Universitetlərdə 6 555 boş yer alıb Hadisə

Universitetlərdə 6 555 boş yer alıb

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında dövlət və özəl ali təhsil müəssisələri üçün ayrılmış plan yerlərinin 83, 12 faiz dolub və 6 555-i vakant qalıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən brifinqdə deyib. O qeyd edib ki, Vakant yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq.
"Vakant yerlər "Abituriyent" jurnalının bugün çıxacaq 8-ci sayında açıqlanacaq. Bu mərhələdə eyni zamanda 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi də həyata keçiriləcək. Bu ildən 11 illik təhsil bazasından kolleclərə tələbə qəbulu buraxılış imtahanı əsasında keçirilir.
Bu müsabiqədə iştirak etmək hüququna malik olan məzunlar qeyd edilən müddətdə kolleclərin də ixtisaslarını seçə bilərlər".
Elnur Nağızadə bildirib ki, 200-300 bal arasında nəticə göstərərək tələbə adı qazanmış şəxslər 30 faiz, 300-500 bal arasında 47, 14 faiz, 500-700 bal arasında nəticə göstərərək tələbə adını qazanan şəxslər 22, 08 faizdir.
"7, 5 faiz isə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunublar. Bütünlüklə qəbul prosesi tam baş çatdıqdan, yəni ikinci mərhələ üzrə yerləşdirmənin nəticələri elan olunduqdan sonra ənənəvi olaraq TQDK tərəfindən qəbulun yekunlarına dair statistik təhlillər aparılacaq. Daha geniş, müqayisəli təhlillər ictimaiyyətə təqdim olunacaq. Bizdə yalnız ilkin statistik məlumatlar var.
Elnur Nağızadə eyni zamanda bu il orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdiyi statistik rəqəmləri açıqlayıb. "Builki məzunların 26, 21 faizi 0-100 bal arasında, 18, 97 faiz 100-200 bal arasında, 18, 28 faiz 200-300 arasında, 24, 91 faiz 300-500 bal arasında, 11, 63 faiz 500-dən yuxarı və 3,91 faiz 600-dən yuxarı bal toplayıb".