Vətən, torpaq uğrunda can qoyan igid Hadisə

Vətən, torpaq uğrunda can qoyan igid

İkinci Qarabağ müharibəsində vətənimizin qeyrətli, mətin oğulları 30 il düşmənə əsir düşən Qarabağımızın azadlığı uğrunda odlardan, alovlardan keçərək şanlı tarix yazdılar. Düşmən üzərində qazanılan parlaq qələbəmizdə 27 noyabr 1995-ci ildə Biləsuvar rayonunda dünyaya gələn şəhidi, XTQ əsgəri Babək Süleyman oğlu Mahmudlu misilsiz rəşadət nümunəsi göstərib. 25 yaşlı gəncin mərdliyi, igidliyi onu təkcə bir ailənin yox, bütöv xalqın qürur yerinə, iftixar mənbəyinə döndərib.
Düz amalla, təmiz əməllə gələcəyə yön alan Babək 2011-ci ildə Biləsuvar rayon Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbinin 9-cu sinfini bitirib Sumqayıt Texniki Kollecinə qəbul olunub. Təhsildən sonra Vətən qarşısında olan müqəddəs oğulluq borcunu vermək üçün ordu sıralarına yollanıb. Cəbhə bölgəsində əyninə hərbi forma geyinib, qoynunda dünyaya göz açdığı doğma Azərbaycana məxsus torpaqları erməni dığalardan qorumağı ən şərəfli iş bilib. İlk gündən Vətənə olan sevgisi, düşmənə nifrəti Babəki bütün çətin əməliyyatlardan üzüağ çıxardıb və qısa zaman kəsiyində nümunəvi, intizamlı, vətənpərvər əsgər kimi komandirlərinin, şəxsi heyətin hörmətini qazanıb. Nəyin bahasına olursa-olsun Qarabağımızın tezliklə mənfur düşmənin tapdağından azadlığını düşünən əsgər təlim-məşqlərdə fəal iştirak edib, hərbi biliklərə dərindən yiyələnib. Günlər keçdikcə, xidməti davam etdikcə Vətənə qeyrətli oğullar lazım olduğunu tam biləndən sonra orduya sevgisi daha da artıb və gələcək həyatını hərbiyə bağlamağa qərar verib.
Doğmalara arzusunu bildirəndə Babəkin Vətən naminə olan saf istəyini bəyəniblər. O, da vicdanla, qeyrətlə xidmət edəcəyinə, hər an dığalara qarşı amansız olacağına and içib. Köksündə əsl qəhrəman ürəyi döyünən Babək Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində hərbi xidmətini davam etdirmək məqsədilə qəbul olunmuş qaydalara müvafiq imtahan verib, yüksək nəticələr qazanmaqla adını peşəkar hərbiçilər sırasına yazıb. Eləcə manqa komandiri xüsusi kursu da uğurla başa vurub. Qəlbi yurduna dadanmış erməni işğalçılardan qisas almaq istəyi ilə alışıb-yanan Babək xidmət zamanı Naxçıvanda keçirilən Türkiyə və Azərbaycan birgə hərbi təlimlərində atıcılıq yarışlarında birincilik əldə edib. Ən əsası o, əzəli yurd yerimiz cənnət-məkan Qarabağımızın azadlığı uğrunda döyüşməyə, igidlik göstərməyə, şirin canından belə keçməyə hər an hazır olub.
Xidməti ön xətdə keçən, qanında Vətən eşqi, ana mehri, el sevgisi çağlayan Biləsuvarın igid oğlu Babək Mahmudlunun yağıdan alacağı öc 2020-ci il sentyabrın 27-də yetişib. Döyüş yolu Qarabağın ən qaynar qanlı bölgələrdən başlanıb. Birinci Cəbrayılda ağır müharibə meydanında yağıya qan qusdurub. Daha sonra Zəngilanda, Qubadlıda, Xocavənddə, Şuşada cəsarətlə vuruşub. Vurduğu zərbələrin bir də olsun hədəfdən yayınmayıb, xeyli sayda düşmən qüvvəsini məhv edib. Təəssüf ki, oktyabrın 31-də Şuşa uğrunda gedən ölüm-dirim savaşında düşmən gülləsindən yayına bilməyib, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Noyabrın 1-də Biləsuvarda hər qarışına ürəkdən bağlandığı torpağa tapşırılıb.
Şərəfli ölümü ilə doğmalarının, bütün xalqının başını ucaldan Babək Mahmudlu dövlət tərəfindən döyüşlərdə göstərdiyi cəsarət və hünərə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın azadlığı uğrunda medalları ilə təltif edilib. Yaşadığı küçə indi ölümsüzlüyə qovuşan qəhrəmanın adını daşıyır. Həmçinin qardaş Türkiyə Cümhuriyyətinin sularında "Babək Mahmudlu" gəmisi üzür.
Babək Mahmudlu cismən aramızdan getsə də, xalqı, milləti üçün böyük mənəvi sərvət qoyub. Bu sərvətin özündə Vətənə, onun daşına, torpağına ilahi bir sevgi yaşayır...

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü