MMC kəşfiyyatçı və snayperlər hazırlayacaq Hadisə

MMC kəşfiyyatçı və snayperlər hazırlayacaq

Şahvələd Əliyev: "Nazirlər Kabinetinin qərarı ilə müvafiq sənədlər tərtib edilib"

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin fəaliyyətinin iki illiyinə həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən cəmiyyətin sədri Şahvələd Əliyev ötən dövrdə görülən işlərdən danışıb.
O deyib ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda kinoloq, paraşütçü, kəşfiyyatçı və çağırışçılar arasında snayperlərin hazırlanması üçün sənədlər tərtib edilib. Ş. Əliyev bildirib ki, cəmiyyətin filiallarında vətəndaşların texniki hazırlığı ilə yanaşı, 53 filialda Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr üçün 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığı həyata keçirilir: "Ordunun sürücü mütəxəssislərə olan tələbatının böyük hissəsi cəmiyyətimiz tərəfindən təmin olunur. Bundan əlavə, sifariş əsasında ordu üçün aşpaz ixtisası üzrə mütəxəssislər hazırlanır. Aşpaz kursları cəmiyyətin Sabunçu, Xaçmaz rayon və Sumqayıt şəhər 1 nömrəli filiallarında həyata keçirilir. Növbəti mərhələdə sifarişdən asılı olaraq bu kursların Yevlax, Mingəçevir, Gəncə şəhər, eyni zamanda Balakən və Tovuz rayonlarında da təşkil edilməsi nəzərdə tutulur".
Ş. Əliyev MMC tərəfindən Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin sifarişi üzrə 15000 nəfər "B" və "C" kateqoriyalı sürücü, 253 nəfər aşpaz mütəxəssisin hazırlandığını söyləyib. Bundan başqa, təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 82620 nəfər müxtəlif kateqoriyalar üzrə sürücü, 154 nəfər həvəskar paraşütçü hazırlanıb.
O bildirib ki, ötən dövrdə cəmiyyətin Sabunçu rayon filialının inzibati binası və yardımçı tikililəri əsaslı təmir edilib, sürücü, aşpaz, kəşfiyyatçı və snayperlərin hazırlığı üçün xüsusi sinif otaqları yaradılıb, otaqlar müasir tələblərə uyğun təchiz olunub. Rusiyadan 2 ədəd müxtəlif markalı avtomat və mexaniki sürət ötürücülü avtomobillərin idarə edilməsini öyrədən trenajorlar alınaraq quraşdırılıb, 25 metrlik atıcılıq tirinin atəş və hədəf nöqtəsi müasir formada təmir və təchiz edilərək müdavimlərin istifadəsinə verilib. Cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 5 ədəd xarici markalı minik və 9 ədəd yük avtomobilləri alınaraq istifadəyə verilib.
Cəmiyyətin Balakən rayon 1 nömrəli filialının (Balakən Aviasiya Mərkəzinin) fəaliyyəti bərpa olunub. Filialın balansında olan 2 ədəd AN-2 təyyarəsində təmir-bərpa işləri aparılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi "Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı" ilə əlaqədar kinoloq, paraşütçü, kəşfiyyatçı və çağırışçılar arasından snayperlərin hazırlanması üçün lazımi sənədlər hazırlanıb.
Ş. Əliyevin sözlərinə görə, hazırda cəmiyyətin fəaliyyətinə dair Dövlət Proqramının hazırlanması, daha geniş miqyasda və peşəkar mütəxəssislərin hazırlanması üçün yeni avadanlıqların, texnikaların, təlim vasitələrinin və paraşütlərin alınması, xüsusilə Rusiya istehsalı olan köhnə təlim avtomobillərinin istismardan çıxarılması, müxtəlif növ atıcı silahlar üçün trenajorların alınması, cəmiyyətin təlim meydançalarının ən müasir texniki avadanlıqlarla təchiz edilməsi və s. işlər planlaşdırılır.
Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun və Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin sədrinin əmri ilə xidmətdə fərqlənən bir qrup şəxsə mükafatlar təqdim olunub.