Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır Gündəm

Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır

“Prezident İlham Əliyev TDT çərçivəsində Azərbaycanın strateji rolunu bir daha təsdiqlədi”

Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Bakıda keçirilən yüksək səviyyəli tədbir Azərbaycanın Türk Dövlətləri Təşkilatı daxilində tutduğu xüsusi mövqeyi bir daha nümayiş etdirib:

“Prezident İlham Əliyevin bu münasibətlə söylədiyi fikirlər təkcə protokol xarakterli çıxış deyil, ölkəmizin regional və beynəlxalq proseslərə verdiyi töhfələrin göstəricisidir.

Qısa müddət ərzində Bakının TDT üzv dövlətlərinin dini liderlərini, daha sonra isə Təhlükəsizlik Şuralarının katiblərini bir araya gətirməsi təsadüfi deyil. Bu, Azərbaycanın Türk dünyası ilə münasibətlərinin sistemli, çoxşaxəli və dərin xarakter daşıdığını göstərir. Ölkəmiz artıq yalnız iştirakçı deyil, həm dini-mənəvi, həm də təhlükəsizlik məsələlərinin müzakirə edildiyi etibarlı platformalardan biri kimi çıxış edir”.

Naqif Həmzəyev bildirib ki, TDT-ni dünyanın aparıcı beynəlxalq təşkilatlarından birinə çevirmək strateji hədəflərdən biridir:

“2009-cu ildə Naxçıvanda qoyulan təməldən bu günə qədər TDT-nin keçdiyi yol uğurlu inteqrasiya nümunəsidir. Azərbaycanın təşəbbüsü ilə Şuşada başlanan qeyri-rəsmi Zirvə görüşləri ənənəsi də bu prosesə mühüm töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət başçılarının ildə yalnız bir dəfə görüşməsi kifayət deyil. Bu yanaşma Türk dövlətləri arasında əlaqələrin daha operativ və canlı xarakter almasına xidmət edir”.

Deputat vurğulayıb ki, Azərbaycanın enerji və nəqliyyat sahəsindəki rolu TDT məkanında ölkəmizin strateji əhəmiyyətini daha da artırır:

“Azərbaycan Mərkəzi Asiya dövlətlərini Xəzər dənizi vasitəsilə dünya bazarları ilə birləşdirən əsas tranzit qapılardan biridir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın coğrafi mövqeyi bütün TDT məkanına mühüm imkanlar yaradır. Enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən danışmaq mümkün deyil. Bu baxımdan Azərbaycan Türk dünyası üçün mühüm bağlantı və əməkdaşlıq məkanıdır”.

Naqif Həmzəyev qeyd edib ki, Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla münasibətlərində əldə olunan nəticələr də ikitərəfli əməkdaşlığın dərinliyini göstərir:

“İmzalanan müttəfiqlik sazişləri və yaradılan birgə investisiya fondları əlaqələrin yalnız siyasi deyil, iqtisadi müstəvidə də inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin ‘Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur’ fikri də Türk dövlətləri arasında mövcud qardaşlıq münasibətlərinin siyasi iradəyə çevrildiyini ifadə edir”.

Deputat çıxışda gənclər siyasətinə xüsusi diqqət yetirilməsini də mühüm məqam kimi qiymətləndirib:

“Gənc nəslin vətənpərvərlik və milli dəyərlər ruhunda tərbiyəsi, onların fikirlərinin dinlənilməsi və inkişafı üçün şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Eyni zamanda, müasir dövrdə informasiya təhlükəsizliyi və ideoloji təsirlərlə bağlı çağırışlar da nəzərə alınmalıdır”.

Naqif Həmzəyev bildirib ki, mürəkkəb geosiyasi şəraitdə Türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır:

“Azərbaycanın həm şimal, həm də cənub qonşuluğunda münaqişələrin davam etdiyi bir şəraitdə sabitliyini qoruması mühüm göstəricidir. Bununla yanaşı, fiziki təhdidlərlə yanaşı, ideoloji və informasiya xarakterli çağırışlara qarşı da əməkdaşlığın gücləndirilməsi vacibdir”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Türk dünyasında fəal rolunu bir daha nümayiş etdirib:

“Diplomatiyadan enerji təhlükəsizliyinə, nəqliyyatdan gənclər siyasətinə, milli-mənəvi dəyərlərin qorunmasından təhlükəsizlik məsələlərinə qədər geniş spektri əhatə edən bu yanaşma göstərir ki, Azərbaycan yalnız TDT-nin üzvü deyil, həm də təşkilatın inkişaf strategiyasının formalaşmasında fəal rol oynayan dövlətdir”.

Günel Elxan