Belçikada Xocalı soyqırımı abidəsi ucaldıla bilər Hadisə

Belçikada Xocalı soyqırımı abidəsi ucaldıla bilər

Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Brüsseldə Azərbaycanın və Türkiyənin Avropadakı bir sıra diaspor təşkilatları ilə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi arasında görüş keçirilib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, "Belkad" Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Abbas Uçar, "Dayak" Azərbaycan-Türkiyə-Belçika Dostluq Cəmiyyətinin sədri Asəf Bağırov və Avropalı Türk Demokratlar Birliyinin təmsilçisi Ethem Kışlalı iştirak edib.
Görüşdə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb. O, Benilüks ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının türk icmaları ilə əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. N.Qurbanov deyib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, qondarma "erməni soyqırımı"na qarşı effektiv mübarizədə, həmçinin digər ortaq maraq kəsb edən məsələlərdə yalnız türk xalqları diasporunun birgə fəaliyyəti ilə uğurlu nəticələr əldə etmək mümkündür. Azərbaycanın problemlərini hər zaman özlərininki kimi qəbul etdiyini deyən Avropalı Türk Demokratlar Birliyinin təmsilçisi Ethem Kışlalı Belçikada azərbaycanlılardan daha əvvəl formalaşmış və dövlət qurumları ilə sıx əlaqəsi olan türk diasporunun Azərbaycan diasporuna dəstək göstərməyə hazır olduğunu deyib. O bildirib ki, Belçikanın bəzi bölgələrində ciddi seçici elektoratına çevrilən türklər bu imkanlarından istifadə edərək yerli Senatda öz sözünü deyə bilər. E.Kişlalı təklif edib ki, Azərbaycan həqiqətlərinin - ərazilərin işğal olunması, Xocalı soyqırımı, qaçqın və köçkünlərlə bağlı məsələlərin Belçika Senatının gündəliyinə salınması istiqamətində fəaliyyət göstərilsin.
"Belkad" Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Abbas Uçar isə bildirib ki, hazırda Belçikanın Fransa ilə sərhədində yerləşən Hensies şəhərində Xocalı soyqırımı abidəsinin ucaldılmasına dair yerli bələdiyyə ilə danışıqlar aparılır. O, rəhbərlik etdiyi təşkilatın sırf siyasi istiqamətdə fəaliyyət göstərdiyini və digər türk təşkilatları, həmçinin diaspor fəalları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Görüşün yekununda Dövlət Komitəsinin təmsilçisi N.Qurbanov bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, qondarma "erməni soyqırımı" təbliğatına qarşı mübarizə və gələn Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları zamanı Azərbaycanın beynəlxalq aləmdə təbliğ olunması istiqamətində Azərbaycan və Türk təşkilatlarının birgə fəaliyyətinə dair bütün təkliflər təhlil olunaraq dəyərləndiriləcək.
Qeyd edək ki, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bu ilin oktyabrında Azərbaycan və TÜrkiyə diaspor təşkilatları tərəfindən Avropa Parlamentinin binasında beynəlxalq konfrans keçiriləcəyini bildirib.
O qeyd edib ki, konfransın gündəliyində məzmunu ermənilərin gələn il 100 illiyinə hazırlaşdıqları qondarma "erməni soyqırımı" və eyni zamanda ermənilərin özləri tərəfindən törədilən Xocalı soyqırımına hüquqi qiymət verilməsi məsələləri olacaq: "Bu konfransın keçirilməsində bizə Avropadakı dostlarla yanaşı, Azərbaycan və Türkiyə dövlətləri, eyni zamanda hər iki ölkədən olan deputatlar dəstək olurlar. Konfransda Avropanın, eləcə də dünyanın müxtəlif ölkələrindən parlamentarlar, ekspertlər və siyasətçilər qatılacaqlar".
A.Dəmirçi qeyd edib ki, konfransın yekununda Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara müvafiq sənədlər göndəriləcək.