Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan yarış keçirib Hadisə

Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan yarış keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Azərbaycan Xalq Cümhuriyyəti–100" mövzusunda bilik yarışı keçirib. Fonddan bildirilib ki, yarışda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti və Bakı Qızlar Universitetinin tələbələrindən ibarət "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri biliklərini sınayıblar. Yarışda, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bilik Fondunda təcrübə keçən tələbələri də iştirak ediblər.
Yarışdan öncə tələbələr Bilik Fondunun əməkdaşları ilə görüşüblər. Fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla dövlətimizin başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında" sərəncamlarını xatırladıb. Bildirilib ki, bu sərəncamlardan irəli gələn vəzifələrin icrası ilə bağlı Bilik Fondunun "Cümhuriyyət tariximiz qürurumuzdur" layihəsi çərçivəsində respublikamızın bütün bölgələrində 270-dən çox maarifləndirici mühazirə, respublika və beynəlxalq səviyyəli 100-dən çox konfrans və elmi seminar, "dəyirmi masa" və müsabiqələr keçirilib. Türkiyə, Gürcüstan və Ukraynada Bilik Fondunun keçirdiyi tədbirlərdə Cümhuriyyət ideyaları ilə yanaşı, bugünkü Azərbaycan həqiqətləri barədə də dinləyicilərə ətraflı məlumatlar verilib. Keçirilən tədbirlərdə Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, ali məktəblərin əməkdaşları, mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.
Fondun çap etdirdiyi "Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab" elmi-kütləvi xarakterli məlumat kitabından söz açan H.Abdulla nəşrin 50-dək kitabxanaya hədiyyə olunduğunu diqqətə çatdırıb. Görüşdə Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərlinin "Cümhuriyyət İli" bizə nə verdi?" mövzusunda mühazirəsi dinlənilib. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində gördüyü işləri sadalayan alim həmin dövrdə reallaşmayan, ancaq müstəqilliyin bərpasından sonra gerçəkləşən mütərəqqi hadisələr barədə məlumat verib. Bildirib ki, ikinci müstəqillik dövründə Bakı nefti dünya bazarına tam gücü ilə Bakı-Ceyhan beynəlxalq neft kəməri vasitəsilə çıxıb, çoxlu sayda ali hərbi məktəblər açılıb, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib, ölkəmizdə latın qrafikalı əlifbaya keçilib, aqrar məsələ həll olunub, Qafqaz İslam Ordusunun şərəfinə abidə qoyulub.
Fondun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyeva "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun fəaliyyəti barədə geniş məlumat verib. Tələbələrin bu il də fəallıq göstərdiklərini və müxtəlif məzmunlu tədbirlərə qatıldıqlarını söyləyib. Çıxışlardan sonra yarış başlayıb. Yarışda 5 komanda iştirak edib. Komandalar verilən sualları operativ olaraq cavablandırıb. Münsiflər heyətinin qərarı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Universitetinin komandaları 1-ci, Bakı Qızlar Universitetinin komandası 2-ci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası 3-cü yerə layiq görülüb.