Azərbaycan mürəkkəb geosiyasi proseslərdən Zəfərlə çıxmağı bacarıb Siyasət

Azərbaycan mürəkkəb geosiyasi proseslərdən Zəfərlə çıxmağı bacarıb

Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı zamanı beynəlxalq hüququn işləməməsi, bu xüsusda ATƏT, BMT, AŞPA və bir sıra beynəlxalq təşkilatlarda ədalətsizlik, ikili standartlara əsaslanan yanaşma ilə üzləşib, 30 ilə yaxın sülh danışıqları nəticə verməyib, qeyri-qanuni işğala son qoyulmayıb.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb etsə də, həmin sənədlərin icra olunmaması BMT mexanizmlərinin zəifliyini ortaya qoydu.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri uzun illər ərzində turistik diplomatiya həyata keçirir, mütəmadi regiona nəticəsiz səfərlər təşkil edirdilər. Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edib, 700 min insan öz torpaqlarından didərgin salınıb, 250 min azərbaycanlını isə Ermənistandan zorla çıxarılıb. Bu proses nəticəsində şəhərlər və yaşayış məntəqələri ilə yanaşı, Azərbaycanın zəngin mədəni irsinə də ciddi ziyan vurulub. Prezident İlham Əliyev bu gün sanksiyaların artıq adi siyasi alətə çevrildiyini vurğulayaraq, Azərbaycan xalqının haqlı narazılığını ifadə etdi. Halbuki Minsk qrupunun üzvü olan nüvə dövlətləri Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğal etdiyi dövrdə ona qarşı bir dəfə də olsun ciddi təzyiq göstərməmiş, hər hansı sanksiya tətbiq etməmişdilər. Əksinə, uzun illər ərzində Ermənistanın işğal siyasətinə son qoyulması üçün təsirli addımlar atmaq əvəzinə, Azərbaycan xalqının bu reallıqla barışacağını gözləyirdilər.
Xarici vasitəçilərin səmərəsiz fəaliyyəti fonunda ölkəmiz müstəqil siyasət kursunu ardıcıl şəkildə gücləndirdi. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə suverenliyin tam bərpası üçün son missiya bu siyasətin məntiqi yekunu oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin icrasını öz hərbi-siyasi gücü ilə təmin etdi, işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdi.
Daha bir ədalətsiz Qərb İnstitutu - Avropa Parlamenti son 5 ildə Azərbaycana qarşı 14 əsassız qətnamə qəbul edib. Bununla yanaşı, işğal dövründə Azərbaycanın icazəsi olmadan işğal altındakı ərazilərə səfərlər edilib və bu yanaşma işğalın legitimləşdirilməsi cəhdləri kimi qiymətləndirilib. Avropa Parlamentinin Azərbaycana qarşı birtərəfli və təzyiq xarakterli mövqeyi zaman-zaman öz deputatları tərəfindən də tənqid olunub. Eyni zamanda, Aİ-nin keçmiş rəsmisi Cozef Borrelin Luis Moreno Okampo ilə Azərbaycan əleyhinə əməkdaşlığına dair üzə çıxan məlumatlar və Okamponun maliyyə dəstəyi ilə bağlı açıqlamaları Aİ-nin bəzi yüksək səviyyəli rəsmilərinin fəaliyyətinə dair ciddi suallar doğurub.
Bu yanaşmalar fonunda Azərbaycan AŞPA, Avropa Parlamenti və onun strukturlarında fəaliyyətini dayandırmaq qərarı qəbul edib.
Birinci Qarabağ müharibəsinədək bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatında olub. İşğal nəticəsində 22 muzey, 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı azad edilmiş ərazilərdə isə 400-ə yaxın abidə, o cümlədən 65 məscid dağıdılıb.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki abidələrin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə UNESCO-nun ilk missiyası 2021-ci ildə baş tutacaqdı. Lakin UNESCO-nun səfər missiyasının vəzifə öhdəlikləri sənədində işğaldan azad edilmiş ərazilərimizi Azərbaycan Respublikasının ərazisi kimi qeyd etməkdən imtina etməsi, bu ərazilərdə baş çəkəcəkləri mədəni mülk siyahısının natamam qeyd etmələri və Azərbaycan tərəfinin düzəliş edilməsi ilə bağlı tələblərinə baxmayaraq UNESCO tərəfindən düzəlişlərin edilməməsi, eləcə də, Ermənistanda qalan Azərbaycan mədəni irsinə məxsus abidələrə baxış keçirməkdən imtina etməsi missiyanın səfərinin baş tutmaması ilə nəticələndi. UNESCO 2022-ci il üzrə illik hesabatında Ermənistan tərəfinin razılığı olmadığı üçün Qarabağa səfərdən imtina etməsini etiraf etmişdir.
