Rusiya Ermənistana qaz təchizatını dayandırdı: təmir işləri, yoxsa siyasi təzyiq? Gündəm

Rusiya Ermənistana qaz təchizatını dayandırdı: təmir işləri, yoxsa siyasi təzyiq?

Son dövrlərdə Rusiya və Ermənistan arasında münasibətlər gərgindir. Bu gərginlik enerji məsələsini də diqqət mərkəzinə gətirib. Belə ki, Rusiyanın “Qazprom” şirkətinin planlaşdırılmış profilaktik və təmir işləri ilə əlaqədar Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandırması son günlər müzakirələrə səbəb olub. Bir çox ekspertlər qaz tədarükünün dayandırılmasının yalnız texniki səbəblərlə izah edilməsinə şübhə ilə yanaşırlar.
“Xalq Cəbhəsi” mövzunu iqtisadçı və politoloqlarla müzakirə edib.

“Ermənistan Rusiyanın enerji təsirindən yaxa qurtarmaq istəyir”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib ki, “Qazprom”un Ermənistana qaz tədarükünü 15–21 sentyabr tarixlərində “planlı profilaktik və təmir işləri” adı altında dayandırması rəsmi qaydada texniki amillərlə izah edilsə də, bu addım İrəvanın Rusiyadan asılılığı azaltmaq və alternativ mənbələr axtarmaq istiqamətində verdiyi bəyanatlar fonunda baş verir: “Deməli, Rusiya ilə Ermənistan arasında enerji amili üzrə yaranan yeni vəziyyət iki ölkə münasibətlərində siyasi ziddiyyətlərin iqtisadi müstəviyə qədəm qoyduğunu göstərir. Digər yandan isə Nikol Paşinyan İran qazının artırılması, alternativ tədarükçülərin axtarılması, habelə TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsi imkanlarını gündəmə gətirir. Deməli, İrəvan enerji təhlükəsizliyi siyasətini şaxələndirməklə əslində siyasi manevr imkanlarını da genişləndirir. Ermənistan tədricən Rusiyanın enerji təsirindən yaxa qurtarmaq istəyir və beləliklə də Qərblə inteqrasiyanı dərinləşdirmək yolunu tutur”.
Mürəkkəb seçim
Politoloqun sözlərinə görə, Moskva isə məsələyə öz prizmasından yanaşır: “Belə ki, Rusiya rəsmilərinin Ermənistan Aİİ-dən çıxacağı təqdirdə güzəştli qaz qiymətlərinin ləğv edilə biləcəyi barədə xəbərdarlıqları onu göstərir ki, enerji amili Rusiyanın Ermənistana münasibətdə önəmli təsir alətlərindən biridir. “Kommersant”ın məlumatında qaz, neft məhsulları və almazların güzəştli tədarükünə dair güzəştlərin də yenidən nəzərdən keçirilə biləcəyinin bildirilməsi təzyiqin sadəcə enerji sektoru ilə məhdudlaşmayacağından xəbər verir. Deməli, Ermənistanın qarşısında enerji təchizatının şaxələndirilməsi və Rusiya ilə mövcud iqtisadi əlaqələrin qorunması arasında mürəkkəb bir seçim müəyyənləşir”.
İnfrastruktur çətinlikləri
O həmçinin deyib ki, İran qazı və TRIPP kimi alternativlər İrəvana da manevr imkanları qazandırır: “Asılılığın qısa müddətdə tam aradan qaldırılması mümkün deyil. Bu, həm də özü ilə ciddi iqtisadi və infrastruktur çətinlikləri gətirəcək. Bütövlükdə qaz məsələsi bu gün Moskva ilə İrəvan arasında daha geniş geosiyasi qarşıdurmanın əsas elementinə çevrilir. Ermənistanın Avropa İttifaqına yaxınlaşması, Rusiya ilə ənənəvi qaydada öyrəşdiyimiz iqtisadi əlaqələrdən uzaqlaşması Cənubi Qafqazda enerji münasibətlərinin, hətta regional təsir balansının yenidən müəyyənləşdirilməsinə səbəb ola bilər. Buna görə də TRIPP layihəsi və alternativ enerji dəhlizlərinin inkişafı sadəcə iqtisadi deyil, həm də regionun geosiyasi mənzərəsinə təsir edəcək strateji proses kimi dəyərləndirilə bilər”.
“İrandan təchizatın payı tədricən artır”
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, 2025-ci ildə Ermənistanın təbii qaz idxalı 2024-cü illə müqayisədə 0,8% azalaraq ümumi həcmi 2,707 milyard kubmetr təşkil edib: “Ermənistanın qaz balansında Rusiya əsas təchizatçı olaraq qalır və 2025-ci ildə qaz idxalında Rusiyanın payı 2024-cü ildəki 83,8%-dən 82,4%-ə enib və 2025-ci ildə Rusiyadan qaz tədarükü 2,6% azalaraq 2,23 milyard kubmetr təşkil edib. Eyni zamanda, 2025-ci ildə İrandan idxal 8,5% artaraq 477 milyon kubmetrə çatıb. Beləliklə, İrandan təchizatın payı tədricən artır, baxmayaraq ki, bu, hələlik ölkənin qaz təchizatı strukturunu kökündən dəyişmir. Göründüyü kimi Rusiya qazı Ermənistanın qaz təchizatının əsasını təşkil etməkdə davam edir”.
Ekspertin fikirlərinə görə, İran marşrutu isə ilk növbədə təchizatın şaxələndirilməsinə və balanslaşdırılmasına xidmət edir: “Lakin İran illərdir daxili bazarın artan tələbini qarşılaya bilmədiyindən bir çox hallarda Türkiyə və İraq istiqamətinə qaz ixracında müqavilə öhdəliklərini yerinə yetirə bilmir. Bundan əlavə, bu marşrutun genişləndirilməsi potensialı birbaşa infrastrukturla – xüsusilə İran-Ermənistan qaz kəməri və "qaz müqabilində elektrik enerjisi" razılaşması çərçivəsində enerji sektoru üzrə əlaqələrin inkişafı ilə bağlıdır. Buna görə də Ermənistanın qaz idxalının tammiqyaslı şaxələndirilməsindən danışmaq hələ tezdir”.
Ermənistana təzyiq
O həmçinin deyib ki, son bir neçə ildə şaxələndirmənin yalnız ayrı-ayrı elementləri formalaşmaqdadır: “Ermənistan iqtidarı əsas alternativ mənbələrdən biri kimi TRIPP layihəsi üzrə çəkiləcək qaz kəmərini görür. Bu isə artıq Azərbaycan qazı deməkdir. Sentyabr ayının 15-dən 25-nə kimi "Şimali Qafqaz -Zaqafqaziya" Magistral Qaz Kəmərində planlaşdırılan təmir işləri ilə əlaqədar Ermənistana qaz tədarükünün dayandırılması ilə əlaqədar istehlakçılar Abovyan Yeraltı Qaz Anbarındakı aktiv qaz həcmlərindən və İrandan əlavə qaz tədarükü hesabına fasiləsiz qaz təchizatı ilə təmin oluna bilər. "Qazprom" təbii qaz təchizatında Ermənistana təzyiq göstərə bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanın qaz infrastrukturu bütövlükdə “Qazprom”-un aktivindədir”.

