ABŞ Rusiyanı çökdürmək niyyətindədir Dünya

ABŞ Rusiyanı çökdürmək niyyətindədir

Obama yeni sanksiyalarla bağlı qanunu imzalayıb

Cavid

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya hərbi yardım haqında qanun layihəsini imzalayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirib.
ABŞ prezidenti B.Obamanın imzaladığı qanunda xüsusilə Ukraynaya silah tədarükünün nəzərdə tutulduğu vurğulanır.
Qeyd edək ki, bir müddət əvvəl isə Obama administrasiyası Moskvanın Ukrayna böhranının həlli istiqamətində hərəkətə keçmədiyi təqdirdə Rusiyaya əlavə sanksiyalar tətbiq ediləcəyini bəyan etmişdi. Ağ Evin sözçüsü Coş Ernest sanksiyaların Rusiyanın müxtəlif sektorlarını hədəf alacağını bildirmişdi.
Rusiya prezidenti Vladimir Putin dünən keçirilən ənənəvi mətbuat konfransında deyib ki, Rusiya Ukraynada münaqişə tərəfləri arasında dialoqun başlaması üçün vasitəçi kimi çıxış edə bilər.
Onun sözlərinə görə, əgər Kiyev sülhü bərpa etmək istəyirsə Donbas sakinlərinin maraqlarına hörmət etməlidir və onlara təzyiq göstərməməlidir.
Putin çərşənbə gününə planlaşdırlmış girovların mübadiləsi prosesinin də Kiyevin üzündən baş tutmadığını deyib.
"Kiyev çıxmalı olduğu ərazilərdən, o cümlədən Donbas hava limanından birləşmələrini çıxarmır".
O, qeyd edib ki, Ukrayna prezidenti Petro Poroşenko hazırkı böhranlı vəziyyətdən çıxış üçün yollar axtarır. "Şübhəsiz ki, Ukrayna münaqişənin həllini istəyir. Mənim də onların buna çalışmasına şübhəm yoxdur. Amma konkret addımlar lazımdır.
Biz digər rəsmi şəxslərdən hərbi bəyanatlar eşidirik".
"Rusiya iqtisadiyyatında baş verənlər Krıma görə ödədiklərimizdir?" sualına cavabında isə Putin bunun millət və dövlət kimi qorumaq istəyinə görə ödədikləri dəyər olduğunu deyib. "Söhbət Krımdan getmir. Söhbət ondan gedir ki, Rusiya öz suverenliyini, yaşamaq hüququnu qoruyur".
Bu arada Ukrayna prezidenti Poroşenko Putini hədələyib. O deyib ki, Ukrayna Krımdan imtina etmək fikrində deyil və Krım üzərində yenidən Ukrayna bayrağı dalğalanacaq.
Krımın sağalmaz yara olduğunu deyən prezident bildirib ki, Krım Rusiyaya birləşdirilməsi bizim üçün qəbul edilməzdir: "Rusiya beynəlxalq hüquq normalarını pozub. Krım işğalçı hakimiyyətin nəzarəti altındadır. Orada işğalçılar çarlıq edir. Krım tatarları və ukraynalılar siyasi və mədəni hüquqlarından məhrum ediliblər. Amma mən və hamımız inanırıq ki, bu yarımadada bayrağımız yenidən dalğalanacaq", deyə Poroşenko bildirib.
Bundan başqa Pyotr Poroşenko Polşaya səfəri zamanı deyib ki, Donbas hövzəsində müharibə Rusiyanın qoşunları buradan çıxarmasından üç həftə sonra başa çatacaq.
Ukrayna prezidentinin sözlərinə görə, Üçüncü Dünya müharibəsinin qarşısının alınması üçün Rusiya qoşunları ölkəsinin ərazisini tərk etməli və Donbasdakı münaqişəyə son qoyulmalıdır. Dövlət başçısı Rusiya prezidenti Vladimir Putinin səhv siyasəti üzündən yaranan vəziyyətdən yeganə çıxış yolunun Minsk razılaşmaları olduğunu bildirib.
Prezidentin sözlərinə görə, sözügedən sənədin müddəaları çox sadədir: girovların azad olması, xarici qoşunların Ukraynadan çıxarılması, sərhədin bağlanması, beynəlxalq müşahidəçilərin nəzarəti altında və Ukrayna qanunvericiliyi əsasında yerli seçkilərin keçirilməsi.
Daha sonra president bildirib: "Ukraynanın məqsədi Rusiya ilə vəziyyəti pisləşdirmək deyil. Məqsədimiz yaşadığımız planetdə sülhə nail olmaqdır. Mən sülhün prezidentiyəm, müharibənin yox".
Poroşenko rus rublunun aşağı düşməsinə və Donbassdakı müharibəyə də toxunub: "Separatçıların işğal etdiyi Donbassda vəziyyət çox acınacaqlıdır. Banditlər küçələrdə heç bir məhkəmə olmadan insanları öldürürlər. Onlar bu addımlarına görə heç bir məsuliyyət daşımırlar".
Prezident həmçinin bildirib ki, parlamentə müraciət edəcək ki, Ukraynanın neytral qeyri-blok statusunu ləğv etsin. Prezidentin sözlərinə görə, Ukrayna NATO-ya daha yaxın olmalıdır.
