KİVDF-də görüş Hadisə

KİVDF-də görüş

Dünən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) Şimali Kiprin Təhsil və Mədəniyyət naziri Özdemir Berova ilə KİV rəhbərlərinin görüşü keçirilib. Movqe.az-ın məlumatına görə tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Şimali Kiprin Təhsil və Mədəniyyət naziri Özdemir Berova, onun müavini Ziya Öztürkler, təhsil müşaviri Ahmet Simitçioğlu, ŞKTC-nin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer iştirak ediblər. Görüşə millət vəkili, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas, deputat, " Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, Fondun Müşahidə Şurasının sədri, "Xalq qəzeti" min baş redaktoru Həsən Həsənov, ölkənin 20-dək aparıcı mətbu orqanının rəhbərləri də iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli bu görüşün təhsil və turizm sahəsində qarşılıqlı əməkdaşlıq məqsədi daşıdığını söyləyib. Daha sonra çıxış edən Özdemir Berova Şimali Kipr Türk Cümhuriyyətində son 15 ildə təhsil və turizm sahəsinin inkişaf etdiyini söyləyib. O, bildirib ki, hazırda Şimali Kiprdə təhsil alan 95 min tələbədən 500-nü Azərbaycandan olan tələbələr təşkil edir. O, hazırda Azərbaycandan olan 30 müəllimin Şimali Kiprdəki universitetlərdə çalışdığını söyləyib. Özdemir Berova Şimali Kiprdə təhsil alan tələbələrin sayının günü-gündən artdığını söyləyib:"Biz təhsil sahəsində Azərbaycanla əlaqələrin, əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarıyıq. Hazırda 30 azərbaycanlı tələbə dövlət xətti ilə Şimali Kipr universitetlərində pulsuz təhsil alır. Başqa ölkələrin tələbələri ilə bağlı isə bu rəqəm 20-dir. Biz azərbaycanlıların təhsillə yanaşı Şimali Kiprdə turizmə də böyük maraq göstərməsindən böyük məmnunluq duyuruq". Görüşdə çıxış edən Aqil Abbas isə Azərbaycanın Şimali Kiprdə təhsilə böyük diqqət və maraq göstərdiyini bildirib:" Bu diqqət və maraq Şimali Kiprdəki ali təhsil müəssisələrinin yüksək səviyyədə təhsil verməsindən irəli gəlir. Biz bu qarşılıqlı əmkdaşlığı təqdir edir və bu əməkdaşlığa dəstək verməyə hazırıq". H. Məmmədov isə Şimali Kiprin sülb və təhsil mərkəzi olduğunu söyləyib:" Biz orada xarici tələbələrə yaradılan şəraitlə tanışıq. Ona görə də, valideynlər öz övladlarını tərəddüdsüz Şimali Kiprə təhsil almaq üçün göndərir". Bəhruz Quliyev isə, Şimali Kiprin turizminin Azərbaycanda təbliğinə diqqət yetirilməsinin vacib olduğunu qeyd edib. "Şərq qəzeti" min baş redaktoru Akif Aşırlı isə Şimali Kipr universitetlərinin ölkəmizdə təbliğinə, reklamına ehtiyac olduğunu vurğulayıb. "Trend" İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev isə Şimali Kipr universitetləri ilə bağlı azərbaycanlı valideynləri qiymətlərin və diplomun tanınması məsələsinin daha çox maraqlandırdığını söyləyib. Özdemir Berova isə Şimali Kipr universitetlərinin diplomlarının tanınmasında bütün maneələri dəf etdiklərini,hazırda belə bir problemin olmadığını söyləyib. O,həmçinin azərbaycanlı tələbələrin kiprli tələlərin ödədiyi təhsil haqqına yaxın məbləğdə ödəniş etmələri üçün iş aparıldığını söyləyib.Tədbirdə çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə Şimali Kiprdəki universitetlərdə qiymətlərin yüksək olduğunu diqqətə çatdırdı. H. Həsənov çıxışında Şimali Kiprin Azərbaycanda sevildiyini, hər kəsin qəlbində bir Kipr sevgisi olduğunu söylədi.Görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunub.