Gürcüstan prezidenti İçərişəhərdə olub Hadisə

Gürcüstan prezidenti İçərişəhərdə olub

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili ötən gün İçərişəhərlə tanış olub.
APA-nın xəbərinə görə, qonağı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev qarşılayaraq, Bakının qədim hissəsinə olan diqqət və qayğıdan danışıb, qədim şəhərin tarixi və abidələrin qorunmasının önəmindən bəhs edib.
Gürcüstanın dövlət başçısı İçərişəhərlə tanışlığa ilk olaraq UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş Qız qalası abidəsi ilə başlayıb, tarixi abidənin unikal forması, memarlıq xüsusiyyətləri və abidədə aparılmaqda olan muzey konservasiya işləri barədə məlumat qonağın marağına səbəb olub. Gəzinti yaxınlıqda yerləşən Sıratağlı dini-memarlıq kompleksində davam edib, ali qonaq burada yerləşən müxtəlif dövrlərə aid daş ekspozisiyası ilə tanış olub.
Kiçik Qala küçəsində elektromobillərlə davam etdirilən gəzinti zamanı ali qonağa "Arxeoloji Park", Bakı Xanlarının Sarayının qalıqları, Qoşa Qala Qapıları və Qala Divarları barədə məlumat verilib. Təndir çörəyinə qonaq edilən Georgi Marqvelaşvili eyni zamanda təndir çörəyinin hazırlanma prosesi ilə də tanış olub. Kiçik Qala küçəsində gəzinti Qala Divarının bərpa olunmuş hissəsinə qədər davam edib, ali qonağa Qala Divarları, onların bərpası layihəsi və ətrafında aparılan abadlaşdırma və konservasiya işləri barədə danışılıb.
Gürcüstanın dövlət başçısı Bakının tarixi mərkəzi ilə tanışlığa Qədim şəhərin dünya əhəmiyyətli abidəsi olan Şirvanşahlar Saray kompleksi ilə davam edib, daha sonra isə Məhəmməd məscidini ziyarət edib.
Sonda Georgi Marqvelaşvili fəxri qonaqlar kitabında öz ürək sözlərini yazıb. Ali qonağa "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.