Ölkəmizdə ən böyük həcmdə tikilən ilk su kəməri Hadisə

Ölkəmizdə ən böyük həcmdə tikilən ilk su kəməri

Yaxın zamanlarda Bakının həyatında baş vermiş ən vacib hadisələrdən birinin 100-cü ildönümü tamam olur. Söhbət Bakı-Şollar su kəmərinin inşasının başa çatmasından və Şahdağın ətəyindən Bakıya içməli suyun gətirilməsindən gedir. Bu gün Bakının, demək olar ki, hər bir sakini "Bakı-Şollar su kəməri nə zaman və kim tərəfindən çəkilib?" sualına belə cavab verəcək: "Bu, Tağıyevin dövründə və onun vəsaiti hesabına baş verib".
Hələ 1890-cı ildə şəhər dumasının üzvü Hacı Zeynalabdin Tağıyev və böyük maarifçi-ziyalı Həsən bəy Zərdabi şəhər əhalisinin su təchizatının yaxşılaşdırılması ilə bağlı səylər göstərirdilər. Həmin dövrdə Bakını vəba xəstəliyi bürüyürdü. Səbəblərdən biri də Kürdən gələn suyun həddən artıq çirkli olması idi. Hacı Zeynalabdin Tağıyev çıxışlarından birində deyirdi: "Bir halda ki, Tiflisdə çaya kanalizasiya suyu axıdılır, onu xalqa vermək olmaz".
Hacı şəhərə yeraltı sular çəkilməsinin tərəfdarı imiş. 1898-ci ildə o öz cibindən 3 min manat qızıl pul ayırır və şəhər idarəsini işçisi İbad Əliyevi Odessaya ezamiyyətə göndərir. Orada Hidravliklərin beynəlxalq qurultayı gedirmiş. Mühəndis orada müsabiqə elan edir. Bakıya ən sərfəli su kəməri təklif edənə 3 min manat veriləcəyini bildirir. O vaxt bu qurultayda olan milliyyətcə isveç, ingilis təbəəsi, Almaniyanın Frankfurt-Mayn şəhərində çalışan məşhur hidravlik mühəndis L.Lindley bu təklifə müsbət cavab verir.
Lindleyi Bakıya çağırırlar. O bütün su mənbələrini gəzir. Ancaq indiki Şollar bulaqlarını bəyənir:
"Üstü qarlı Şahdağdan süzülüb gəlməsi, dənizə 12 yeraltı çayın axması, suyun tərtəmiz olması Lindleyin buranı seçməsinə səbəb olur. İçməli suyun simvolu - Şollar suyudur - deyir!
"Çox məlumatlı" bakılılar isə məsələni daha ətraflı nəql edirlər: "Bakılı zənginlər şəhərin içməli su ilə təmini məsələsini həll etmək üçün Tağıyevin evində toplaşıblar. Kürdən su çəkilməsi üçün 10 milyon rubl tələb olunurdu. Suyun Şollardan gətirilməsi isə 20 milyona başa gəlirdi. Hər kəs bilirdi ki, Şollar suyu daha yaxşıdır. Lakin zəngin insanlarda oradan su kəməri çəkəcək qədər pul yox idi. O zaman Hacı deyir: "10 milyonu siz yığın, qalan pulu mən verəcəyəm. Bununla da şəhəri içməli su ilə təmin edəcəyik". Beləliklə, Bakı Hacının hesabına Şollar suyu ilə təmin olunub.
Tarixçi alim Vahid Xanəliyev Bakının su təchizatı tarixini "maraqlı və keşməkeşli" adlandırıb: "1859-cu ildə baş verən dağıdıcı Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin bura köçməsi, 1870-ci ildən şəhər statusu verilməsi və özünüidarə sisteminin tətbiqi, 70-ci illərdən sonra neft sənayesinin sürətli inkişafı Bakını əyalət şəhərindən dünyanın ən böyük sənaye şəhərlərindən birinə çevirdi".
V.Xanəliyev bu sıraya dəmiryol xəttinin çəkilişini, qeyri-neft sektoruna sərmayə qoyuluşunun artmasını da əlavə etdi: "Artıq 90-cı illərdə Bakıda 350-dən çox milyonçu vardı".
Bütün bunlar su təchizatında böyük çatışmazlıqların yaranmasına səbəb olub.
V. Xanəliyev 70-ci illərə qədər İçərişəhəri təmin edən 3 su xətti olduğunu bildirdi: "XV əsrdə tikilən Şahsu kəməri, Məmmədqulu xan və Hüseynqulu xan su kəmərləri".
