Nüvə danışıqlarının yekun raundu başlayır Dünya

Nüvə danışıqlarının yekun raundu başlayır

Cavid

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyunun 30-a qədər Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq razılığın əldə edilməsindən öncə bazar ertəsi Avropa İttifaqına daxil olan bir neçə ölkədən həmkarları ilə görüşəcək. İranın nüvə proqramına dair danışıqların yekun raundu gələn həftə başlayacaq.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Avropa İttifaqının adının açıqlanmadığı mənbəsi deyib ki, Zərif Britaniya, Almaniya və Fransanın xarici işlər naziri Filip Hammond, Loren Fabius və Frank-Valter Ştaynmayerlə görüşlər keçirəcək.
Danışıqlar Avropa İttifaqı xarici işlər nazirliyinin iştirakı ilə keçiriləcək tam tərkibli iclas çərçivəsində aparılacaq. İclasda Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması və Aralıq dənizində insan alveri ilə məşğul olan şəxslərlə əlaqədar hərbi dəniz qüvvələrinin əməliyyatlara başlaması məsələləri müzakirə ediləcək.
Xatirladaq ki, İranla Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya arasında çərçivə razılığı aprelin 2-də əldə edilib. Tərəflər İranın nüvə proqramını məhdudlaşdırması müqabilində Tehrana qarşı iqtisadi sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan yekun razılığının əldə olunmasına çalışır.
Fransanın yüksək səviyyəli bir diplomatının bildirdiyinə görə, dünya qüdrətləri danışıqların uzadılması deyil, iyunun 30-u son möhlətə qədər razılığın əldə edilməsini qarşıya məqsəd qoyub.
Bu arada, İran partlamenti mübahisəli nüvə proqramına dair dünya gücləri ilə razılığın bir hissəsi olaraq hərbi obyektlər və sənədlərlə tanış olmaq, eləcə də alimlərlə müsahibələr keçirilməsinə qadağa qoyulmasına səs verib.
ABŞ Dövlət Departamenti təftişin yekun razılığının bir hissəsi olduğunu bəyan edib.
"ABŞ konqresi və Barak Obamanın İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fikir ayrılığının bizə dəxli yoxdur, bu onların öz daxili problemləridir. Əgər nüvə danışıqları nəticə verməsə, müzakirələrin dayanmasında Barak Obama məsuliyyət daşıyacaq".
"İRNA"ya istinadla verdiyi xəbərə görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib.
İran parlamentinin sədri son günlərdə ABŞ konqresinin İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı istəklərə və çağırışlara toxunaraq, bunun İrana heç bir aidiyyatı olmadığını bəyan edib. Onun sözlərinə görə, yeni sanksiyalar müzakirələrin dayanmasına səbəb olacaq və bu məsələdə məsuliyyəti Barak Obama daşıyacaq.
Onu da qeyd edək ki, danışıqlar və onun mümkün nəticələrilə bağlı Twitter, Facebook və BBC Fars Xidmətinin saytında çoxsaylı şərhlər dərc olunub. "Zənnimcə sövdələşməyə nail olunacaq, çünki bu baş verməsə Yaxın Şərq və ABŞ kimi ölkələr iki dünya müharibəsindən betər müharibə ilə nəticələnən yola qədəm qoymuş olacaqlar", - "Seyed Hadi" Facebook-da yazır. Facebook-da daha bir şərhlə "Mahdi Afshar" adlı istifadəçi bölüşüb. O, tərəflər arasında razılaşmanın əldə olunduğu təqdirdə sanksiyaların tədricən qaldırılacağını və bunun iqtisadiyyat və İran əhalisinin həyatına müsbət təsirinin illərcə hiss olunmayacağını yazır. "Son müddətədək razılaşma əldə olunmazsa, ona gələcəkdə nail olmaq ehtimalı aşağıdır və qərb ölkələri çox şey itirəcək", Twitterdə "Keshavarzzadeh" belə bir mülahizəsilə bölüşüb.
"Diako" adlı istifadəçi insan haqları ilə bağlı bənzər danışıqları görmək istədiyini deyir: "Hazırkı danışıqlarda əhəmiyyətsiz olan yeganə şey İranda insan hüquqlarıdır." "Danışıqların uğursuzluğu təqdirdə bunun səbəbkarı Qərb olacaq. İran hökuməti tələb edilən konstruktivlik göstərib, Ali Rəhbər danışıqları dəstəkləyib. Bu deməkdir ki, İran tərəfinin tək və vahid xətti olub", - BBC Fars Xidmətinin saytında "Morteza" yazır. "Mahmoud" adlı istifadəçi isə hesab edir ki, razılaşma nəticəsində İranın qərblə münasibətləri yaxşılaşacaq və bu iqtisadi inkişafın bərpasına təkan verəcək.