Elmin kommersiyalaşdırılmasına həsr olunan seminar Hadisə

Elmin kommersiyalaşdırılmasına həsr olunan seminar

Fevralın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) və Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən həyata keçirilən "Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi" layihəsi çərçivəsində seminar keçirilib. AMEA-dan bildirilib ki, seminarı YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov açaraq AMEA-nın ölkəmizdə elm sahəsində dövlət siyasətini həyata keçirən ali təşkilat olduğunu deyib. Qeyd edib ki, bu gün Azərbaycan alimləri öz innovativ ideyaları və layihələri ilə respublikanın iqtisadiyyatına töhfə verirlər.
N.Şükürov beş gün davam edəcək seminarın əsas məqsədinin Azərbaycanda texnologiyaların transferi və elmi nailiyyətlərin kommersiyalaşdırılmasının təşviqi üçün imkanların öyrənilməsi olduğunu bildirib. Hazırda Koreya Respublikasının Asiya qitəsinin ən inkişaf etmiş dövlətlərindən biri olduğunu deyən alim qeyd edib ki, sözügedən ölkədə adambaşına düşən ümumi daxili məhsul 30 min dollardan çoxdur və bu mənada sözügedən ölkənin təcrübəsinin öyrənilməsi olduqca vacibdir.
Sonra YT Parkın patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı təmsil etdiyi qurumun fəaliyyət prosesi barədə təqdimatla çıxış edib. O, qurumun rezidentləri tərəfindən hərbi və mülki təyinatlı dronların, qoruyucu jiletlərin, akkumulyatorların, sürtkü yağlarının və digər məhsulların istehsal olunduğunu bildirib. Həmçinin YT Parkın rezidentlərinə qanunvericiliyə müvafiq qaydada vergi və gömrük güzəştlərinin tətbiq edildiyini vurğulayıb. Bundan əlavə, AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən rəsmiləşdirilmiş ixtiraların patent bankının yaradıldığını diqqətə çatdırıb.
Daha sonra STEPI-nin Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin əlaqələndiricisi So Hyun Kvon, Hoseo Universitetinin professoru Sanq Hyuk Suh və Hanbat Universitetinin professoru Yonq İn Çoi Azərbaycanda texnologiya transferi ekosisteminin hazırkı statusunun qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırılması sahəsində Koreya Respublikasının təcrübəsinə dair təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.