“İlk Avropa Oyunları dinamik inkişaf edən Azərbaycanı kəşf etməyə imkan verdi” Hadisə

“İlk Avropa Oyunları dinamik inkişaf edən Azərbaycanı kəşf etməyə imkan verdi”

Fuad Ələsgərov: "Onun mədəniyyətini, ənənələrini, qonaqpərvərliyini, ölkəmizin və Bakının gözəlliyini dünyaya tanıtdı"

"Azərbaycan iyunun 12-dən 28-dək ilk Avropa Olimpiya Oyunlarına layiqli ev sahibliyi etdi. Bu 17 gün ərzində bütün dünyanın gözü Azərbaycanda idi. Azərbaycan bu sınaqdan şərəflə çıxdı, yeni tarixə, möhtəşəm uğura imza atdı". Bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı və 2014-2015-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib. F.Ələsgərov deyib ki, ilk Avropa Oyunları dinamik inkişaf edən Azərbaycanı kəşf etməyə imkan verdi: "Onun mədəniyyətini, ənənələrini, qonaqpərvərliyini, ölkəmizin və Bakının gözəlliyini dünyaya tanıtdı". PA rəsmisinin sözlərinə görə, xüsusən ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təkrarolunmazlığı və möhtəşəmliyi dövlətimizin qüdrətini, zəngin tarixi ənənələrini nümayiş etdirdi: "Dünya yüksək təşkilatçılığın nümunəsini gördü. Yarışların, idmançıların və qonaqların mühafizəsinin yüksək şəkildə təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının rolu əvəzolunmazdır. Onlar asayişin və yarışların keçirildiyi obyektlərin qorunması, idmançıların, azarkeşlərin və digər qonaqların təhlükəsizliyinin təmin edilməsi, ölkəmizə gəlmiş dövlət və hökumət rəhbərlərinin müşayiəti və digər mühüm vəzifələri ən yüksək səviyyədə yerinə yetiriblər. Bu mötəbər tədbirin əmin-amanlıq şəraitində keçməsinə töhfələr veriblər. Deyərdim ki, biz Qərb ölkələrinə örnək ola biləcək mədəni və nəzakətli, insan hüquqlarına riayət edən və onu rəhbər turan yeni Azərbaycan polisinin fəaliyyətini gördük". F.Ələsgərov deyib ki, qarşıdan ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə - növbəti parlament seçkiləri gəlir: "İnanırıq ki, həmin dövrdə də daxili işlər orqanları öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklər. Əminik ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində böyk məsuliyyət, əzm və fədakarlıqla çalışacaqlar".
Fuad Ələsgərov daha sonra deyib ki, günümüzün çağırışlarına cavab olaraq polisin üzərinə düşən vəzifələrin dairəsi genişlənib: "Cinayətkarlığa qarşı mübarizənin və asayişin mühafizəsinin yeni formalarının tətbiq edilməsi üçün qabaqcıl informasiya texnologiyaları tətbiq edilib, maddi-texniki baza, polis orqanlarında çalışanların sosial müdafiəsi gücləndirilib". Prezident İlham Əliyev adından Azərbaycan polisini təbrik edən F.Ələsgərov dövlət başçısının xoş arzularını çatdırıb.
F.Ələsgərov qeyd edib ki, ötən illər ərzində polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilib: "2004-2015-ci illərdə Prezident İlham Əliyev tərəfindən 9 sərəncam, habelə 2003-cü ildən etibarən Daxili İşlər Nazirliyinin fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlı yüzlərlə qanunvericilik aktları imzalanıb, yüzlərlə polis əməkdaşı dövlət mükafatlarına layiq görülüb. Bütün bunlar həm də ictimai asayişin keşiyində duran DİN orqanlarının əməkdaşlarına ölkə rəhbərliyinin qayğısının, gərgin və səmərəli fəaliyyətinə verdiyi qiymətin nəticəsidir".
PA rəsmisi bildirib ki, bu gün DİN əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, təşəbbüskar, geniş dünyagörüşlü, nümunəvi davranışlı, Anda sadiq, dövlətçilik və qanunçuluq prinsipləri əsasında tərbiyə edilmiş gənc kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb.

Əli