
Son illər ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin keyfiyyətli məhsullarla təmin olunması istiqamətində nəzarət mexanizmləri əhəmiyyətli dərəcədə gücləndirilib. 2023–2026-cı illəri əhatə edən Dövlət Proqramı və modernləşdirilmiş qanunvericilik bazası sahədə daha sistemli, risk əsaslı və preventiv tədbirlərin görülməsinə zəmin yaradır. Bununla belə, bazarda saxta və mənşəyi məlum olmayan məhsulların tam aradan qaldırılması üçün rəqəmsal izləmə sistemlərinin genişləndirilməsinə, HACCP kimi beynəlxalq standartların tətbiqinə, ictimai nəzarətə və cəzaların sərtləşdirilməsinə böyük ehtiyac var.
Qida təhlükəsizliyində preventiv nəzarət dövrü
Mövzu ilı bağlı qida eksperti Fərid Səfərov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illərdə nəzarət mexanizmləri əhəmiyyətli dərəcədə gücləndirilib.
Onun sözlərinə görə, yeni Dövlət Proqramının qəbul edilməsi də bu sahədə nəzarətin daha sistemli və uzunmüddətli şəkildə həyata keçirilməsinə imkan yaradır: “Qida təhlükəsizliyi yalnız dövlət nəzarəti ilə həll olunan məsələ deyil və burada istehsalçı, idxalçı, satıcı və istehlakçının hər birinin üzərinə müəyyən məsuliyyət düşür.
Gündəlik istehlak etdiyimiz məhsulların təhlükəsizliyinə nəzarət zamanı əsas diqqət məhsulun istehsal şəraitinə, xammalın mənşəyinə, saxlanma və daşınma şərtlərinə, temperatur rejiminə, etiketlənməyə və məhsulun laborator göstəricilərinə yönəldilməlidir. Xüsusilə süd və süd məhsulları, ət və ət məhsulları, yumurta, balıq, uşaq qidaları, konservlər və tez xarab olan məhsullar daha yüksək risk qrupunda olduğundan onların nəzarəti davamlı olmalıdır”.
Ekspert bildirib ki, bazarda saxta və keyfiyyətsiz məhsulların qarşısının alınması üçün yalnız planlı yoxlamalar kifayət deyil: “Risk əsaslı nəzarət sistemi daha da gücləndirilməli, şübhəli məhsullar üzrə laborator müayinələrin sayı artırılmalı və xüsusilə təkrar pozuntuya yol verən sahibkarlara qarşı daha ciddi tədbirlər görülməlidir. Məhsulun hansı istehsalçıdan gəldiyini, xammalın mənşəyini və satış zəncirində hansı mərhələlərdən keçdiyini müəyyən etməyə imkan verən izlənmə sistemi də mühüm əhəmiyyət daşıyır”.
Ekspert istehlakçıların maarifləndirilməsinin də vacib olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, vətəndaş məhsul alarkən yalnız qiymətə deyil, məhsulun etiketinə, istehsal və son istifadə tarixinə, saxlanma şəraitinə, qablaşdırmanın bütövlüyünə və mənşəyinə də diqqət yetirməlidir: “Şübhəli məhsulla qarşılaşdıqda isə bunu aidiyyəti qurumlara bildirmək vacibdir. Dövlət Proqramının əsas üstünlüklərindən biri nəzarətdən daha çox preventiv yanaşmanın gücləndirilməsi olmalıdır. Problem məhsul bazara çıxdıqdan sonra deyil, onun istehsalından başlayaraq bütün mərhələlərdə müəyyən edilməlidir. Rəqəmsal izləmə, laborator nəzarət, idxal və daxili bazar nəzarətinin əlaqələndirilməsi, ictimai maarifləndirmə və qanun pozuntularına görə məsuliyyət mexanizmlərinin effektiv tətbiqi nəticəsində bazarda təhlükəli və saxta məhsulların dövriyyəsini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”.
Fərid Səfərov qeyd edib ki, qida təhlükəsizliyində məqsəd sadəcə bazarda yoxlama aparmaq deyil, istehlakçının təhlükəsiz və keyfiyyətli məhsula çıxışını təmin edən bütöv bir sistem formalaşdırmaqdır: “Bu sistem nə qədər şəffaf, risk əsaslı və preventiv olarsa, həm sahibkarların məsuliyyəti artar, həm də vətəndaşların sağlamlığının qorunması daha etibarlı şəkildə təmin olunar”.“Sağlam qidalanaraq sağlam yaşayın!” - deyə ekspert əlavə edib.
"Tarladan süfrəyə" nəzarət mexanizmi tətbiq edilir
“Refresh Group” MMC-nin Baş İcraçı Direktoru, qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin rəhbəri Seymur Qafarov qeyd edib ki, 2023-2026-cı illəri əhatə edən Dövlət Proqramı çərçivəsində qida təhlükəsizliyi sahəsində beynəlxalq standartların tətbiqinin daha da genişləndirilməsi gözlənilir.