Bütün bunlar göstərir ki, Azərbaycan uzun illər ərzində beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartlarla üzləşsə də, öz milli iradəsi və gücü hesabına ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi. Bu gün əsas vəzifəmiz əldə olunan Zəfəri qorumaq, keçmişin acı təcrübəsini unutmamaq və gələcəkdə belə halların təkrarlanmaması üçün hər zaman ayıq-sayıq olmaqdır.
İkinci Qarabağ müharibəsi zamanı bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın ərazilərinin qanunsuz işğalına hərbi-siyasi yolla son qoyulmasına qarşı əsassız qətnamə və bəyanatlar qəbul etmiş, Qərb ölkələrinin mediasında isə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılmışdı. Belə bir mürəkkəb informasiya və siyasi mühitdə Prezident İlham Əliyev 27 xarici media resursuna müsahibə verərək Azərbaycanın haqlı mövqeyini və milli maraqlarını sonadək müdafiə etmişdi.
Bu gün regionda sülh reallığı yaranıb, ancaq bununla belə, biz Xocalı soyqırımını, şəhidlərimizi, işğal illərində dağıdılmış torpaqlarımızı və mədəni irsimizə vurulmuş zərəri heç zaman unutmayacağıq. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, keçmişin acı təcrübəsindən nəticə çıxararaq hər zaman ayıq-sayıq və ehtiyatlı olacaq, dövlətimizin təhlükəsizliyini və milli maraqlarımızı qətiyyətlə qoruyacağıq.
Bu gün isə ölkəmizin qarşısında daha geniş və çoxqütblü diplomatik imkanlar var: Türk dünyası, Qafqaz, İslam aləmi.
Azərbaycanın beynəlxalq mövqeyi yalnız onun iqtisadi və hərbi gücü ilə deyil, onun ətrafında formalaşan siyasi həmrəylik və tərəfdaşlıq şəbəkəsi ilə də müəyyən olunur.
Azərbaycan artıq Türk dünyası ilə Avropa, Mərkəzi Asiya və İslam dünyası arasında əlaqələndirici platformadır. Ölkəmiz regional gündəmin formalaşdırılmasında fəal iştirak edir. Bu, xüsusilə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, Orta Dəhliz, rəqəmsal bağlantı və regional sülh məsələlərində özünü göstərir.
Azərbaycanın Türk Dövlətləri Təşkilatında artan rolu ona qlobal və regional kontekstdə siyasi çəkisi olan tərəfdaşlıq şəbəkəsi qazandırıb. Ölkəmiz ikitərəfli formatda da TDT-yə üzv ölkələrin hər biri ilə artıq tərəfdaş deyil, müttəfiqdir.
İslam dünyası ilə əlaqələrin dərinləşməsi Azərbaycanın diplomatik manevr imkanlarını daha da genişləndirir. Məhz dost və qardaş ölkələrin dəstəyi ilə BMT-də, Frankofoniya və bir sıra beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə bəyanat və kampaniyaların qarşısı alınıb, Xocalı soyqırımı tanınıb, Azərbaycanın milli maraqları müdafiə edilib. Burada söhbət yalnız dini həmrəylikdən getmir. İslam dünyası ilə siyasi, humanitar və mədəni əlaqələr Azərbaycanın beynəlxalq koalisiyalar qurmaq imkanlarını genişləndirir.
Xüsusilə Qoşulmama Hərəkatına uğurlu sədrlik, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallıq və müxtəlif İslam ölkələri ilə münasibətlər Azərbaycana Qərb–Şərq, Şimal–Cənub və Türk–İslam məkanları arasında dialoq qurmağa qadir, etibarlı tərəfdaş mövqeyi qazandırıb. Bu isə, məhz, Prezident İlham Əliyevin apardığı uğurlu regional və çoxvektorlu xarici siyasətin nəticəsidir.
Azərbaycan dəyişən dünya nizamında, yürütdüyü unikal, balanslı, müstəqil xarici siyasət sayəsində öz maraqlarını qorumağı, mürəkkəb geosiyasi proseslərdən Zəfərlə çıxmağı bacarıb.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı