
Dünyanın enerji daşımaları baxımından əsas dəniz marşrutlarından biri olan Hörmüz boğazında hərbi qarşıdurma və təhlükəsizlik riskləri kommersiya gəmilərinin hərəkətini kəskin məhdudlaşdırıb. Belə bir şəraitdə İran və Oman arasında gəmiçilik üçün müvəqqəti marşrutun yaradılması ilə bağlı əldə olunan razılaşma diqqət çəkir. Amma körfəzölkələri buna etiraz edir.
Razılaşmaya əsasən gəmilərin yeni marşruta girişi İranın ərazi sularından həyata keçiriləcək. Çıxış marşrutunun bir hissəsi də İranın ərazi sularından keçəcək.
ABŞ Prezidenti Donald Trampın isə ABŞ-İran münaqişəsinin başa çatacağı təqdirdə neftin kəskin ucuzlaşacağı barədə bəyanatı yenidən qlobal enerji bazarının əsas müzakirə mövzusuna çevrilib.
Politoloq Oqtay Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar bir neçə aydır davam edir və bu danışıqların ilkin mərhələsində Oman bu məsələyə isti yanaşmasa da sonradan prosesdə rol almağa başladı: “Son açıqlamalardan da görünür ki, əgər bu razılaşma doğrudan da qəbul olunacaqsa, bu, daha çox İranın maraqlarını təmin edəcək. Çünki iddiaya görə gəmilərin boğaza girişi İran ərazisindən olacaq, eyni zamanda, çıxışın da bir hissəsi yenə İran sularından keçməklə həyata keçiriləcək”.
“Digər dövlətlərin də maraqları var”
O.Qasımovun sözlərinə görə, bu, İranın Hörmüz boğazında rolunun ciddi şəkildə olduğunun göstəricisidir: “Amma nəzərə alsaq ki, Hörmüz boğazı ilə bağlı məsələ yalnız Oman və İran arasında həll olunmur, burada digər dövlətlərin də maraqları var, xüsusilə də ABŞ Prezidenti təxminən bir ay öncə Oman və İran arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqlara kifayət qədər sərt reaksiya vermişdi. Bu baxımdan İran və Oman arasında ilk növbədə bu razılaşmanın şərtləri açıqlanandan sonra daha dəqiq mövqe bildirmək olar. Amma görünən odur ki, İranın əvvəlcədən də dediyi kimi, burada böyük ölçüdə İranın nəzarəti olacaq və bir zamanlar İranın iddia etdiyi kimi keçən gəmilərdən rüsumların alınıb-alınmaması məsələsi aydınlaşmalıdır. Bunlar vacib məsələlərdir”.
“Hərtərəfli razılaşma olmalıdır”
Politoloq əlavə edib ki, ancaq bütün hallarda ABŞ-nin, o cümlədən Avropa dövlətlərinin bir çoxu bu formatda boğazın açılmasından məmnun deyillər: “O baxımdan bununla bağlı hələlik mövqe bildirmək erkəndir. Lakin görünən odur ki, ABŞ onun maraqlarına uyğun olmayan hansısa bir razılaşma olacaqsa, o zaman hər iki tərəfə ciddi şəkildə təzyiqlər etməyə çalışacaq. O ki qaldı iki tərəf arasında əldə olunan razılaşma Hörmüz boğazında gəmiçilik məhdudiyyətlərinin aradan qaldırılmasına kömək edə bilərmi? Bir daha qeyd edirəm ki, o razılaşma hərtərəfli razılaşma olmalıdır və digər dövlətlər də onun şərtləri ilə razılaşmalıdır. Belə olan halda bu, məhdudiyyətlərin aradan qalxmasına kömək edə bilər. Əks halda razılaşma böyük ölçüdə işlək vəziyyətdə olmayacaq. Yəni burada böyük güclərin də maraqları, istəkləri nəzərə alınmalıdır”.
Neft qiymətini nə gözləyir?
Milli Məclisin deputatı Vüqar Bayramov “Xalq Cəbhəsi”nə deyib ki, İranla ABŞ arasında münaqişənin tezliklə başa çatacağı ilə bağlı müxtəlif paytaxtlardan bir sıra bəyanatlar səsləndirilsə də, münaqişənin nə zaman sona çatacağını dəqiq proqnozlaşdırmaq çətindir.
Deputatın sözlərinə görə, son dövrlərdə münaqişələrin müddətini əvvəlcədən müəyyənləşdirmək kifayət qədər çətinləşib.
