Putindən acı etiraflar Dünya

Putindən acı etiraflar

Rusiya prezidenti: İqtisadiyyatımız böhrana gedir, bunların qarşısını almaq üçün çox işlər gördük, lakin son hadisələr onu göstərdi ki, bu yetərli deyil

Cavid

Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetində keçirdiyi iclasda bir sıra etiraflar edib. Putin bildirib ki, bəzi səhv addımlar nəticəsində Rusiya iqtisadiyyatı böhrana girir.
"Üzləşdiyimiz problemlər sadəcə xaricdən edilən müdaxilələrə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə deyil. Bunun əsas səbəbi illərdir üst-üstə yığılan səhvlərimizdir. Ona görə də iqtisadiyyatımız böhrana gedir. Bunların qarşısını almaq üçün çox işlər gördük. Lakin son hadisələr onu göstərdi ki, bu yetərli deyil", deyə Rusiya prezidenti bildirib.
Qeyd edək ki, bu il Rusiyada rublun dəyəri rekord dərəcədə aşağı düşmüşdü. Bir dollar 80 rubl olmuşdu. Ayrı-ayrı vaxtlarda Mərkəzi Bank vəziyyətə müdaxilə etdi. Putin isə açıqlama vermişdi ki, Rusiya iqtisadiyyatı ən azı 2 ilə düzələcək.
Rubl isə bahalaşmaqda davam edir. Moskva birjasının ötən gün keçirilən açılış sessiyasında rubl dollar və avroya nisbətən bahalaşıb. Səhər keçirilmiş alqı-satqı əməliyyatlarında dollar 52,5 rubldan da aşağı düşüb. Günortaya yaxın saatlarda isə 1 dolların dəyəri 52,36 rubl, 1 avro isə 64,2 rubl təşkil edib.
İqtisadçılar bildiriblər ki, rubla qarşı dollar və avronun bu dərəcədə aşağı enməsi dekabrın 4-dən bəri ilk dəfədir ki, qeydə alınıb.
Rusiya mətbuatında isə Rusiyaya qarşı sanksiyaların həmişə olduğunu və Rusiyanın bundan nəinki ziyan xeyir götürəcəyini iddia edən video yayılıb. Rusiya Mərkəzi Bankının bundan əvvəl yaydığı məlumatına əsasən, dekabrın 18-19-da Maliyyə Nazirliyi ümumilikdə 920 milyon dollar dəyəri olan valyuta ehtiyatını bazara buraxmışdı. Lakin MB etiraf edib ki, Rusiyanın beynəlxalq ehtiyatları 13-19-dekabrda 15,7 milyard dollar azalaraq 398,9 milyard dollara düşüb.
Qeyd edək ki, Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bankın və Maliyyə nazirliyinin valyuta ehtiyatlarından, qızıldan ibarətdir.
Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç "Rossiya 24" telekanalına müsahibəsində bildirib ki, neftin aşağı qiyməti bir neçə ay qalacaq, lakin sonra bareli 80 dollara qalxacaq.
Dvorkoviç neftin barelinə 80 dolları ən balanslaşmış qiymət hesab edir. O, əlavə edib ki, gələcək bir-iki ildə Rusiyada neftin hasilatı ən pessimist ssenariyə görə ilinə 5-10 faiz aşağı düşəcək.
"Növbəti bir-iki il üçün pessimist və stress ssenari var. Ona əsasən Rusiyada neftin hasilatı bu illər ərzində 5-10 faiz aşağı düşə bilər" - deyə Dvarkoviç bildirib.
"Hasilatın artmasına baxmayaraq 2014-cü ildə neft ixracı azalacaq". Bunu isə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. Onun sözlərinə görə, neft hasilatı, ilkin məlumatlara görə, ötən illə müqayisədə 2014-cü ildə 0,6 faiz artaraq 526,6 milyon ton , xammal ixracı 4.3% azalaraq 229 milyon ton təşkil edəcək: "Daxili istehlak 2013-cü ildə olan 279 milyon ton ilə müqayisədə artaraq 287.5 milyon ton olacaq. 2015-ci ildə Rusiyada neft hasilatı cari il səviyyəsində – 525 milyon ton təşkil edəcək".
Energetika Nazirliyi neft qiymətləri üçün proqnozu aşağı salaraq bir barel üçün 80-90 dollar səviyyəsində müəyyənləşdirib. YEK MNİ-nin məlumatına görə,Rusiyada neftin ilkin emalı 2014-cü ilin 11 ayında 264.173 milyon ton təşkil edib. Novak əlavə edib ki, 2014-cü ildə qaz hasilatı Rusiyada qaz hasilatı 0.4% azalaraq 641 milyard kub metr,qaz ixracı isə 6.7% azalaraq 183.3 milyard kub metr təşkil edəcək.
Rusiya mediasının verdiyi məlumata görə, ölkənin valyuta ehtiyatları 100 milyard dollar azalaraq 398,9 milyard dollara düşüb. Bu isə 2009-cu ilin avqust ayında – beynəlxalq maliyyə böhranından sonra qeydə alınan göstəricidən də aşağıdır. Valyuta ehtiyatları dekabrın 12-dən 15,7 milyard dollar azalıb.
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2014-cü il yanvar ayının sonunda ölkənin beynəlxalq ehtiyatları 498,9 milyard dollar təşkil edirdi. Bu isə təxminən bi il ərzində ölkənin valyuta ehtiyatlarının 100 milyard dollar azalması deməkdir.
İtaliya qəzeti "Corriere della Sera" isə yazır ki, hazırda Rusiya Federasiyası küncə sıxışdırılıb.
Qəzet Putinin qurulmuş tələdən çıxmaq üçün gözlənilməz addım atacağını bildirib: "Hazırda Rusiya Federasiyası küncə sıxışdırılıb. Neftin qiymətinin düşməsi, Qərb tərəfindən tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatını durğunluğa sövq edib. Putin bu tələdən çıxmaq üçün gözlənilməz addımlar atacaq. Rusiya üçün Ukraynanın Avropa Birliyində olması pis yuxu, NATO-ya üzv olması isə sadəcə kabusdur. Ukrayna Qərb hərbi strukturuna daxil edilsə, Kreml bunu birbaşa strateji təhlükə kimi görəcək".