AMEA əməkdaşları Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam olunacaq Hadisə

AMEA əməkdaşları Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrindən olan əməkdaşlar Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) ezam ediləcəklər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu ilin iyununda akademiyanın Radiasiya Problemləri İnstitutunun əməkdaşları Nicat Həsənzadə və Səbuhi Nuriyev bir il müddətinə BNTİ-nin neytron fizikası laboratoriyasında mühəndislik təcrübəsi keçmək üçün ezam olunublar. Avqustda həmin institutun əməkdaşı Ramin Əkbərov BNTİ-nin yüksək enerjilər fizikası laboratoriyasında bir illik, sentyabrda isə Asif Nəbiyev və Samir Səmədov neytron fizikası laboratoriyasında üç aylıq mühəndislik təcrübəsi keçmək üçün ezam ediləcəklər. AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı Fuad Əliyev də BNTİ-nin neytron fizikası laboratoriyasında bir il ərzində mühəndislik təcrübəsi keçəcək.
Bundan başqa, AMEA-nın Fizika İnstitutunun əməkdaşları Suma Hüseynova nəzəri fizika laboratoriyasında, Ramiz Hüseynov isə neytron fizikası laboratoriyasında üç aylıq elmi işçi təcrübəsi keçəcəklər.
Xatırladaq ki, bu ilin mayında Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti AMEA-da olub. Görüşün məqsədi Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BNTİ-də Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Nazim Məmmədovun təşəbbüsü ilə bu il birgə tədqiqatlar aparmaq üçün BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlərlə görüşüb müsahibə aparmaq, onlar arasında seçim etmək, nüvə fizikası sahəsində əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə birgə görüləcək işlərin perspektivlərini müəyyənləşdirmək idi. Azərbaycan və Rusiya tərəfindən olan ekspert və işçi qrupunun iştirakı ilə aparılan müsahibə və dinləmələr nəticəsində çoxlu sayda namizəd arasından seçilən səkkiz nəfər BNTİ-də təcrübə keçmək hüququ qazanıb.