“Elə bir mühit yaratmaq lazımdır ki...” Hadisə

“Elə bir mühit yaratmaq lazımdır ki...”

Hafiz Paşayev: "...Əhalidə, gənc nəsillərdə İKT-dən necə faydalanmaqla bağlı ideyalar formalaşsın"

Dünən ADA Universitetində "İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması" devizi altında III Regional İnternet İdarəçilik Forumu başlayıb.
Forumun əsas məqsədi daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirməklə yanaşı, bu sahədə olan problemlərin müzakirəsi, maraqlı innovativ layihələri nümayiş etdirməkdir.
ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib ki, enerji əsaslı iqtisadiyyatın diversifikasiyasında İKT mühüm rol oynaya bilər: "Elə bir mühit yaratmaq lazımdır ki, əhalidə, gənc nəsillərdə İKT-dən necə faydalanmaqla bağlı ideyalar formalaşsın".
Qeyd edək ki, tədbir çərçivəsində "Təhsilin texnologiyalar vasitəsilə transformasiyası", "Məxfilik və İnnovasiya üçün Kiber Təhlükəsizlik-Regional Kiber Təhlükəsizlik Alyansları Təşəbbüsləri", "İnformatika təhsili-2019 ərəfəsində çağırışlar", "Texnologiyanın gələcəyi 2016-2020-Proqnozlar nələrdən xəbər verir", "Ağıllı cəmiyyət strategiyası-hökümətlər İKT-dən yeni cəmiyyətin yaradılmasında istifadə edirlər", "Sosial media və paylaşma iqtisadiyyatı" və "İqtisadi diversifikasiyanın İKT innovasiyalar mühitinə təsiri" kimi maraqlı mövzular müzakirə olunacaq.
ADA Universiteti, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi(RYTN) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı Ofisinin (BMTİP) birgə təşkil etdiyi iki günlük tədbirdə Azərbaycan və digər ölkələrin hökumət, biznes nümayəndələri, diplomatik nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin mütəxəssisləri daxil olmaqla ümumilikdə 300 nəfər iştirak edəcək. Ötən illərdə olduğu kimi bu il də forumda BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Ümumdünya İnternet Korporasiyası (İCANN) və digər beynəlxalq qurumların nümayəndələri də iştirak edib.
Xatırladaq ki, Azərbaycan regional İnternet İdarəçilik Forumu keçirən ölkələrin ailəsinə 2013-cü ildə qoşulub. Həmin ilin 3-5 dekabr tarixlərində Bakıda "İnternet regional inkişaf və irəliləyişin hərəkətverici qüvvəsi kimi" mövzusunda Birinci Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib.
Azərbaycanda bu sahəyə maraq 6-9 noyabr 2012-ci ildə Bakıda keçirilmiş beynəlxalq "İnsan, İqtisadiyyat və Sosial Məsələlər üzrə Davamlı İnkişaf üçün İnternet idarəçiliyi" mövzusunda VII İnternet İdarəçilik Forumundan sonra daha da artıb.
Bu tədbirə qədər ölkəmiz 2006-cı ildə Afinada (Yunanıstan), 2007-ci ildə Rio-de-Janeyroda (Braziliya), 2008-ci ildə Heydərabadda (Hindistan), 2009-cu ildə Şarm-əl-Şeyxdə (Misir), 2009-cu ildə Vilnüsdə (Litva), 2011-ci ildə Keniyanın paytaxtı Nayrobidə təşkil edilmiş forumlarda yaxından iştirak edib, təcrübə mübadiləsi aparılıb və nailiyyətlərimiz nümayiş etdirilib.