Gürcüstanda yeni “Maydan”? Dünya

Gürcüstanda yeni “Maydan”?

Saakaşvili tərəfdarlarının izdihamlı mitinqi Rusiyaya qarşı Tiflisdən yeni cəbhə açılmasından xəbər verir

Cavid

Gürcüstanda baş verən son hadisələr bütün dünya ictimaiyyətinin diqqətini özünə cəlb edib. Müxalifət tərəfindən təşkil edilən mitinqlər qarşıdurmalarsız ötüşməyib. Ekspertlərə görə mitinqlər çox mütəşəkkil və kütləvi şəkildə təşkil olunub. Gürcü xalqını etiraz səslərini ucaltmağa vadar edən səbəb isə Rusiya və qondarma "Abxaziya Respublikası" arasında əməkdaşlıq müqaviləsinin bağlanmasıdır. Bu müqaviləyə etiraz edən 10 minlərlə insan Tiflis küçələrinə axışıb.
Etirazçılar 90-cı illərdən bəri separatçı siyasət yürüdən Abxaziya ilə Moskva arasında bağlanmış hərbi əməkdaşlıq sazişini Rusiyanın Qara Dəniz regionunda yeni əraziləri işğal etmək planının davamı kimi dəyərləndirib. Xatırladaq ki, sazişdə Rusiya və Abxaziyanın birgə hərbi qüvvələrinin yaradılması nəzərdə tutulur. Yürüş edən etirazçılar "Rusiyanı dayandırın" "Putini dayandırın" kimi şüarlar səsləndiriblər.
Gürcü mətbuatının yazdığına görə, sabiq prezident Mixail Saakaşvilinin partiyası aksiyanın keşirilməsində məqsədin dünyanın diqqətini Rusiyanın separatçı Suxumu rejimi ilə birgə ordu yaratmaq planlarına cəlb etmək, həmçinin indiki hakim koalisiyanın yürütdüyü siyasətə etiraz etmək olduğunu bildirib.
Vahid Milli Birlik Partiyasından olan Niki Meliyanın sözlərinə görə, aksiyanın mümkün qədər izdihamlı olmasına çalışıblar: "Buna görə də onun bir partiyanın etiraz aksiyası kimi təqdim olunmasını istəmədik. Abxaziya və Cənubi Osetiyanı bizdən birdəfəlik alırlar. Bəs bizim hakimiyyət neyləyir? Onlar rüsvayçılıqla susurlar. Belə olan halda bütün xalq etiraz səsini ucaltmalıdır".
Baş nazir İraqli Qaribaşvili isə bildirib ki, Saakaşvili tərəfdarları dinc etiraz aksiyası adı ilə ölkədə qarışıqlı salmaq və təxribatlar törətmək istəyirlər: "Saakaşvilinin adamları həmişə nəsə antidövlət planlar hazırlayırlar. Amma hökumət onların bu niyyətlərinə sərt addımlarla cavab verir. Bu dəfə də belə olacaq".
"Bu gün Rusiya Ukrayna ilə yanaşı Abxaziya və Cənubi Osetiyanı da ilhaq edir. Buna qarşı birgə şəkildə ayağa qalxmalıyıq. Bizim beynəlxalq tərəfdaşlar, bütün dünya ictimaiyyəti təkcə Ukraynada deyil, Gürcüstanda da beynəlxalq hüququn müdafiəsinə qalxmalıdır" – deyə gürcü deputat David Bakradze bildirib.
Vahid Milli Birlik Partiyası tərəfindən təşkil olunan aksiya zamanı Kiyevdə olan Saakaşvili internet vasitəsilə kütləyə video müraciət edib.
O deyib ki, bir tərəfdən Avropaya üz tutmağa cǝhd göstǝrǝn Gürcüstan, o biri tərəfdən isə Rusiya ilə addımlarını razılaşdıran Gürcüstan var. Biz Gürcüstan hökumətinə xalqın vahid və məğlubedilməz olduğunu göstərməliyik.
Saakaşvili bildirib ki, keçmiş baş nazir Bdzina İvanişvili Gürcüstanı "pərdə arxasından" idarə edir.
