Hüquq müdafiəçisi müdafiə və daxili işlər nazirlərinə müraciət edəcək Hadisə

Hüquq müdafiəçisi müdafiə və daxili işlər nazirlərinə müraciət edəcək

Elçin Behbudov: "Mənə şikayət etdilər ki, bir şilləyə, bir təpiyə görə həbs olunublar"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Bəhmən Həsənov bir sıra rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinqlər keçiriblər.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Zərdab, Ağcabədi, Beyləqan və Horadiz şəhər polis şöbələrinin müvəqqəti saxlanma yerlərində olublar: "Monitorinq zamanı ciddi nöqsanlar aşkar edilmədi. Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan əsgərlər mənə şikayət etdilər ki, bir şilləyə, bir təpiyə görə həbs olunublar. Hesab edirəm ki, bu düzgün deyil. Həmin gənclər daha yüngül cəza ilə cəzalandırılsalar, daha yaxşı olar. Həmin əsgərlərin şikayəti ilə bağlı müdafiə naziri Zakir Həsənova müraciət edəcəyəm".
E. Behbudov Horadiz şəhərində İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə də görüşdüklərini bildirib.
Hüquq müdafiəçisi monitorinqin davam etdiriləcəyini, gün ərzində İmişli, Saatlı, Sabirabad rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə baxış keçirəcəklərini də bildirib: "Bakıya qayıtdıqdan sonra monitorinqin nəticələri barədə daxili işlər naziri Ramil Usubova ərizə ilə müraciət edəcəyəm".