Eyni vəziyyətin İran ətrafında baş verən proseslərə də aid olduğunu qeyd edən Vüqar Bayramov bildirib ki, münaqişənin nə zaman başa çatacağını proqnozlaşdırmaq asan deyil: “Ümumiyyətlə, İranla Amerika Birləşmiş Ştatları arasında münaqişənin tezliklə başa çatacağı ilə bağlı artıq mütəmadi olaraq bir neçə bəyanat və məlumat müşahidə etmişik. Fərqli paytaxtlardan belə açıqlamalar gəlir. Amma nəzərə alsaq ki, son dövrlərdə, təəssüf ki, bir sıra münaqişələrin müddətini proqnozlaşdırmaq kifayət qədər çətinləşib, İran ətrafında baş verənlərin də nə zaman bitəcəyini və münaqişənin nə zaman sona çatacağını proqnozlaşdırmaq heç də asan deyil”.
Vüqar Bayramov qeyd edib ki, sülh danışıqlarından sonra yenidən Hörmüz boğazı ətrafında gərginliyin yaranması vəziyyətin mürəkkəbliyini göstərir: “Münaqişənin başa çatması və Hörmüz boğazının əvvəlki qaydada fəaliyyətini bərpa etməsi neftin qiymətinə birbaşa təsir göstərə bilər. Əgər münaqişə başa çatarsa, Hörmüz boğazı əvvəlki qaydada fəaliyyətini bərpa edərsə, o zaman, sözsüz, bu, neftin qiymətlərinə təsir göstərəcək və neftin qiymətlərində azalmalar müşahidə olunacaq. Amma bütövlükdə neftin qiyməti həm də Hörmüz boğazındakı vəziyyətdən asılı olacaq. Bölgədə gərginliyin davam etməsi və münaqişənin uzanması halında neft bazarında yeni qiymət artımları müşahidə oluna bilər. Əgər gərginlik qalarsa, konflikt uzanarsa, biz neftin qiymətində yeni artımları müşahidə edə bilərik”.
“Neft bazarında geosiyasi risklər”
İqtisadçı ekspert Asif İbrahimov söyləyib ki, ABŞ Prezidenti Donald Trampın ABŞ-İran münaqişəsinin başa çatacağı təqdirdə neftin qiymətinin kəskin ucuzlaşacağı ilə bağlı fikrinə ehtiyatla yanaşmaq lazımdır: “Trampın açıqlamasında müəyyən iqtisadi məntiq var, lakin bunu hazırkı vəziyyətdə avtomatik nəticə kimi qəbul etmək düzgün deyil. O qeyd edib ki, bazardakı əsas risk yalnız İranın neft hasilatı ilə bağlı deyil.
Hazırda bazar üçün daha böyük məsələ Yaxın Şərqdə neft təchizatının və daşınma marşrutlarının təhlükəsizliyidir. Hörmüz boğazında vəziyyət, Səudiyyə Ərəbistanının enerji infrastrukturlarına hücumlar və regiondan neft ixracının risk altında olması bazara əlavə risk mükafatı gətirir. Bu səbəbdən Brent nefti hazırda planlaşdırılan qiymətlərdən daha yüksəkdir”.
Asif İbrahimov bildirib ki, ABŞ-İran münaqişəsi həqiqətən başa çatarsa, Hörmüz boğazında gəmiçilik normallaşarsa və regiondan neft ixracı bərpa olunarsa, neftin qiymətində ciddi korreksiya mümkündür: “Hazırkı qiymətin müəyyən hissəsi real bazar balansından deyil, geosiyasi risklərdən formalaşır. Amma müharibə bitən kimi neftin avtomatik olaraq əvvəlki səviyyəyə qayıdacağını düşünmək yanlış yanaşmadır. Neft bazarı kran deyil ki, müharibəni dayandırdın, ertəsi gün qiymət əvvəlki yerinə qayıtdı. Təchizat zəncirinin bərpası, sığorta xərclərinin azalması, tankerlərin normal hərəkəti və hasilatın əvvəlki səviyyəyə qayıtması vaxt tələb edir”.
