Rusiyada tədbirlər planı hazırlanır Dünya

Rusiyada tədbirlər planı hazırlanır

"Ölkənin müstəqilliyinin müdafiəsi" məqsədilə

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası yaranan təhlükələrlə bağlı prezident Vladimir Putinə operativ məlumat verərək "ölkənin müstəqilliyinin müdafiəsi" üzrə tədbirlər planı hazırlayır.
Bu barədə "Kommersant" qəzeti öz mənbələrinə istinadən bildirib.
Nəşrdə deyilir ki, Təhlükəsizlik Şurasının tədbirlər planında "inqilabi stereotiplərin cəmiyyətdə formalaşmasına qarşı mübarizə" xüsusi yer tutur. "Kremldə danışırlar ki, Təhlükəsizlik Şurası ölkənin müstəqilliyinin müdafiəsi üzrə işi mütəmadi aparır", - nəşr yazır.
"Kommersant"ın mənbələri qeyd edir ki, Təhlükəsizlik Şurasının tərkibində yaradılan elmi şura seksiyalara bölünür. Seksiyalarda elmi təşkilatlarla yanaşı, ayrı-ayrı mütəxəssislər də yer alıb. Onların səlahiyyətinə daxili və xarici təhlükələrin elmi cəhətdən proqnozlaşdırılması, Rusiya Federasiyasının ictimai-iqtisadi inkişafı və milli təhlükəsizliyin təminatına təsir edən amillərin müəyyənləşdirilməsi daxildir. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev elmi şuranın sədridir. Elmi şuranın yeni tərkibi 16 fevralda Vladimir Putinin fərmanı ilə təsdiq edilib. Seksiyaların qərarları tövsiyə xarakteri daşıyır və yekun qərar üçün dövlət başçısına təqdim olunur.
Nəşrin mənbələri qeyd edir ki, Təhlükəsizlik Şurasının əsas vəzifəsi "rəngli inqilablar"a qarşı əks tədbirlərin hazırlanmasıdır. Mənbənin sözlərinə görə, Təhlükəsizlik Şurasının hər iclasında bu məsələ Ukrayna kontekstində müzakirə edilir. Elmi şuranın üzvü, Moskva Dövlət Universitetinin professoru, xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Andrey Manoylo hesab edir ki, kənardan dövlət çevrilişinin təşkili riski artır.
"Qərbin sanksiyalarınin nəticəsi olaraq iqtisadi situasiyanın pisləşməsi fonunda Boris Nemtsovun qətlə yetirilməsi təcavüzkar siyasi camaatın formalaşması üçün tətik ola bilər", - rusiyalı professor deyib.