Təşkilatçılar mitinqlərin davamlı olacağını bəyan ediblər.
Ötən həftənin sonu Vahid Milli Hərəkat Partiyasının deputatları parlament iclasını boykot edərək spiker David Usupaşvilinin çıxışını dinləmədən zalı tərk ediblər. Buna səbəb isə iclasın əvvəlcədən elan olunduğu kimi prezident Georgi Marqvelaşvili ilə debat şəraitində keçməməsi olub.
İndi Gürcüstanda Rusiya əleyhinə etirazların yeni "Maydan" ssenarisinə gətirib çıxaracağı barədə ehtimallar daha çox müzakirə olunur. Lakin gürcü politoloqu Arno Xidirbeqişvili hesab edir ki, müxalifətin Tiflisdəki mitinqi Saakaşvili üçün triumfal "Maydan" olmadı. Bununla belə, o, "Gürcü baharı"nın baş verməsinin səbəblərinin çox olduğunu deyib: "Gürcü baharı ABŞ-ın ilin sonuna qədər Gürcüstanda NATO bazaları, Raketdən Müdafiə Sistemlərinin yerləşdirməsi, İran və Xəzər dənizinə çıxış imkanı olan Bakı-Axalkalaki-Qars dəmiryolunun tikintisi, Qərb kontigentinin Əfqanıstandan çıxarılması üçün Gürcüstandan istifadə ilə əlaqədar ola bilər. Bu, birinci məsələdir".
Ekspert iddia edib ki, TANAP layihəsi hansı siyasi qüvvənin "Maydan"ı təşkil etməsindən asılı olmayaraq, Gürcüstandakı situasiyanın destablizasiyası ucbatından dayana bilər.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov isə bildirib ki, hakimiyyətdə olan "Gürcü arzusu" koalisiyası tarixə qovuşub və onu hakimiyyətdə saxlamaq mümkün olmayacaq: "Onlar güclə qurulan dövləti iki ilə dağıtdılar. "Gürcü arzusu" koalisiyası Gürcüstana heç bir yenilik vermədi. Hüquq-mühafizə orqanlarının fəaliyyəti xalqda narahatlıq yaradırdı. "Gürcü arzusu" na ümid bəsləyən insanlar gördülər ki, verdikləri səslər boşa çıxıb. Hakimiyyətdəki koalisiya səlində Gürcüstan xalqının arzusunu deyil, rusların arzusunu təmin edir. Yəni sanki Rusiyanın "Gürcü arzusu" koalisiyasıdır".
Soydaşımızın sözlərinə görə, Gürcüstanda hakimiyyət daxilində Rusiya və avropayönümlü qüvvələrin mübarizəsi gedir: "Alasaniya və onun komandası qərbmeyilli idi. O, gördü ki, ölkədə təhlükəli proseslər gedir və ona görə də istefa verməklə xalqın diqqətini problemin ciddiliyinə yönəltmək istədi. Mitinqdə Gürcüstanın Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşması, korrupsiya, insan haqlarının pozulması kimi məsələlər qaldırıldı. Azərbaycan kimi Gürcüstanın da 20 faiz torpağı Rusiya tərəfindən işğal olunub. Abxaziyanı işğal edən və işğalçıları dəstəkləyənlər bu gün Gürcüstanda qarışıqlıq yaratmaq istəyirlər".
A.Süleymanov onu da bildirib ki, Gürcüstan daxili işlər naziri keçmiş prezident Mixail Saakaşvilinin barəsində axtarış elan edib: "O, Gürcüstana gələ bilmir. Amma Milli Hərəkat Partiyası və Gürcüstan xalqı Saakaşvilini dəstəkləyir. "Gürcü arzusu" koalisiyasını tərk edən Azad Demokratlar Partiyası müxalifətə qoşulsa, o zaman hakimiyyətin durumu ağır olacaq".