DİM Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın konfransını təşkil edəcək Hadisə

DİM Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın konfransını təşkil edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 45-ci illik konfransını təşkil edəcək. IAEA-nın 45-ci illik konfransı “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunacaq. DİM-dən bildirilib ki, konfransda jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən kütləvi informasiya vasitələrinin müxbir və operatorları sentyabrın 13-dək qeydiyyatdan keçməlidirlər.
KİV nümayəndələri qeydiyyatdan keçmək üçün şəxsiyyət və mətbuat vəsiqəsinin “scan” olunmuş surətini qeyd olunan tarixədək [email protected] poçt ünvanına göndərməlidirlər. Konfransda iştirak etmək üçün 250-dən çox beynəlxalq iştirakçı qeydiyyatdan keçib. Məruzəçilər tərəfindən konfransa 100-dən çox məqalə təqdim edilib. Konfransda xarici ekspertlərlə yanaşı, 20-dən çox yerli ekspert də çıxış edəcək. Qeydiyyatdan keçmək istəyən müxbirlərdən konfransın işçi dilinin ingilis dili olmasını nəzərə almağı xahiş edilir.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi IAEA 2019-un yerli və xarici mediada geniş işıqlandırılması üçün Azərbaycan Dövlət İnformasiya Agentliyini (AZƏRTAC) rəsmi media tərəfdaşı seçib. Bununla bağlı imzalanmış sazişə əsasən, AZƏRTAC konfransın açılış və bağlanış mərasimləri barədə reportaj və informasiyaların, həmçinin digər tədbirlərdən xəbərlərin Azərbaycan, rus və ingilis dillərində yayılmasını, foto və videomateriallar hazırlanmasını təmin edəcək.