Bundan əlavə, şəhərdə 600-ə qədər quyu olduğunu söyləyən Vahid Xanəliyev quyuların çoxunun şor olduğunu, bəzilərinin isə diqqətsizlikdən tez sıradan çıxdığını vurğuladı: "Elə bu səbəbdən də, Bakıda tez-tez yoluxucu xəstəliklər baş verirdi ki, bu da çoxlu can alırdı".
Artur Kappel adlanan su şirinləşdirici şirkətin sutkada 90 min vedrə su təmizləməsi də problemi həll edə bilmir: "Çünki bu su da əhaliyə tam verilmirdi. Neft müəssisələrinə çatdırılırdı. Quyuların tamponajı şirin su ilə aparılırdı. Bakıya gələn suyun 70 faizi neft emalına sərf olunurdu".
Əhalinin su təchizatını Adamyan və Babayan qardaşlarının quyu şirkətinin gördüyünü deyən tarixçi alim, bu sahədə inhisar olduğundan, o dövrdə suyun qiymətinin xeyli qalxdığını da sözlərinə əlavə etdi.
1904-cü ildə Zuğulbadan çəkilən su da şəhəri xilas edə bilmir. Su yararsız idi, texniki məqsədlər üçün istifadə olunurdu.
Belə bir dövrdə şəhər idarəsinin və Dumasının tərkibində xüsusi su təchizatı şöbəsi yaranır. Onun da xüsusi bir xeyri olmur.
Və bu zaman Hacı Zeynalabdin Tağıyev (o şəhər idarəsinin və Dumasının üzvü idi), eləcə də Həsən Bəy Zərdabi (o da komissiyanın üzvü idi) əhalinin su təchizatını yaxşılaşdırmaq üçün çox böyük səylər göstərməyə başlayırlar.
Hacı hələ 90-cı illərdə - şəhəri növbəti vəba xəstəliyi bürüyəndə, Kürdən Bakıya su çəkilişi ideyasına qarşı çıxıbmış: "O deyirdi ki, bir halda ki, Tiflisdən çaya kanalizasiya suları axıdılır, onu xalqa vermək olmaz".
Adamyan-Babayan qardaşları və şəhərə su daşıyıb satan Saruxanyan küllü miqdarda xeyir götürürdülər və kəmərin çəkilməsinə qarşı idilər. İl ərzində suya 25-30 min xərc qoyurdularsa, gəlir 120-130 mini ötüb küçirdi....
Onlar Quba-Xaçmaz bəylərini bu kəmərin çəkilməsinə qarşı çıxmağa səsləyirdilər. Deyirdilər ki, oradan su çəkilsə torpaqlarınız məhv olacaq!".
Lindleyin təklifi Moskvada yerləşən "Neptun" Ekspertiza Cəmiyyətinə göndərilir. "Neptun"dan müsbət cavab gəlir: "Kəmərin çəkilişi əksinə, bitkilərə zərər verən artıq su ehtiyatının normallaşmasına səbəb olacaq".
Ərazinin cənub hissəsində kəndli təsərrüfatlarına kömək üçün Samurdan şəhər idarəsinin hesabına suvarma kanalı çəkilməsi şərtilə razılaşırlar. Amma Dumada, şəhər idarəsində yenə kəmərin əleyhdarları var idi. Və onda Lindley Dumada çıxış edir.
Bakı-Şollar su kəmərinin təntənəli açılışı 1917-ci il fevral ayının 18-də "Naxır" bulağının üstündə baş verir. İlk kranı açmaq şərəfi Hacı Zeynalabidin Tağıyevə nəsib olur.
O vaxtdan çəkilmiş borulara və su anbarlarına kiçik təmirdən başqa əl dəyməyib. Yüz ildir milyonlarla insan bu xəttdən çeşmə suyu içir və H.Z.Tağıyevə rəhmət oxuyur.
Zaman keçdikcə, Bakının suya tələbatı artdıqca yeni fikirlər meydana gəlir və əlavə mənbələr axtarılır. 1939-cu ilin yayında Quba rayonunun Zərqava kəndinin sakinləri Samur-Dəvəçi kanalının çəkilməsi barədə təşəbbüs qaldırır. Avqust ayında Quba, Qusar, Xaçmaz və Dəvəçi rayonlarının əməkçiləri də bu təşəbbüsə qoşulurlar. Həmin ilin oktyabrında Mərkəzi Komitə və Azərbaycan Xalq Komissarları Soveti Samur-Dəvəçi kanalının çəkilməsi haqqında qərar qəbul edir. 87 kilometr uzunluğunda kanal Qusar rayonunun Qullar kəndindən başlayaraq Dəvəçi rayonunun Qızılburun dəmiryol məntəqəsinədək çəkilməli idi. Torpaq işlərinin dekabrın 15-dək, hidrotexniki qurğuların 1940-cı ilin aprel ayının 28-dək başa çatdırılması nəzərdə tutulmuşdu. Bəs kanal nə ilə çəkilməliydi?
