Ermənilərin Füzuli istiqamətində hücum cəhdi Hadisə

Ermənilərin Füzuli istiqamətində hücum cəhdi

Düşmən geri oturdulub, yaralananlar var

Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
Mayın 21-dən 22-nə keçən gecə isə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib.
Təxribat zamanı yüngül yaralanmış gizir Məmmədov Murad Asif oğlu, əsgərlər - İsaqov Tural Eldar oğlu və Mirzəli Mirzə Asif oğlu hərbi tibb müəssisəsinə yerləşdiriliblər.
Hərbi qulluqçuların vəziyyəti kafidir, heç birinin həyatı üçün təhlükə yoxdur.
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.