Bal yarmarkası keçiriləcək Hadisə

Bal yarmarkası keçiriləcək

Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək. Bunu Aqrar Tədqiqatlar Mərkəzində yarmarkaya son hazırlıq işləri ilə bağlı mətbuat konfransında Trend-in sualına cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib. L.Məmmədova bildirib ki, əvvəlki illərdəki problemlərin qarşısını almaq üçün bir sıra tədbirlər görülüb:
“Ötən il güclü küləklə bağlı xoşagəlməz hadisə yaşanmışdı. Bu il isə həmin problemlərin təkrarlanmaması üçün xüsusi çadırlar gətiriləcək. Eyni zamanda soyuq günlərdə həm arıçılar, həm də alıcıların rahatlığını təmin etmək məqsədilə çadırlarda istilik sistemi quraşdırılacaq”. Xatırladaq ki, ötən il güclü külək bal yarmarkası üçün quraşdırılmış çadırları uçurmuşdu.
Qeyd edək ki, bu 28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarka Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq.
Bu il ilk dəfə olaraq bal yarmarkasında müştərilər onlayn vasitə ilə məhsul və istehsalçı haqda məlumatlar öyrənə biləcəklər. L.Məmmədova deyib: “Bu ilk dəfə olaraq satışa çıxarılacaq hər bir məhsulun qabının üzərində ştrix-kod olacaq. Bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsul və istehsalçı barədə məlumatları öyrənə biləcəklər”.
Ölkəmizdə arıçılıq daim inkişaf edən sahələrdən biridir. Statistikaya nəzər salsaq görərik ki, 2 il əvvəl Azərbaycanda 270 min arı ailəsi vardı. Bu il isə onların sayı artıq 500 minə yaxındır. Bu fikirləri arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkasına həsr olunan mətbuat konfransında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Assosiasiya sədri son illərdə dövlətin sözügedən sahəyə qayğısının artması, subsidiyaların verilməsi, mütəmadi olaraq yarmarkaların təşkili nəticəsində arıçılığa marağın çoxaldığını deyib. Qeyd edib ki, dövlətin arıçılıq sahəsinə göstərdiyi qayğı nəticəsində bu il təqribən 6 min tona qədər bal istehsal olunub.
Sentyabrın 28-dən fəaliyyət göstərəcək bal yarmarkasında qiyməti bazar özü tənzimləyəcək. Bununla belə, balın qiyməti təqribən 20-25 manat civarında olacaq. Vurğulanıb ki, süni şəkildə qiymət artımına yol verilməyəcək və bu məsələyə nəzarət olunacaq. Bundan başqa, hər bir arıçı ilə öhdəliklər və vəzifələrlə bağlı xüsusi müqavilə bağlanacaq. Müqavilədə nizam-intizam qaydaları, qiymətlərlə bağlı sui-istifadə hallarının qarşısının alınması kimi bütün məqamlar qeyd ediləcək.