Ukraynanın şərqində separatçılar həbs edilir Dünya

Ukraynanın şərqində separatçılar həbs edilir

Donetskdə Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşı saxlanılıb

Ukraynanın Donetsk vilayətində Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşı saxlanılıb. APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün "Facebook" səhifəsində açıqlayıb. O, əməliyyatın Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirildiyini söyləyib.
Luqanskda isə yerli Vilayət Şurasının deputatı, separatçı mitinqlərin və dövlət vilayət administrasiyasının binasının tutulması aksiyasının təşkilatçılarından biri olan Arsen Klinçayev həbs edilib. Bunu da nazir Avakov "Facebook"da açıqlayıb: "Dövlət vilayət administrasiyasının binasının ələ keçirilməsini və separatçı mitinqləri təşkil edənlərdən birini - Arsen Klinçayevi saxladıq. Onun barəsində məhkəmə qərar verəcək".
Xarkov vilayət administrasiyasının keçmiş rəhbəri, Rusiyameylli siyasətçi Mixail Dobkin də həbs edilib. Ona qarşı "Ukraynanın ərazi bütövlüyünə qəsd" maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, son vaxtlar Ukraynanın bəzi şərq vilayətlərində, xüsusən Donetsk və Luqanskda Rusiyaya birləşmək tələbi ilə kütləvi aksiyalar keçirilir və dövlət binalarına hücumlar təşkil olunur. Ukrayna hökuməti bu aksiyaların Rusiyadan gəlmiş agent-provokatorlar tərəfindən təşkil edildiyini və yerli əhalinin bu cəhdlərə dəstək vermədiyini bildirir.