Suriyada daha bir azərbaycanlı öldürüldü Hadisə

Suriyada daha bir azərbaycanlı öldürüldü

O, əvvəllər Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşub

Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın Suriyada vuruşan azərbaycanlı döyüşçülərdən aldığı məlumata görə, "Yehya Azəri" kimi tanınan azərbaycanlı döyüşçü Hələb yaxınlığında Bəşər Əsəd qüvvələri tərəfindən vurulub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində Suriyanın Hələb şəhəri yaxınlığında öldürüldüyü barədə məlumat yayılan azərbaycanlının Sumqayıt sakini Elməddin Quliyev olduğu müəyyən edilib. E. Quliyev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
O, Suriyada vəziyyət gərginləşəndən sonra bu ölkəyə gedərək İraq Şam İslam Dövləti qruplaşmasına qoşularaq hökumət qüvvələrinə qarşı vuruşmağa başlayıb.
E. Quliyev əvvəllər Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşub. Suriyada vəziyyət gərginləşəndən sonra isə bu ölkəyə gedib. Uzun müddət Suriyanın Xüms şəhərində vuruşan döyüşçülərin əmiri olub. Xüms şəhəri ətrafında gedən döyüşlərdə E. Quliyevin hökumət qüvvələrinə məxsus qırıcı təyyarəni vurduğu bildirilir. Məhz buna görə hökumət qüvvələri onun başına pul qoyubmuş.
E. Quliyev alman və ingilis dillərini mükəmməl bilirmiş.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib.