Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir... Hadisə

Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir...

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyi və Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvü, sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə "Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir" şüarı altında sosial aksiya keçirilib. Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə əvvəlcə qadın zorakılığı və ona qarşı mübarizə ilə bağlı videoçarx göstərilib.
Daha sonra tədbir iştirakçılarına qadın zorakılığının səbəbləri və ona qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, dünyada hər üç qadından biri fiziki zorakılığa məruz qalır. Cinsi zorakılığa məruz qalanların sayı isə daha çoxdur. Heç bir ölkədə qadınlar zorakılıqdan azad deyil. Bunun əsas səbəbləri kimi maddi vəziyyətin aşağı olması, narkotik və içki aludəçiliyi göstərilir. Dünya ictimayyətinin narahatlığına səbəb olan ən ağrılı problemə qarşı birgə addımların atılması üçün BMT Baş Assambleyası 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Təşkilata üzv olan Azərbaycanda da bu beynəlxalq günə, eləcə də bəşəriyyətin daim üzləşdiyi qadın zorakılığına qarşı müxtəlif tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev qadınların ən böyük dəstəkçilərindən olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci-vitse prezident Mehriban Əliyeva öz çıxışlarında daim bu mövzuya yer ayırıblar.
Tədbirin təşəbbüskarı Ruhi Əliyeva çıxışında hər kəsi qadın zorakılığına son verməyə səsləyib. O, qadına mərhəmət, nəvaziş göstərməyi alqışlayıb, zərif cinsin nümayəndələrinə qarşı istər fiziki, isərsə də psixoloji şiddəti kəskin qınayıb. R,Əliyeva hər kəsi bu önəmli mübarizədə fəal olmağa, zorakılığa məruz qalan qadınlara yardım əli uzatmağa səsləyib. DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik-leytenant İlkin Qurbanov bildirib ki, hazırda dünya ölkələrində olduğu kimi, Azərbaycanda da zorakılığa məruz qalan qadınlar arasında insan alveri qurbanları da var. İnsan alveri qurbanlarına çevrilən qadınların cəmiyyətə inteqrasiyası, ayrı-seçkiliyə məruz qalmaması, ictimai əməyə cəlb edilməsi üçün sahibkar qadınlar fəallıq nümayiş etdirirlər. Cəmiyyət də həmin qadınlara qınaq obyekti kimi baxmamalı, daim dəstək olmalıdır.
Tədbirin bədii hissəsində xalq artisti Samir Cəfərov, Elton Hüseynəliyev, Gəncə Dövlət Filarmoniyasının kamera orkestrı çıxış edib. Həmçinin Azərbaycan Dövlət Pantomim Teatrının qadın zorakılığına qarşı mini tamaşası nümayiş olunub. Qeyd edək ki, noyabrın 25-dən etibarən keçirilən sosial aksiyanın məqsədi şiddətə məruz qalmış qadınlara dəstək qöstərmək, xanımlara əzm hissini aşılamaq, psixoloji durumunda müxtəlif pozuntular olan insanları, xüsusilə qadına şiddət göstərənləri, eləcə də gələcək nəsli marifləndirməkdir.