“Hərbi and” andına sadiqdir – 15 il Hadisə

“Hərbi and” andına sadiqdir – 15 il

Dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.
Azərbaycanın ilk müstəqil hərbi qəzeti sayılan və artıq bu sahədə ciddi sanbala malik "Hərbi And" qəzeti də 15 ildir ki, gənc nəslə bu meyarları aşılayır.

2002-ci ildə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) tərəfindən təsis olunan qəzetin amalı, məqsədi gənclərimizi, cəmiyyətimizi maarifləndirmək olub və bu 15 il ərzində qarşıya qoyduğu məqsədlərə çatıb. Qəzet ilk gündən gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb.
"Hərbi and" səhifələrində milli vətənpərvərlik hissinin məzmununu doğma Vətənə məhəbbət, onun tarixi keçmişi, adət-ənənələri ilə fəxr etmək, Vətənin, millətin mənafeyini öz mənafeyi kimi dərk etmək və onun müdafiəsinə hər an hazır olmağı gənclərimizə çatdırıb.
Onu da qeyd edək ki, qəzet nəinki yalnız hərbi sahədə, eləcə də ictimai, siyasi, sosial, mədəni mövzularda da maraqlı, önəmli yazılarla oxucuların görüşünə gəlir.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin mətbu orqanı olan "Hərbi and" qəzeti artıq 15 ildir ki, ışıq üzü görür. Qəzeti işıq üzü görməyə başladığı ilk gündən izləyirəm. Kollektivinin necə fədakar və vətənsevər insanlardan ibarət olduğunu da yaxşı bilirəm. Qəzetin 15 il ərzində fasiləsiz olaraq işıq üzü görməsində baş redaktor Emin Həsənlinin xidməti böyükdür. Emin Həsənli Vətənə olan sevgisini "Hərbi and"ın səhifələrində də daşımağı bacarıb, bu qəzet vasitəsilə Azərbaycan Silahlı Qüvvələrinə, onun əsgər və zabitlərinə sevgi aşılamağa çalışıb. Emin Həsənli Vətəninə son dərəcə bağlı olan, vətənsevərliyini əməlində, gördüyü işlərdə büruzə verən səmimi, təvazökar bir qardaşımızdır. Azərbaycan silahlı qüvvələri ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin qurulmasında onun təşəbbüsləri də böyük rol oynayıb. Emin Həsənlini və "Hərbi and" qəzetinin kollektivini təbrik edir, yaradıcılıq uğurları arzulayıram".
Qəzetin hərbi xidmətdə belə oxucularından olan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ölkədə hərbi vətənpərvərliyin formalaşmasında, orduda hərbiçilər arasında döyüş ruhunun qaldırılmasında "Hərbi and" qəzetinin xüsusu rolu danılmazdı: "Hər bir Silahlı qüvvələrin mətbut orqanı onun aynasıdır. "Hərbi and" qəzeti bu gün ölkənin, deyərdim ki, aparıcı mətbuat oraqanıdır. Tirajı az olsa da orada gedən materiallar bir neşə ay aktual kəsb edən mövzular olur. Mən hərbi xidmətdə olanda daima "Hərbi and" qəzetinin bütün nömrələrini oxuyurdum və burada dünya, əsasən ölkəmizdə gedən ordu quruculuğunun inkişafı barədə əhatəli məlumatlı olurduq. "Hərbi and" qəzeti bu gün regionda güclü Azərbaycan ordusunun mətbuat səhifəsidir. Qəzeti təbrik edirəm və Silahlı qüvvələrin inkişafı naminə uğurlazr arzulayıram".
Ekspert Elşən Həsənov "Hərbi and"ın 15 illik yubleyi ilə bağlı fikirlərini bildirib: "Qəzet nəşr olunduğu gündən onun hər səhifəsini izləyirəm. Qəzet üzərinə böyük bir missiya götürüb və onu layiqincə yerinə yetirməkdədir. Bu missiya, xidmətdə olan gənclərimizə hərbi-vətənpərvərlik hislərini aşılamaq, onlara xalqa, vətənə, torpağa sevgini, sədaqəti gücləndirməkdir. Bundan şərəfli xidmət yoxdur. Hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olub. Vətənə məhəbbət, öz xalqına hörmət, ölkəsinə xor baxan düşmənlərinə nifrət hisslərini aşılayan, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizəyə hədəf götürən hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının Vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur. Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət göstərməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi-vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılığından, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir. "Hərbi And" bu kimi meyarları cəmiyyətimizə aşılayır, bu işdə ona yalnız uğurlar arzulaya bilərik".
Onu da qeyd edək ki, qəzet bu 15 illik fəaliyyəti dövründə Azərbaycan mətbuatında bir sıra mühüm layihələrə imza atıb, yeniliklərlə fərqlənib. Qəzetin 2012-ci ildə, 10 illik yubiley münasibətilə açılan internet versiyası - herbiand.az ünvanlı sayt fəaliyyət dairəsini daha da genişləndirib. Artıq oxucular müxtəlif sahələrdə baş verən ən son yeniliklərlə anındaca xəbər tutmaq imkanına malikdirlər. Saytın "Cəmiyyət", "Hərb", "Siyasət" kimi bölmələrindən əlavə, "Mədəniyyət", "Tarix", "İdman", "Gənclər" kimi bölümlərinin də yaradılması qəzetin yalnız bir istiqamətə deyil, cəmiyyətin müxtəlif sahələrinə diqqət ayırdığını göstərir.
15 illik yubiley münasibətilə "Hərbi and" qəzetinin kollektivini və oxucularını təbrik edirik.