Türkiyədə “YouTube” və “Facebook” bağlana bilər Dünya

Türkiyədə “YouTube” və “Facebook” bağlana bilər

Türkiyə hökuməti "YouTube" və "Facebook"u bağlaya bilər.
APA-nın xəbərinə görə, bunu baş nazir Rəcəb Tayyib Ərdoğan "A Haber" telekanalında jurnalistlərin suallarını cavablandırarkən deyib. O, internet barədə qəbul edilən qanunun Türkiyədə bəzi dairələri narahat etdiyini söyləyib: "Çünki onların təkərinə çomaq soxuruq. Bu sahədə 30 mart seçkilərindən sonra müəyyən addımlar atılacaq. Dünya nə deyər, o nə deyər, bu nə deyər, baxmayacağıq. Milləti "YouTube"a, "Facebook"a yedirmərik. Bağlanmaları da daxil olmaqla, lazımi addımlar atılacaq".
R.T.Ərdoğan ABŞ-da yaşayan nurçuların lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsini prezident Barak Obama ilə müzakirə etdiyini bildirib: "Lazım olan hər şeyi ona söylədim. Bizdəki qeyri-sabitliyin mənbəyi sizdədir dedim. Necə ki, siz məndən nələrsə tələb edirsiniz, mən də sizdən tələb etmə haqqına sahibəm dedim. Obama müsbət baxdı, "mesaj alındı" cavabını verdi".
R.T.Ərdoğan F.Gülən haqqında "İnterpol" xətti ilə beynəlxalq axtarış elan oluna biləcəyini də vurğulayıb.