Sosial mənzil şəhərciyindən hamı ev ala bilər Hadisə

Sosial mənzil şəhərciyindən hamı ev ala bilər

Sosial mənzil şəhərçiyində yalnız güzəştli kateqoriyaya deyil, həmçinin güzəşt hüququ olmayan vətəndaşlara da mənzillərin satılması nəzərdə tutulacaq.
Bu sözləri iqtisadçı alim Vüqar Bayramov sosial evlərin tikintisi ilə bağlı bildirib. Onun sözlərinə görə, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) MMC 3 yaşayış binasının tikintisi ilə bağlı inşaat şirkəti ilə müqavilə bağlayıb.
"İnvestor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək. Həmin binanın yaşayış sahələri "Güzəştli mənzil" elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq".
V.Bayramov qeyd edib ki, digər iki bina şirkət tərəfindən birbaşa şəhərcikdə mənzil almaq istəyi olanlara təklif ediləcək:
"Şəhərcikdə yerləşəcək həmin binalardakı mənzillərə güzəştli kateqoriyadan olmayan vətəndaşlar da sahib ola biləcək. Gözlənilir ki, həmin binalardakı mənzillərin qiyməti sosial mənzillərə nisbətən daha yüksək olacaq. Təbii ki, MİDA həmin binalardakı mənzillərin qiymətinə müdaxilə etməyəcək. Bu, birbaşa əmlak bazarındakı qiymətlərə uyğun olacaq. Bununla yanaşı, əgər vətəndaşın güzəştli statusu yoxdusa və sosial mənzil şəhərciyində evə sahib olmaq istəyirsə, o zaman sözügedən 2 binadakı mənzillərə müraciət etmək hüququ olacaq. Eyni zamanda, 60 mənzillik 12 mərtəbəli binanın pulsuz olaraq MİDA-nın sərəncamına verilməsi sosial evlərin ümumi xərcinin və eləcə də sosial mənzillər üçün aylıq ödəniş məbləğinin azalmasına səbəb ola bilər".