Putin Sarkisyanı susdurdu Dünya

Putin Sarkisyanı susdurdu

Permyakov ermənilərə verilməyəcək

Cavid

Rusiyanın Gümrüdə yerləşən 102-ci bazasının hərbi qulluqçusu Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirməsi Ermənistan-Rusiya arasında növbəti qalmaqal yaşadıb.
Ermənilərin bu hadisəylə bağlı rəsmi Moskvaya qarşı etirazları davam edir. Məsələ Ermənistan və Rusiya prezidentləri arasında da müzakirə mövzusu olub.
Belə ki, Rusiya prezidenti Vladimir Putin Gümrüdə 6 ermənini öldürən hərbçi Valeri Permyakovu Ermənistana verməkdən imtina edib.
Putinlə Ermənistan prezidenti Serj Sarkisyanla baş tutan telefon danışığında rus hərbçinin Rusiya tərəfdən cəzalandırılacağını bildirib.
Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin Gümrüdə baş verən faciənin istintaqı qısa müddətdə başa çatdırılacağını və günahkarları cəzalandıracağına söz verib.
Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti sözügedən hadisə zamanı xəsarət alan 6 aylıq körpə Sergey Avetistyanın müalicəsinə hər cür yardım etməyə hazır olduğunu deyib.
Qeyd edək ki, Gümrü və İrəvanda keçirilən etiraz aksiyalarında rus hərbçinin Ermənistana verilməsi tələb olunur.
O da bildirilir ki, Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakovun Avetisyan ailəsinin 6 üzvünü güllələyib öldürməsinin motivi bəlli olub.
Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən bildiriblər ki, bu kütləvi qətliamın motivi Vladimir İonesyan adlı seriya qatilin törətdiyi cinayətlərə görə qisas almaq istəyi ilə bağlı olub.
V.İonesyan 3 uşağı (11 yaşlı moskvalı Aleksandr Liseovetsi, 12 yaşlı moskvalı Konstantin Sobolevi və İvanovo şəhər sakini Mixail Kuleşovu), 2 qadını (İvanovo sakini olan 74 yaşlı qadını və 46 yaşlı Mariya Yermakovanı) öldürüb. Erməni residivist İvanovo şəhərinin 15 yaşlı sakini Qalina Petropavlovskayanı zorlayandan sonra onu da öldürməyə cəhd etmişdi.
Son istintaq zamanı V.Permyakov bildirib ki, V.İonesyanın öldürdüyü İvanovo sakini Mixail Kuleşov onun yaxın qohumudur. Rus əsgərin sözlərinə görə, qohumu Mişa Kuleşovun öldürülməsi bir vaxtlar ona çox ağır təsir etmiş, bu qətldən sarsılmışdı.
Onu da yada salaq ki, V.İonesyan bütün qanlı cinayətlərini balta ilə törətmişdi.
Gümrü qatili Permyakovun dostları da danışıb. Permyakovun Аndrey Şveçov adlı dostunun verdiyi məlumata görə, vəkilsiz qalan qatil əsgərlə bağlı heç bir məlumat əldə etmək mümkün deyil.
Permyakovun Seryoqa Andrianov adlı əsgər yoldaşı isə əməkdaşımıza onun nizam-intizamlı bir əsgər olduğunu deyib:
"Mən Valeri Permyakovu tanıyıram. Əsgərliyin ilk 6 ayında birlikdə xidmət etmişik. Lakin sonra bizi ayrı-ayrı hərbi hissələrə göndərdilər. Ondan sonra danışmamışq, əlaqəmiz olmayıb. Çox nizam-intizamlı əsgər idi. Başqa heç nə deyə bilmərəm".
Rəsmi məlumatlara görə, Permyakov hərbi xidmətə yollandığı gündən xidmət etmək istəməyib. Məhz bu səbəbdən o, yanvarın 12-də hərbi hissədən qaçmağa müvəffəq olub. Daha sonra Permyakov su içmək istəyib və məlum qətli törətdiyi evə girib. Lakin erməni ailə silahlı əsgər görərək həyəcanlanıb. Bu zaman polisin gələcəyini fikirləşən fərari ailənin 6 üzvünü Kalaşnikov avtomatı ilə güllələyib. Hadisəni törətdikdən sonra ərazidən uzaqlaşan rus əsgər Türkiyəyə keçmək fikrinə düşüb. Lakin o, yanvarın 13-də rus sərhədçiləri tərəfindən saxlanıb.
Bəzi məlumatlara görə, Permyakovun öldürdüyü ailə üzvlərindən biri ilə yaxın münasibəti olub. Qonşuların dediyindən belə çıxır ki, ailə bu yaxınlara qədər kişisiz olub. Evdə həmişə qadınlar olub və Permyakov da bu evə gəlib-gedib. Evdə ali başçısının arvadı, gəlini, 36 yaşlı dul qızı və uşaqlar olurmuş. Qətliamdan bir-iki gün qabaq isə 51 yaşlı ailə başçısı və onun oğlu əmək miqrantı kimi getdikləri Rusiyadan Yeni ili bayramını qeyd etmək üçün evə gəliblərmiş. Rus əsgərin evə qəfil gəlişi qalmaqala səbəb olub və nəticədə Permyakov silaha əl atmalı olub.
Ehtimal edilir ki, Permyakovun ailənin 36 yaşlı qızı Aida ilə münasibəti varmış. Bunu istintaq dəqiqləşdirməlidir. Amma bu aydındır ki, Permyakovun həmin evdə paltarı varmış və o, Türkiyə sərhədində özünə məxsus mülki geyimdə tutulub.
Permyakov orduya il yarım qabaq çağırılıb. Əvvəlcə o, Rusiyanın Çita şəhərində xidmət göstərib, dekabrda onu Ermənistandakı hərbi bazaya keçiriblər.
Bu hadisədən sonra ermənilər çətinliklə də olsa başa düşməyə başlayıblar ki, öz ölkəndə özgə dövlətin qoşunlarını saxlamaq, sərhədini başqa dövlətin silahlı qüvvələrinə etibar etmək ağır fəsadlar verir. Sadə erməni hələ bineyi qədimdən eşidib ki, erməni xalqı rus xalqı ilə həmişə birdir. Rusiyanın ayaq qoyduğu yerə baş qoymaq, düşmənlərini Rusiya ilə hədələmək… Rusiya ilə birlikdə hərbi təlimlər keçirmək. Türkiyəyə cavab vermək… Azərbaycanı təhdid etmək və s…
Gümrüdə yaşayanlar Rusiya hərbçilərilə ən yaxşı münasibətdə olanlardır. Yerli ermənilər bu bazadan dolanırlar. Min nəfər adam bu bazada işləyir. Və bu gün əgər Gümrüdən Rusiya hərbi bazaların çıxarılması şüarları səslənirsə, bu çağırış artıq bayaq qeyd etdiyimiz kimi milli xəcalət hissindən doğur. Ermənilər artıq heç nə edə bilmirlər. Onlar həmyerlilərinin qatilini ən yaxşı halda görə bilərlər. O da təbii ki, Moskva icazə verərsə…
Milli xəcalət hər gün güclənir. Biabır olmuş qürur öləziyən reaksiyalar verir. Niyə? Ona görə ki, bu boyda qanlı hadisə baş verib. Amma bir nəfər yüksək səviyyədə rus rəsmisi indiyədək mövqe bildirməyib. Doğrudur, Ermənistan Xarici İşlər Nazirliyi kütlənin qəzəbinin kükrədiyi ilk günlərdə daha çox insanları sakitldəşdirmək məqsədilə belə bir məlumat yaymışdı ki, Rusiya və Ermənistan xarici ilşər nazirləri arasında danışıqlar olub. Amma Rusiya Xarici İşlər nazirliyinin rəsmi internet səhifəsində bu barədə məlumat tapılmadı. Və o saat da hər şey aydın oldu. Heç demə, biçarə Nalbandyan özü Lavrova zəng edibmiş. Və bu xəbəri də Ermənistan Xarici İşlər nazirliyinin saytına "iki nazir arasında danışıqlar baş verdi!" şəklində qoyublarmış.