
44 günlük haqq savaşımızda Azərbaycanın qeyrətli oğulları 30 il düşmən tapdağına dönən müqəddəs yurd yerimiz-Qarabağımızın azadlığı uğrunda odlardan, alovlardan keçərək düşməni məhv etməklə şanlı tarix yazıblar. Tarixi zəfərin qazanılmasında 11 mart 1997-ci ildə Biləsuvar rayonu, Zəhmətabad kəndində dünyaya göz açan, əslən Lerikin Kəlvəz kəndindən olan Elməddin Sübhi oğlu Əlizadə də minlərlə Vətən övladının önündə idi. Bu şərəfli mübarizə yolunda göstərdiyi misilsiz şücaəti ona yeni bir ədəbi həyat bəxş edib. Belə ki, yağıya qarşı son damla qanına qədər mərdliklə döyüşən igid torpağa gömülməyib, ürəklərə köçməklə xalqına sonsuz məhəbbət, sevgi mücəssəməsinə dönüb. Vətənpərvərliyin ən ali məqamına yetişən oğlunu dövlət də ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azadlığına görə medallara layiq görüb.
Uşaq yaşından Vətəninə, xalqına sevdalı boya-başa çatan, mərdlik, cəngavərlik ruhu qanına, canına hopan Elməddin Əlizadə məktəb illərində yaxşı oxuyub, aldığı yüksək qiymətlərlə valideynlərini, yaxınlarını sevindirib. 2014-cü ildə məktəbi bitirib yetkinlik yaşına çatanda kənddə hamı onun mədəniyyətinə, əxlaqına, fəal vətəndaşlıq mövqeyinə, qurub-yaratma həvəsinə heyran kəsilib.
Elməddin canına yağı dadanmış yurdunun daşına, hər qarış torpağına, qayasına vurğun olduğuna görə ürəyi erməni işğalçılarından qisas almaqla alışıb-yanıb. Odur ki, 2015-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılanda çox sevinib. Evdən yola düşəndə qohum-qonşuya söz verib ki, vicdanla, qeyrətlə doğma Vətənin keşiyində duracaq və murdar niyyətli düşmənlərə qarşı amansız olacaq.
O, əsgərliyə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə başlayıb. İlk gündən komandirlərin tapşırıqlarını vaxtında və yüksək keyfiyyətlə yerinə yetirib. Mərdliyini, cəsurluğunu, ağılını görənlər onu Vətənin layiqli oğlu bilib, hörmətini yüksək saxlayıblar. Kəşfiyyatçı Elməddin hərbi bilikləri dərindən mənimsəmək üçün öz üzərində gərgin çalışıb. Vətənə məhəbbət, düşmənə nifrət hissi isə qatıldığı çətin təlimlərdə belə ona uğur qazandırıb. Vaxt keçdikcə təcrübə toplayıb və döyüş səriştəsi artıb.
Elməddin Əlizadə hərbi xidmətdə olarkən 2016-cı il Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovla birgə vuruşub, böyük fədakarlıq göstərib. Lələ təpənin bağrına zəfər bayrağını sancan qeyrətli, mərd igidlərdən olub.
Qürur, heyrət doğurdan məqamlarla əsgərliyini başa vurduqdan sonra Elməddin hərbi geyim tikiş fabrikində işləməyə başlayıb. İşinə ürəklə yanaşıb, bacarığı, əzmkarlığı, təbiətindəki halalıq, düzlük ona kollektivdə hörmət qazandırıb. Xeyirxah əməllərdən özünə çələng hörə-hörə gözəl günlərə doğru yön alıb. Özünəməxsus mənəviyyat fəlsəfəsində yalnız xalqına gərək, Vətəninə fayda vermək olub. Necə deyərlər, eşqində, gözündə sehrli bir nur ömrünü-gününü insanlar üçün yaşamağı həyat kredosu seçib.
İkinci tərəfdən isə yağı düşmənin Qarabağ torpaqlarının işğalı Elməddini rahat buraxmayıb. Xəyalı gücə-gündüz döyüş bölgələrində dolaşıb. Odur ki, 2020-ci il 27 sentyabrından başlanan Vətən müharibəsi zamanı Elməddin Əlizadə könüllü olaraq əlinə silah alıb savaş meydanına yollanıb. Kəşfiyyatçı kimi odun-alovun içinə girən Vətən sevdalısı Ağdam istiqamətində öz dəstəsi ilə dığaların yerləşən mühüm strateji əhəmiyyətli mövqelərini darmadağın ediblər. Daha sonra Füzuli və Xocavənddə gedən ölüm-dirim müharibədə sözün əsl mənasında, yağıya od qoyub. Şuşa şəhərinin azadlığı uğrunda xüsusi qəhrəmanlıq göstərib, düşmənin xeyli sayda canlı qüvvəsinin axırına çıxıb. 8 noyabrda düşmənlə əlbəyaxa savaşda Elməddin ağır yaralanıb. Buna baxmayaraq döyüşdən qalmır, güllələr üstünə dolu kimi yağsa da, son nəfəsdə dığalardan arzuladığı qisası ala bilib. Zəfərimizi görüb, arxayın gözlərini yumub. 23 yaşında- həyatının ən parlaq dövründə milyonların ürəyində özünə əbədi məkan qurub.
Zəfər Orucoğlu