Azərbaycan-Rusiya birgə komissiyanın iclası keçirilib Hadisə

Azərbaycan-Rusiya birgə komissiyanın iclası keçirilib

Xələf Xələfov: "Rusiya ilə sərhədlərin demarkasiyası üçün lazım olan 8 təlimatdan 4-ü razılaşdırılıb"
Bakıda Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın ikinci iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Rusiya arasında qarşılıqlı etimadın yüksək səviyyəsi və dostluq münasibətlərinin nəinki ikitərəfli, o cümlədən regional xarakterli məsələlərin həllinə kömək edəcəyinə ümidvar olduğunu deyib: "Bu kontekstdə biz əminik ki, Rusiya regionda stabilliyin və təhlükəsizliyin möhkəmlənməsində vacib rol oynayan qonşu dövlət və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi 20 ildən çoxdur davam edən bu qanlı münaqişənin tez bir zamanda həlli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün öz töhfəsini verəcək".
Demarkasiya üzrə komissiyanın Rusiya tərəfdən həmsədri Vadim Postnov isə prezidentlər arasında imzalanmış sərhəd haqqında sənədi xatırladaraq növbəti iş üçün geniş imkanların açıldığını söyləyib. O, prosesdə irəliləyişlərin əldə olduğunu əlavə edib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov iclasın yekunlarını şərh edərkən bildirib ki, Rusiya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun olaraq demarkasiya işləri davam etdiriləcək".
Nazir müavini xatırladıb ki, dövlət başçıları tərəfindən "Dövlət sərhədi haqqında" müqavilə imzalanıb və qüvvəyə minib: "Biz komissiyanın səlahiyyətlərinə uyğun olaraq və demarkasiya prosesini aparmaq üçün müvafiq təlimatlar və qaydalar işləyib hazırlayırıq və onları qəbul edirik.
Səkkiz təlimat qəbul olunmalıdır. Bu təlimatlardan 4-nü ikinci iclasda razılaşdırmışıq. İnanıram ki, ikinci iclasın nəticələrinə görə bu təlimatlar qəbul olunacaq".