Gürcüstan öz yolunu müəyyən edib Dünya

Gürcüstan öz yolunu müəyyən edib

Üzeyir Cəfərov : "ABŞ silahlı qüvvələrinin ağır hərbi texnikası texnika uzun müddət regionda qalacaqdır"

Gürcüstanda mayın 11-dən etibarən bu ölkənin hərbçiləri ilə ABŞ Silahlı Qüvvələri arasında birgə hərbi təlimlər keçiriləcək.
Maraqlıdır, Azərbaycanda da ABŞ ordusu ilə bu cür ikitərəfli birgə hərbi təlimlərin keçirilməsi mümkündürmü? Bu, ordumuzun peşəkarlığının artırılması baxımından məqsədəuyğun olmazmı?
Məsələ ilə bağlı açıqlama verən "Hərbi Jurnalistlər" İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov öncə Gürcüstanda keçiriləcək təlimlərə diqqət çəkdi: "Mayın 11-dən etibarən birgə hərbi təlimlər keçiriləcəyi xəbəri son günlər ən çox müzakirə olunan xəbərlər sırasındadır. Hesab edirəm ki, bu ilk dəfə regionumuzda keçirildiyindən, diqqəti daha çox cəlb edir. Artıq ABŞ silahlı qüvvələrinin ağır hərbi texnikası da Gürcüstana gəlib və hesab edirəm ki, bu texnika uzun müddət regionda qalacaqdır. Baxmayaraq ki, Gürcüstan və ABŞ-ın "Noble Partner" hərbi təlimləri beş gün ərzində davam edəcək, bundan sonrakı mərhələlərdə həmən 14 "Bredli" piyada döyüş maşını, logistika və təlimlər üçün nəzərdə tutulmuş təchizat Gürcüstan Silahlı Qüvvələrinin arsenalında qalacaq və zaman-zaman keçiriləcək birgə təlimlərdə istifadə olunacaqdır.
Bu dəfəki "Noble Partner" təlimləri hərbi aerodromda və Tiflisin yaxınlığındakı Vazianı hərbi poliqonunda baş tutacaq. Birgə təlimin əsas məqamlarından biri odur ki, "Alfa" bölüyündən təxminən 600 amerika və gürcü hərbçisi iştrak edəcək və birgə fəaliyyət zəminində gələcək işlərini praktiki cəhətdən cilallayacaqlar. Həmçinin təlimlərdə Gürcüstanın qoşunlarının birinci piyada briqadasının 12 batalyonu da iştirak edəcəkdir. Bu sözsüz ki, NATO komandanlığının rəsmi Tiflisin həm etibarlı müdafiəsini təmin etmək, həm də gələcək təhlükələrdən müdafiə etmək üçün birgə fəaliyyətlərini təşkil etmək üçün keçirilən təlimlərdir. Gürcüstan öz yolunu müəyyən etdiyi üçün, Şimalı Alyans da onlara lazım olan dəstəyi və diqqəti ayırır. Sual yarana bilər ki, ABŞ və Azərbaycan arasında Azərbaycan ərazisində bu cür ikitərəfli birgə hərbi təlimlər keçirilməsi də mümkündürmü? Əlbəttə ki, mümkündür. Amma zaman baxımından hələ bir qədər gözləmək lazım olacaq. Bu da bir sıra obyektiv və subyektiv səbəblərədn asılıdır. Amma düşünürəm ki, yaxın illərdə biz belə təlimlərin də şahidi olacağıq".