Müdafiə Nazirliyi təkzib edir Hadisə

Müdafiə Nazirliyi təkzib edir

Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ cəbhəsində itki verdiyi barədə məlumatlar əsassızdır

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində toqquşma olub. APA-nın "armtoday.info" saytına istinadən verdiyi məlumata görə, iyulun 31-ə keçən gecə Azərbaycan "diversiya qrupu" Dağlıq Qarabağda cəbhə xəttinin şimal istiqamətində erməni silahlı birləşmələrinin dayaq məntəqəsinə hücum edib.
Baş verən atışmada iki erməni hərbçinin öldüyü, Azərbaycan Ordusunun da xeyli itki verərək geri çəkildiyi bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya Ermənistan KİV-in yaydığı məlumatın əsassız olduğu qeyd edilib.
MH-in məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 96 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelər də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Şıxlar, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Qorqan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.