İqtisadçı qeyd edib ki, neftin qiymətinin yüksək olması Azərbaycan üçün əlavə valyuta və büdcə gəlirləri baxımından əhəmiyyət daşıyır. Lakin onun sözlərinə görə, bu vəziyyət Azərbaycanın iqtisadi modelinin neftdən asılılığını da bir daha göstərir: “Əgər neft 100-110 dollar olanda gəlirlər artır və biz bunu iqtisadi uğur kimi qəbul ediriksə, neft 60-70 dollara düşəndə nə edəcəyik? Məncə, Azərbaycan üçün bugünkü yüksək neft qiymətinin yaratdığı əlavə gəlir uzunmüddətli rahatlıq yaratmamalıdır. Əksinə, bu dövr iqtisadiyyatın şaxələndirilməsi üçün istifadə edilməlidir.
Neft qiymətinin 20-30 dollar aşağı düşməsi belə dövlət gəlirlərinə, valyuta daxilolmalarına, investisiya imkanlarına və büdcə siyasətinə təsir göstərə bilər. Bu baxımdan, neftin yüksək qiymətinin yaratdığı əlavə imkanlardan uzunmüddətli iqtisadi inkişaf üçün istifadə olunmasının vacibliyini vurğulayıb”.
Ekspert eyni zamanda neftin bahalaşmasının inflyasiya təsirlərinə də diqqət çəkib. Neftin qiyməti yüksəldikdə Azərbaycan əlavə gəlir əldə etsə də, dünya üzrə enerji və logistika xərclərinin artması idxal olunan məhsulların, nəqliyyatın və bir sıra xidmətlərin bahalaşmasına səbəb ola bilər.
Paradoks bundan ibarətdir ki, neft bahalaşanda Azərbaycan əlavə gəlir əldə edir, amma eyni zamanda dünya üzrə enerji və logistika xərcləri artır. Bu isə idxal olunan məhsulların, nəqliyyatın və bir sıra xidmətlərin bahalaşmasına səbəb ola bilər. Yəni neftin bahalaşmasından əldə etdiyimiz gəlirin bir hissəsi digər kanallarla daxili qiymətlərə təzyiq kimi geri qayıda bilər”.
İqtisadçı ekspert hesab edir ki, neftin bahalaşması Azərbaycan üçün əlavə gəlir mənbəyi yaratsa da, bu, iqtisadiyyat üçün bütün problemlərin həlli demək deyil: “Eyni zamanda, münaqişənin başa çatması ilə neftin ucuzlaşması da avtomatik olaraq Azərbaycan üçün böyük itki anlamına gəlməməlidir. Əsas məsələ neft qiymətlərinin dəyişməsinin Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq və əldə olunan gəlirlərdən uzunmüddətli inkişaf üçün düzgün istifadə etməkdir. Əsil problem bizim iqtisadi modelimizin neft qiymətindən nə qədər asılı olmasıdır. Uzun illərdir neft gəlirlərinin iqtisadiyyatda böyük rol oynadığı bir model formalaşıb. Neft bahalaşanda sistem rahatlaşır, neft ucuzlaşanda risklər artır. Əgər biz bu dövr ərzində həmin asılılığı ciddi şəkildə azaltmırıqsa, hər yeni geosiyasi böhran Azərbaycanın iqtisadiyyatı üçün eyni zamanda həm fürsət, həm də risk yaradır”.
Ekspert Trampın açıqlamasına da qayıdaraq bildirib ki, münaqişənin başa çatması həqiqətən neft qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər: “Lakin bunun hansı həcmdə və hansı sürətlə baş verəcəyini yalnız siyasi açıqlama müəyyən etmir. Burada Hörmüz boğazının açılması, regionun ixrac imkanlarının bərpası, Səudiyyə Ərəbistanının hasilatı, İran neftinin bazara qayıtması və qlobal tələbin vəziyyəti əsas rol oynayacaq.
Bu gün bazarın verdiyi siqnal da kifayət qədər aydındır: geosiyasi risk aradan qalxmayıb. Ona görə neftin qiymətinin sabah kəskin şəkildə aşağı düşəcəyini gözləmək qədər, bugünkü yüksək qiymətin uzun müddət davam edəcəyinə arxayın olmaq da təhlükəlidir. Azərbaycan üçün ən düzgün strategiya yüksək neft qiymətindən yaranan imkanlardan istifadə edib neftdən asılılığı azaltmaqdır. Çünki neft qiyməti bizim nəzarət etdiyimiz dəyişən deyil. Nəzarət edə biləcəyimiz məsələ isə iqtisadiyyatımızın neft qiymətinə nə qədər həssas olmasıdır”.
Günel Elxan