Polşa parlamentində çıxış edən Poroşenko bildirib ki, "bu tribunada mən qərar verirəm ki, mənim ölkəm Avro-Atlantika təhlükəsizliyi sferasına inteqrasiya olunmalıdır". O, konkret olaraq NATO-nun adını çəkməyib.
2010-cu ildə Yanukovichin prezidentliyi dövründə qəbul olunmuş qanun Ukraynanın NATO üzvlüyünü istisna edir.
Poroşenko bildirib ki, parlamenti bu qoşulmamaq statusunu ləğv etməyə çağıracaq.
Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini isə deyib ki, o və Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Ukrayna böhranını həll etməyə daha çox meyilli olduğunu müşahidə edirlər.Bundan bir gün əvvəl eyni fikri ABŞ dövlət katibi Con Kerri söyləyib. Mogherini Kiyevə səfəri zamanı deyib ki, "bəzi elementlər Rusiya tərəfdən, Putin tərəfdən böhranı həll etməyə daha çox meylin olduğunu düşünməyə əsas verir"
Qeyd edək ki, Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan etmişdi ki, Ukraynada müharibə yalnız Krımın geri qaytarılmasından sonra başa çatacaq.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov işğal edilən torpaqların qurtarılması və hücumlara hazırlıqlı olmaq baxımından bütün gücləri səfərbər etməkdən başqa seçimlərinin olmadığını bəyan edib. Xarici KİV xəbər verir ki, Turçinov Rusiyanın hər an müharibə başlada biləcəyini də açıqlayıb.
O, Ukraynada müharibənin davam etdiyini və bunu nüvə silahı olan təcavüzkarın başlatdığını qeyd edərək bildirib ki, ordusu və iqtisadiyyatı bərbad olan onun ölkəsi bu savaşa tamam hazırlıqsız yaxalanıb, buna rəğmən ordunu yenidən qurublar. Ölkəsinin torpaqlarının bir qismini itirdiyini, Rusiyanın elan etdiyi atəşkəs müddətinin hər an müharibə ilə əvəzlənə biləcəyini söyləyən Turçinov deyib: "Rusiya həran genişmiqyaslı müharibə başlada bilər. Buna hazırlıqlı olmalıyıq".
Rusiyalı politoloq Qriqori Trofimçuk öz feysbuk səhifəsində maraqlı statusla çıxış edib. O, bildirib ki, Lukaşenko Rusiya ilə əlaqələri qırmağa cürət etməməlidir.
O, Lukaşenkonun Avropada sonuncu diktator kimi qəbul olunduğunu bildirib: "Minskin Brüssellə yaxınlığı və dostluğu sıfır dərəcəsindədir. O, bunu gözəl anlayır. Lukaşenko hələ unutmayıb ki, onu Brüsseldə Avropanın sonuncu diktatoru kimi tanıyırlar. O, yaxşı bilir ki, Rusiyadan ayrıldıqdan sonra Lukaşenkonun özünü Belorusdan qoparmağa çalışacaqlar. İstənilən halda onun bu çıxışı ritorikadan o yana getməyəcək".
Xatırladaq ki, Belarus Prezidenti Lukaşenko Rusiyanın ardınca getmək niyyətində olmadıqlarını, bu yolun uçuruma apardığını bildirmişdi.
Onu da bildirək ki, Ukraynanın üç şəhərinə - Zaporojye, Xarkov və Dnepropetrovsk şəhərlərində aeroportların fəaliyyəti dayandırılıb. Obozrevatel.com xəbər verir ki, aeroportların bağlanamsına səbəb terrorçuların bölgədə raket komplekslərini yerləşdirmələridir. Donetsk və Luqanskın Ukrayna ordusunun nəzarətində olmayan hissəsində raket kompleksləri yerləşdirilib. Təhlükəsizlik qaydalarına riayət etmək üçün Xarkov, Dnepropetrovsk və Zaporojyedə bütün uçuşlar dayandırılıb.
Bu arada Avropa Birliyindən Ukrayna etirafı gəlib. Belə ki, Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə Ukrayanada vəziyyətin normallaşması üçün planlaşdırılan köməkdən əlavə daha 15 milyard dollar pul lazımdır.
BVF bu köməyin göstərilməsi üçün Avropa Birliyinin gücünün çatmayacağını deyir. Avropa Komissiyasının katibi Jan Klod Yunker bildirib ki, BVF Ukraynada kəsirin maliyələşməsi hesablamalarını bitirib. Ukraynaya planlaşdırılan vəsaitdən ayrı daha 15 milyard dollar lazım olacaq.
Qeyd edək ki, bir müddət əvvəl Avropa Birliyi Ukraynaya 1,6 milyard avro kömək ayrılmasını razılaşdırmışdı. Ukraynada maliyyə vəziyyəti müzakirələrinə başçılıq edən İtaliya baş naziri Pyer Karlo Padoan bildirib ki, resursun ölkə boyu mobilləşdirilməsi üçün Ukraynanın islahatlar keçirməyə böyük səy göstərməsi lazımdır.