Həmin qərardan bir bənd: "... Kanal çəkilişində iştirak edən kolxozçular üçün bu il oktyabr ayının 20-dək Quba, Qusar, Xaçmaz, Dəvəçi, Xızı və Qonaqkənd ra¬yonlarına lazım olan 20 min bel, 10 min külüng, 3 min ling, fanar, vedrə və başqa mallar göndərilməsi... Tikinti idarəsi üçün oktyabrın 25-dək işçi briqadası ilə birlikdə 3 saz ekskvator ayrılıb tikinti idarəsinə verilməsi təklif edilsin".
O dövr üçün bu, çox mühüm qərar idi. O zamankı "Kommunist" qəzeti 14 oktyabr 1939-cu il tarixli baş məqaləsində yazırdı: Samur-Dəvəçi kanalının tikintisi üçüncü beşilliyin ən əsas nəhəng tikintisidir".
Qazıntı işlərinə birinci olaraq Qusar rayonunun əməkçiləri başlayır. Ümumi məsafə 6 rayon arasında bölünmüşdü. Kanalın 18 kilometri Qusar rayonunun ərazisindən keçirdi.
Bir vaxtlar tikintinin qabaqcılı olan Sudyabəy Müslümovun xatirələrindən: "Biz gündəlik iş normasını on-on iki dəfə artıq ödəyirdik. Kolxozçulara 1 kubmetr torpağın çıxarılması üçün bir əmək günü verirdilər (Təxminən indiki manat hesabı ilə 50-60 qəpik). Təkcə Qusar rayonunda gündə 8-9 min nəfər işə çıxırdı".
Xızı rayonunun əməkçiləri ruhlanaraq gecə növbəsində fanar işığı ilə işləmək təşəbbüsünü irəli sürürlər. Bu iş üçün 10-15 min gecə fanarı sifariş verilmişdi. Ukraynadan, RSFSR-dən, Özbəkistandan vəsait və materiallar göndərilirdi. "Fərqanə" kanalının çəkilişində iştirak edən mü¬təxəssislər də öz köməklərini göstərirdilər. Ümumiyyətlə, kanalın çəkilişində gündə 40-45 min nəfər əməkçi çalışırdı.
Respublikanın rəhbər işçiləri ilə yanaşı, Səməd Vurğun, Bülbül, Süleyman Rüstəm, Xan Şuşinski və digər mədəniyyət, incəsənət xadimləri tez-tez əməkçilərin görüşünə gedirdilər.
Torpaq işləri nəzərdə tutulmuş 75 gün əvəzinə, 50 gün müddətində 107 km. məsafədə başa çatdırıldı. 1940-cı ilin mayında isə hidrotexniki qurğuların tikintisi yekunlaşdırıldı. O vaxtlar ölkənin ağsaqqalı sayılan M.İ.Kalinin kanalçəkənlərin görüşünə gəlmiş və yüzlərlə insanların əməyi yüksək qiymətləndirilmişdir
Samur-Dəvəçi kanalı perspektivdə Samur çayının suyunu 200 km.-dək məsafəyə - Bakıya çatdırmalı və öz yolu boyu 150-200 min hektar sahəni suvaran güclü su magistralına çevrilməli idi. Bu arzu müharibədən sonrakı illərdə və müasir həyatımızda həqiqətə çevrildi. Kanal Bakıya qədər uzadılaraq Samur-Abşeron adlandırıldı və Bakının əksər hissəsini su ilə təmin etmək üçün Ceyranbatan su hövzəsi yaradıldı.
1956-1959-cu illərdə fədakar insanların alın təri, min bir zəhməti ilə inşa edilmiş və istismara buraxılmış, "Samur-Abşeron" kanalının töküldüyü Ceyranbatan su hövzəsinin həcmi hazırda 186 mln.kub olmaqla, saniyədə 25 kub metr maksimum güclə qidalanır.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri "Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi" adlı fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir


Habil Hüseynov