Onun sözlərinə görə, 2023-cü ildən qəbul olunmuş, 2026-cı ildən etibarən tətbiqinə başlanılan HACCP prinsiplərinin, yəni təhlükələrin analizi və kritik nəzarət nöqtələri sisteminin tətbiqi qarşıdakı dövrdə daha geniş vüsət alacaq: “Risk əsaslı yanaşma çərçivəsində ərzaq məhsullarına nəzarət daha həssas şəkildə həyata keçiriləcək. Beynəlxalq norma və qaydalara uyğun olaraq ərzaq məhsullarının üzərində ISO 22000, HACCP, “gluten-free”, “sugar-free” və digər bu kimi işarələmələrin və məlumatların tətbiqi istehlakçıların məhsul haqqında daha ətraflı məlumat əldə etməsinə imkan yaradacaq. Bu yanaşma “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan etiket məlumatlarının istehlakçı üçün daha əlçatan və ətraflı olmasına xidmət edəcək.
Heyvanların identifikasiyası sayəsində heyvanların tarladan süfrəyə qədər keçdiyi bütün mərhələlər və soyuq zəncir boyu proseslər izlənmiş olacaq”.
Baş direktor hesab edir ki, bu proseslərlə yanaşı, müəssisələrdə mütəmadi monitorinqlərin sayı da artırılmalıdır: “Dövlət qurumları tərəfindən sahibkarlar üçün təmənnasız təlimlərin, tətbiqi proqramların və məşğələlərin keçirilməsi, yeni metodikaların hazırlanaraq dərc olunması da mühüm əhəmiyyət daşıyır. Xüsusilə qida ilə birbaşa təmasda olan əməkdaşlara bu tələblərin aydın şəkildə təlimlər vasitəsilə izah edilməsi vacibdir. Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq yeni qərarların qəbul edilməsi və tətbiqi də beynəlxalq yanaşmalarda mövcud olan qida təhlükəsizliyi idarəetmə sistemlərinin ölkəmizə daha rahat inteqrasiya olunmasına imkan verəcək”.
O vurğulayıb ki, bu sistemlərin ölkədə keçirilən böyük layihələrdə, tədbirlərdə, beynəlxalq yarışlarda və festivallarda daha effektiv tətbiqi Azərbaycanın həmin tədbirlərdə uğurlu iştirakına və qida təhlükəsizliyi baxımından daha yüksək nəticələrin əldə olunmasına şərait yaradacaq.
Seymur Qafarov əlavə edib ki, yeni yanaşmalar istehlakçıların da qida məhsulları haqqında daha çox məlumatlı olmasına imkan verəcək: “Qida məhsullarının keyfiyyətinə nəzarət mexanizmləri həm yerli marketlər tərəfindən, həm də dövlət qurumlarının tələbi ilə daha izlənə bilən, şəffaf və risk əsaslı yanaşma halına gətiriləcək. Düşünürəm ki, bu, sözsüz, bu sahədə qazanılan ən böyük uğurlardan olacaqdır”.
Baş direktor istehlakçılara da müraciət edərək qida məhsulu seçərkən diqqətli olmağı tövsiyə edib. O vurğulayıb ki, ərzaq məhsullarının dövriyyəsində istehlakçıların da fəal və məsuliyyətli iştirakı qida təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Qida zəncirinin bütün mərhələləri izlənərsə…
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli nəzərə çatdırıb ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində nəzarət mexanizmləri əvvəlki illərlə müqayisədə xeyli güclənib: “Lakin bazarda saxta, keyfiyyətsiz və mənşəyi şübhəli məhsulların qalması mövcud sistemin hələ tam effektiv olmadığını göstərir.
Xüsusilə kiçik satış məntəqələri, qeyri-qanuni istehsal və qablaşdırılmamış məhsullar üzərində nəzarətin gücləndirilməsinə ehtiyac var. Əsas problem yalnız yoxlamaların sayında deyil, nəzarətin bütün zəncir üzrə qurulmasındadır. Məhsulun xammal mərhələsindən istehsala, anbara, daşınmaya və satışa qədər izlənməsi təmin edilməlidir. Etiketdə məhsulun tərkibi, istehsalçısı, mənşəyi və son istifadə tarixi ilə bağlı məlumatların saxtalaşdırılmasına qarşı ciddi məsuliyyət tətbiq olunmalıdır. Bunun üçün ictimai nəzarətin təşkili vacib məsələdir”.
Ekspert bildirib ki, laboratoriya nəzarəti də daha da genişləndirilməli, riskli məhsullar üzrə müntəzəm nümunə götürülməli və əldə olunan nəticələr mümkün qədər ictimaiyyətə açıq elan edilməlidir: “Pozuntu aşkar edən sahibkara yalnız cərimə tətbiq etməklə kifayətlənmək olmaz. İnsan sağlamlığı üçün ciddi risk yaradan məhsulun dövriyyədən tam çıxarılması və təkrar pozuntulara görə daha sərt tədbirlərin görülməsi vacibdir”.
Akif Nəsirli hesab edir ki, qida təhlükəsizliyi sahəsində ən mühüm məsələlərdən biri də istehlakçıların məlumatlandırılmasıdır: “Vətəndaş hansı məhsulun harada və kim tərəfindən istehsal edildiyini asanlıqla yoxlaya bilməlidir. Bunun üçün rəqəmsal izləmə və məhsulun mənşəyinin elektron qaydada müəyyənləşdirilməsi mexanizmlərinin genişləndirilməsi həm nəzarəti, həm də bazarda şəffaflığı artırar”.
Günel Elxan