“Ermənistana qarşı təzyiq vasitələrindən biri...”

İqtisadçı ekspert Natiq Cəfərli diqqətə çatdırıb ki, Rusiya Ermənistana qarşı təzyiq vasitələrindən biri və ən böyüyü kimi qaz şantajından həmişə istifadə edir: “Son zamanlar bu, tez-tez dilə gətirilir. Hətta Putin son çıxışlarının birində Ermənistan üçün qazın qiymətinin çox ucuz olduğunu, Avropadan 4 dəfə ucuz satdıqlarını dedi və eyham da vurdu ki, əgər Ermənistanla münasibətlərdə gərginlik olsa, qazın qiyməti arta bilər. Amma burada Rusiyanın yanlış təqdimatı var. Çünki Rusiya Ermənistan ərazisində qazı özünə ucuz qiymətə satır. Ona görə ki, “Qazprom Armenia”, yəni Ermənistanın qaz paylayıcı şirkəti Rusiyanın nəzarətindədir, Rusiyaya məxsusdur. Onlar qazı özlərinə ucuz satıb, sonra əhaliyə baha satırlar. Yəni əhali Ermənistanda qazı ucuz almır. Hətta təxmini Gürcüstanla eyni qiymətə alır. Ona görə də bu, yanlış təqdimatdır, Rusiya tərəfindən şantajdır”.
N.Cəfərlinin sözlərinə görə, son zamanlar bu şantajın sanki bir görüntüsü kimi də illik təmir adı altında Ermənistana qaz verilməsini 10 günlük bağladılar: “Bu da bir növ Rusiya tərəfindən göstərmək üçündür ki, yəni baxın, biz bunu istədiyimiz an edə bilərik və sizin qaz probleminiz arta bilər...”.

Röya İsrafilova