və inanırıq ki, Xocalı soyqırımı ilə bağlı təklifimiz məclisimiz tərəfindən qəbul ediləcək".
Qeyd edək ki, hazırda İstanbulda Xocalı həftəsi keçirilir. Bir çox unversitetlərin Azərbaycan və Türk tələbələri müxtəlif tanıtım aksiyaları keçirirlər.